09 oktyabr 2019 18:29
98

YAP Binəqədi rayon təşkilatının sədri tələbələrlə görüşüb

Oktyabrın 9-da Azərbaycan Əmək  və Sosial Münasibətlər Akademiyasında Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun YAP üzvü olan tələbələrlə görüşü keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti, qarşıda duran vəzifələr, gənclərin ictimai-siyasi fəallığının artırılması, Azərbaycan gənclərinin tutduğu mövqe və digər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Fərhad Möhbalıyev hər kəsin Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyduğunu bildirib. YAP-ın ölkəmizin ictimai-siyasi həyatda mühüm rolundan danışan F. Möhbalıyev partiya işində bundan sonra da daim fəal olacaqlarını bildirib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını diqqətə çatdırıb, partiyanın keçdiyi keçməkeşli tarixdən danışıb. Təşkilat sədri YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu, hazırda üzvlərinin sayının 760 mini keçdiyini bildirib. Natiq YAP-ın daim dövlətin və cəmiyyətin davamlı inkişafına xidmət etdiyini, partiya üzvlərinin cəmiyyətin siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. R. Göyüşov Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəalları çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və bütün sahələr üzrə gənclərin hərtərəfli inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü islahatlardan danışıblar.

Taleh Bağırov, “İki sahil”