Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 noyabr 2020 14:49
339

YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib FOTO

Noyabrın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

"İki sahil" yap.org.az-a istinadən xəbər verir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu əlamətdar gün münasibətilə partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və bütün partiya üzvlərini təbrik edib. Əli Əhmədov bildirib ki, YAP-ın təsis edilməsinin 28-ci ildönümü Azərbaycanın müzəffər ordusu tərəfindən 30  ilə  yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə əlaqədar xalqımızın böyük bayram əhval-ruhiyyəsi və coşğusu ilə üst-üstə düşür. Hesab edirəm ki, YAP öz tarixində ən şərəfli, ən yadda qalan ad gününü qeyd edir. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı yaşadığımız məhdudiyyətlər ucbatından YAP öz ənənəsinə uyğun olaraq bu ildönümünü təntənəli şəkildə keçirə bilməsə də, ordumuzun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad olunmasından yaranmış əhval-ruhiyyə YAP-ın yaradılmasının 28-ci ildönümünə xüsusi əhəmiyyət  verir.

YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, 28 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu: “Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də, 28 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti əslində, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında  olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab oluna bilər.”

YAP Sədrinin müavini qeyd edib ki, bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirməsinə sübut kimi qiymətləndirilə bilər: “Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib  və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq”.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, 28 illiyini qeyd etdiyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Onun sözlərinə görə, bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir: "Buna görə də, hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ön sıralarda olub, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönəlmiş siyasətini daim dəstəkləyib, öz əməli fəaliyyətləri ilə təsdiq ediblər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu Öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək".

"Bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. YAP Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olub. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də, qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın Sədri qəhrəman İlham Əliyev cənablarına borcluyuq və Ona dərin təşəkkürümüzü bildiririk", – deyə, E.İbrahimov vurğulayıb.

Çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev tədbir iştirakçılarını partiyanın yaradılmasının 28-ci ildönümü və qələbə münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkə Prezidenti, partiyamızın Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın, o cümlədən Şuşanın azad edilməsi tarximizə qızıl hərflərlə yazılacaq. Tezliklə bütün azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin başlanacağına əminliyini ifadə edən T.Əliyev gələcəkdə partiyanın tədbirlərinin Şuşa şəhərində də keçirilməsini təklif edib.

Milli Məclisin deputatı Fatma Yıldırım da çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbənin təntənəsini yaşadığımız günlərə təsadüf edir. F.Yıldırım bildirib ki, 28 illik fəaliyyəti dövründə partiyamız Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Onun sözlərinə görə, partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir.

“Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Hesab edirəm ki, bundan sonra partiyamızın gələcək yubileylərini daha yüksək əhval ruhiyyədə qeyd edəcəyik. Çünki artıq qalib xalqın, qalib dövlətin hakim partiyasının nümayəndələriyik”,-millət vəkili söyləyib.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. O, əminliyini ifadə edərək söyləyib ki, gələcək illərdə partiyamızın yaradılmasının ildönümlərini daha böyük nailiyyətlərlə qeyd edəcəyik.