16 may 2019 10:49
299

Yeni qanun ictimai nəqliyyatda təhlükəsizliyi təmin edəcək

Xəbər verildiyi kimi, Milli Məclis ictimai nəqliyyatdan istifadə zamanı həm sürücülərə, həm də sərnişinlərə siqaret çəkməyin qadağan edilməsi barədə qanun qəbul edib.

Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq olunacaq. Bundan əlavə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər də cərimələnəcəklər.

Qeyd edək ki, yeni qanuna qədər ölkəmizdə avtobus, metro, təyyarə, qatar kimi ictimai nəqliyyatdan istifadə zamanı siqaret çəkmək qadağan idi. Yeni dəyişikliklə taksi də nəqliyyat vasitəsi kimi onların sırasına daxil oldu. Azərbaycanda ilk dəfədir ki, taksidə siqaret çəkmək qadağası qoyulur.

Yeni qanun  haqqında nəqliyyat eksperti Azər Allahverənov “İki sahil”ə açıqlamada bildirdi ki, sürücülər kəmər taxmadıqları, sükan arxasında telefonla danışdıqları üçün cərimə olunurlar, artıq siqaret çəkərkən də cərimə olunacaqlar. Fikrimcə, bu qanun lazım idi: “Mən belə halların tez-tez şahidi oluram. Hətta əlini avtomobilin yan pəncərəsindən çıxarıb siqareti saxlayırlar. Bu zaman da bir əllə avtomobili idarə edirlər. Bu da çox təhlükəlidir. Ona görə də bu qanun  çox vacibdir. “

“Tütün məhsullarının istifadəsi özü də sükan arxasında həyati təhlükəyə səbəb olan ən birinci amildir. Siqaretin orqanizm üçün nə qədər zərərli bir vərdiş olduğu hər kəsə məlumdur. Bunu ictimaiyyətin olduğu yerdə etmək isə heç doğru deyil. Bu, təkcə öz həyatını deyil, həm də başqalarının həyatına mənfi təsir etmək deməkdir. Sərnişinlər bu məsələ qəti mövqe tutmalıdırlar. Çünki sərnişinlər sürücü  siqaret çəkərkən buna etiraz edirlər. Amma yol polisi əməkdaşı sürücünü saxladıqda, cərimə tətbiq etdikdə isə etiraz edirlər ki,  “biz gecikirik, niyə biz gecikməliyik ki?” kimi fikirlər səsləndirirlər. Beləliklə də, sərnişinlərin fikirləri üst-üstə düşmür. Belə problemlərin olmaması üçün avtobuslarda və taksilərdə kameralar quraşdırılmalıdır. Məhz o kameralar vasitəsilə cərimələr tətbiq edilməlidir. Əks halda problemlər hələ də qalmaqda davam edəcək. Eyni zamanda, avtomobildən kimsə, istər sürücü, istərsə də sərnişinlər avtomobilin yan pəncərələrindən çölə zibil atarsa, onlar da cərimələnirlər. Vətəndaşlar qayda pozduqları üçün 30-50 manat arası cərimə olunur”, - deyə ekspert bildirdi.

“İki sahil” olaraq yeni qanun haqqında sürücü və sərnişin münasibətlərini də öyrəndik:

Bakı şəhər sakini, sərnişin Bakir Hüseynov yeni qaydanın qəbulunu labüd hesab etdiyini bildirdi: “Fikrimcə, həm avtobusda, həm də taksidə tütün məhsullarının istifadəsi sağlamlıq və etika baxımından doğru deyil. İnsanların hamısı eyni sağlamlıq imkanlarına malik deyil. Bütün bunları isə nəzərə almaq lazımdır. Cərimə yazmasınlar deyə yox, sağlamlığımızı, ən əsası da həyatımızın təhlükəsizliyini qorumaq üçün nəinki sükan arxasında, hətta adi həyatda da siqaretə, bütün zərərli vərdişlərə “yox” deməli, imtina etməliyik.”

Paytaxt sakini, sürücü Nəsimi Qurbanov isə qeyd etdi ki, bu qanun həm sürücülər, həm də sərnişinlər üçün düşünülüb: “Taksilərə nisbətən avtobusda sərnişinlər daha çox narazılıq edirdilər. Taksi sürücüləri isə adətən sərnişindən icazə alıb sonra çəkirdilər. Avtobus sürücülərinin bəziləri isə bu icazəni almadan sükanı idarə edirdilər. İndi isə bu problem hər iki nəqliyyat vasitəsi üçün konkret şəkildə həll olunacaq. Beləliklə, bu qanunla ictimai nəqliyyat vasitələrində həm asayiş, həm də təhlükəsizlik bərpa olunacaq.”

Yaqut Ağaşahqızı, “İki sahil”