02 aprel 2020 13:31
781

Yaqut Qarayeva: Bir xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğu aşkarlanıb

Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hansı bölgədə yayılma faizinin daha çox olması açıqlanmır:

"Biz əsasən yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, 1 xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə də tələb edirik ki, evdə qalın, küçələrə çıxıb yoluxmayın və yoluxdurmayın".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.