19 mart 2019 13:38
167

Yaxın gələcəkdə SOCAR Azərbaycanda və Türkiyədə istehsal olunan neft və neft-kimya məhsullarını Rumıniyada satacaq

Yaxın gələcək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” şirkəti SOCAR-ın Türkiyədəki Petkim və STAR, Azərbaycandakı Metanol və Karbamid zavodlarının neft və neft-kimya məhsullarının Rumıniya ərazisində satışının həyata keçirilməsini planlaşdırır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Məlumata görə, “SOCAR Petroleum SA” şirkəti bu məhsulları eləcə də Şərqi Avropa regionu ərazisində də satışının həyata keçirəcək.

Bununla yanaşı, şirkət Cənub Qaz Dəhlizi ilə nəql olunacaq Azərbaycan qazının Rumıniyanın daxili bazarında son istehlakçıya çatdırılması və ümumiyyətlə, bu ölkədə qazpaylayıcı şəbəkələrin qurulması planlarını da nəzərdən keçirir.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.