12 iyul 2019 10:10
408

“Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır

Milli Məclisin deputatı İqbal Məmmədov: “Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramlar Azərbaycanda gəncliyin inkişafına böyük töhfələr verir. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmalıdırlar. Sevindirici haldır ki, bugünkü gənclikdə bu etimad görünür”.

Milli Məclisin deputatı Pərvin Kərimzadə: “Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, ümumiyyətlə ayrı-ayrı layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayırır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən YAP Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasında, eyni zamanda, gənclərin fəaliyyətindən də asılıdır”.

YAP-ın gənc fəalı Fərəh Məcidzadə: “Artıq bir neçə gündür ki, YAP-ın gəncləri “Relax” istirahət mərkəzində həm istirahət edir, həm də respublikanın müxtəlif rayonlarından olan partiyanın fəalları ilə ünsiyyət qurur, seminarlarda müxtəlif mövzularda müzakirələr aparırlar. “Yay məktəbi” gənclərin bilik və bacarıqlarının artırılması baxımından çox effektiv bir layihədir. Biz burada müxtəlif mövzularda fikir mübadiləsi aparır, təkliflər verir və suallarımıza cavab tapırıq”.

YAP-ın gənc fəalı Lamiyə Hacızadə: “Yay məktəbi”ndə YAP Səbail rayon təşkilatının fəalı kimi iştirak edirəm. Biz bu dilbər guşədə həm istirahət edir, həm də digər iştirakçılarla ünisiyyət yaradırıq. Milli Məclisin deputatları seminarlarda iştirak edir, suallarımızı cavablandırır, təkliflərimizi dinləyirlər. Biz gənclər təbii, ki onlardan çox şey öyrənir, siyasi və intellekt səviyyəmizi artırırıq”.

YAP-ın gənc fəalı Aliyə Orucova: “Yay məktəbi” gənclərin maariflənməsi və siyasi biliklərinin artırılması baxımından vacibdir. Gənclər bir sıra əhəmiyyətli mövzulara toxunaraq ciddi fikir mübadiləsi aparırlar. Bu müzakirələrdə Milli Məclisin deputatları, YAP-ın rayon təşkilatlarının ən fəal üzvləri və digər qonaqlar iştirak edirlər. Eyni zamanda, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif intellektual oyunlar və idman yarışları keçirilir. Gənclərə belə bir şərait yaratdığı üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Səlim Rəhimzadə: “Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır, dövlət idarəçiliyində irəli çəkilirlər. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb”.

YAP-ın gənc fəalı Ramiz Yusubov: “Bir neçə il öncə “Yay məktəbi” layihəsində iştirak etmişəm. Hər il gənclərin daha fəal və istəkli olduğunu müşahidə edirəm. Sevindirici haldır ki, burada olan fəallar uzun müddət bir-biri ilə əlaqə saxlayır, sosial şəbəkələrdə aktivlik nümayiş etdirir, partiya və dövlətin maraqlarına uyğun çıxışlar edirlər”.

YAP-ın gənc fəalı Leyla Quluzadə: “Bu tədbirlər çox yüksək səviyyədə təşkil olunur, gənclər hər zamankından daha fəaldırlar.  Burada olmaq gənclərdə əlavə stimul və həvəs yaradır. Onlar həm əylənir, həm də bilik və bacarıqlarını artırırlar”.

YAP-ın gənc fəalı Namiq Muradov: “Burada gənclər öz inkişaf səviyyələrini artırmaqla yanaşı, qalıcı dostluq əlaqələri yaradır, Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşir, partiyamızın uğurlu siyasətinə dəstək nümayiş etdirirlər.”

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydərli: “Burada millət vəkillərimizlə birlikdə səmimi dialoqda olub, öz siyasi biliklərimizi inkişaf etdiririk. Bununla da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daim gənclərin yanında olduğunu göstərir”.

YAP Suraxanı rayon təşkilatında məsləhətçi Ənvər Haqverdiyev: “Artıq bir neçə dəfə yay və qış məktəblərinin iştirakçısı olmuşam. Mənim siyasi sferada gənc kimi inkişafımda məktəblərin əvəzsiz rolu olmuşdur. Nitq, ünsiyyətçilik, özünü ifadə kimi şəxsi qabiliyyətlərimin artırılmasında bu layihələr böyük əhəmiyyətə malikdir. Biz həm dincəlir, həm də müxtəlif təlimlərdə iştirak edirik, eyni zamanda tanınmış siyasi xadimlərlə münasibət qurmaq, onlarla fikir mübadiləsi aparmaq fürsətimiz olur. Bu biz gənclər üçün çox böyük stimuldur”.

Taleh Bağırov, “İki sahil”