17 iyul 2019 20:58
298

“Yay məktəbi” gənclərin gözü ilə

İştirakçılar xoş təəssüratlarını “İki sahil”lə bölüşdülər

Yeni  Azərbaycan  Partiyasının ( YAP) 2007-ci ildən həyata  keçirdiyi  “Yay məktəbləri” layihəsi ənənəvi olaraq bu mövsümdə də baş tutdu.  YAP-ın təşkilatçılığı ilə  gənclər   Lerik  və Oğuz turlarının iştirakçısı olmaqla biliklərini daha da zənginləşdirmək, hər bir bölgə haqqında daha dolğun məlumatlar əldə etmək, ən əsası bir araya gələrək öz fikirlərini bölüşmək və yaxından tanış olmaq imkanı əldə etdilər.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bu gün nəinki Azərbaycanın, eyni zamanda, bölgənin aparıcı təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası daim gənclərə diqqət və qayğını, onların potensial imkanlarını ortaya qoymaları üçün zəruri şəraitin yaradılmasını, gənc liderlər, siyasətçilər kimi yetişdirilmələrini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Ənənəvi keçirilən “Yay məktəbi” layihəsi də bu məqsədlərə xidmət edən addımlar sırasındadır. Layihə çərçivəsində  nəzərdə tutulan tədbirlərdən iştirakçıların əldə etdikləri xoş təəssüratlar onların gələcək inkişafı və uğurları üçün həm faydalı olur, həm də yaddaşlarında yay xatirələri olaraq qalır. Aktual mövzular ətrafında təşkil olunan təlim və tədbirlərdə, diskussiya şəklində davam edən seminarlarda gənclər onları maraqlandıran suallara cavablar əldə edirlər.

“Yay məktəblərinin”inin iştirakçıları xoş təəssüratlarını “İki sahil”lə bölüşdülər:

Kubra Əliyarlı - YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi:

- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkəmizdə uğurla davam edir. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafına, onların ictimai-siyasi fəallığına xidmət edən çoxsaylı layihələr və tədbirlər həyata keçirilir, Dövlət proqramları icra olunur. Azərbaycanın hər uğurunda payı olan Yeni Azərbaycan Partiyası da bu istiqamətdə uğurlu layihələr həyata keçirir. Bu  layihələr sırasında “Yay məktəblərini”ni xüsusi qeyd etmək istərdim. Artıq  neçə illərdir iştirakçısı olduğum bu layihə haqqında fikirlərim  çox yüksək, xatirələrim isə unudulmaz və zəngindir. Belə ki, bu layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarından olan gənclərin iştirakı ilə öncədən təsdiqlənmiş proqrama uyğun olaraq  tədbirlər, seminarlar, təlimlər, intellektual yarışlar təşkil olunur.  Burada iştirakçı gənclər həm maariflənir, həm də onları maraqlandıran müxtəlif mövzular ətrafında müzakirələrdə iştirak edir, asudə vaxtlarını səmərəli keçirirlər.

Layihə, eyni zamanda, ona görə maraqlı olur ki, gənclər arasında sıx əlaqə və ünsiyyət yaranır. Milli Məclisin deputatlarının, ölkə ziyalılarının və siyasətçilərinin iştirakı ilə keçirilən diskussiyalarda praktik biliklər əldə edə bilirik.

Rəna Süleymanlı - YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini:

- “Yay məktəbləri” layihəsini yüksək dəyərləndirirəm. Layihə çərçivəsində keçirilən diskussiyalar zamanı müxtəlif aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq  nitqimizi inkişaf etdirir, debatlar üçün lazım olan təcrübə, həmçinin sərbəst fikir bildirmək imkanlarımızı artırır. Bir iştirakçı olaraq layihə müddətində  topladığım təcrübə karyera imkanlarımın genişlənməsi üçün də stimulverici amildir. 

Yeganə Əsgərli - YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin üzvü:

- “Yay məktəbləri” mənim, həmçinin gənc həmfikirlərim üçün böyük bir məktəb, uğurlu bir təcrübədir. Keçirilən tədbirlər yeni biliklərin əldə edilməsinə zəmin yaratdı. Altı gün bütün fəal gənclərin həyatında öz marağı və faydalı informasiya bolluğu ilə iz qoydu. Bu izin bizim gələcək həyatımıza da öz müsbət təsirini göstərəcəyini düşünürəm. “Yay məktəbi”nin bütün iştirakçılarına müvəffəqiyyətlər arzulayıram.

Gənclərimizin fikirlərindən ümumi nəticə bu oldu ki, 12 ildir ənənəvi keçirilən “Yay məktəbləri” gənclərimizin yaddaşında xoş təəssüratlarla qalıb. Ötən illərlə müqayisədə bu il layihənin iştirakçılarının sayı da artıb. Bu, ondan xəbər verir ki, layihənin icrasına start veriləndə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunur, ən əsası hər bir gənc özünün bilik bazasını daha da zənginləşdirir, yeniləşdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”