26 fevral 2020 10:35
2984

Xocalıdan olan bir əsirin taleyi

Xocalı soyqırımından 28 il ötür. Bu günlərdə həmin soyqırımın dəhşətlərini yaşayanlardan biri ilə - 54 yaşlı Hüseynağa Aydın oğlu Quliyevlə həmsöhbət olduq. Bəri başdan qeyd edək ki, özü ilə bərabər anası, həyat yoldaşı, azyaşlı (ikiyaş yarım) Murad və Fuad adlı əkiz oğlanları və digər yaxınları ilə birgə əsirlik həyatı yaşayan həmsöhbətimizin düşmənə nifrətinin, bütün yaşadıqlarına rəğmən  döyüş əzminin olduğunun da şahidi olduq.

Xocalı soyqırımı baş verən günədək ərazi özünümüdafiə taborunun post komandiri olan Hüseynağa Quliyev nə qədər ağır olsa da, 28 il öncə yaşadığı dəhşətləri belə xatırladı:

- Bəri başdan deyim ki, ailənin tək övladı olsam da, 1988-ci ildə könüllü olaraq özünümüdafiə dəstəsinə yazıldım. Az sonra Tofiq Hüseynovun (ona ölümündən sonra Milli Qəhrəman adı verilib) rəhbərlik etdiyi könüllülərdən ibarət tabora post komandiri təyin olundum. 1992-ci il fevralın 25-də postda idim. Gün ərzində davam edən sakitlik axşama yaxın pozuldu. Belə ki, erməni terrorçuları 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə aramsız atəş altında Xocalını mühasirəyə almağa başladılar. Top zərbələrindən sanki yer məhvərindən qopurdu. Evlər od tutub yanır, camaat da imdad diləyərək hərə bir istiqamətə qaçırdı. Müqavimət göstərmək də mümkün deyildi. Belə ki, əlimizdəki 5-10 silahla onların tanklarına, BTR və PDM-lərinə qarşı nəsə edə bilməzdik. Dedilər ki, Ağdama keçmək üçün ermənilər xocalılılara guya dəhliz veriblər. Ancaq tələ olduğunu düşünüb mən bir qrup adamla, o cümlədən ailə üzvlərimlə Qarqar çayına tərəfə üz tutdum.  Heç yarım saat keçməmiş güllə səsləri eşidildi. Ermənilərə inanıb həmin dəhlizlə gedənləri güllələdilər, bəzilərini də əsir aldılar. Həmin yolla gedənlərin sayı isə təxminən min nəfərdən çox idi.

Qayadan aşağı atıldım

- Ermənilər, demək olar ki, Xocalının bütün çıxışlarında pusqu qurmuşdular. Qarqarı keçib cığırla dağa tərəf gedəndə bizi də mühasirəyə alıb, təslim olmağımızı tələb etdilər. Mən təslim olmaq istəmədim. Özüm də hərbi formada idim. Bu mənada bir hərbçi, həm də komandir kimi təslim olmağı özümə sığışdırmadım. Yanımda dayanan Məhəmməd kişi özünü qayadan atmaq istəyəndə ermənilər onu vurdular. Qayanın arxasından çıxıb ermənilərdən birini vurdum. Sonra Məhəmməd kişi düşən istiqamətdə hündür qayadan aşağı atıldım. Yerdə qarın çox olması məni ölümdən xilas etdi. Nə isə, Məhəmməd kişiyə yaxınlaşdım, gördüm ki, o artıq canını tapşırıb. Özümü birtəhər toparlayıb meşəyə tərəf qaçmağa çalışdım. Amma ermənilərin dağa atdıqları topunmu, mərmininmi dalğası məni möhkəm vurdu. Bundan sonra nələrin baş verdiyini  xatırlamadım.

Məni ölmüş biliblər

- Ayılanda özümü ermənilərin əhatəsində gördüm. Onu da deyim ki, onların hamısı Qarabağ, Ermənistan erməniləri deyildilər. Diqqətlə fikir verəndə gördüm ki, onlar Suriyadan, Livandan gəlmiş erməni muzdlularıdır. Özləri də Azərbaycan dilində sərbəst danışırdılar. Bu həm də onların bu soyqırımına çoxdan hazırlaşdıqlarından xəbər verirdi. Onlar məndən hərbçi olub-olmamağımı soruşdular. Dedim ki, yox, mən mülki vətəndaşam. Təbii ki, onlar dediklərimə inanmadılar və məni əməlli-başlı əzişdirdilər. Növbəti dəfə ayılanda gördüm ki, hansısa bir donuz fermasındayam. Birdən hiss etdim ki, əynimdə forma da yoxdur. Sən demə, ermənilər məni ölmüş bilib ocağın üstünə atıblarmış. Paltarım da o zaman elə əynimdəcə yanıbmış. Ermənilər aralanan kimi  oradakı əsirlər məni ocağın üstündən alıblarmış. Yəni elə vəziyyətdə olmuşam ki, heç yanmağımdan da xəbərim olmayıb.  Amma əl-ayağım yandığına görə çox əziyyət çəkdim. Məni ayılan görən ermənilər yenidən sorğu-suala başladılar. Üstəlik, mülki formada əsir düşmüş könüllüləri - İsmayılı, Kamili, Ramizi, Yaşarı, Xasayı, Elxanı nişan vermələrimi tələb etdilər. Təbii ki, mən onları tanımadığımı söylədim. Buna görə mənə o qədər işgəncə verdilər ki, filmlərdə gördüyüm faşistlərə rəhmət oxumalı oldum. Sonra uşaqlarımı yanıma gətirdilər. Amma üzüm-gözüm qan içində olduğundan uşaqlarım məni tanımadılar, odur ki, heç mənə sarı gəlmədilər. Nə yaxşı ki, gəlmədilər. Mən də onların mənim uşaqlarım olmadığını bildirdim. Çünki o qansız ermənilərin  məqsədi uşaqlarımın  başlarını kəsmək hədəsi ilə məni qorxutmaq idi. Yeri gəlmişkən, o zaman  erməni terrorçuları üçün əsirlikdə olanların başlarını kəsmək, gözlərini, ürəklərini çıxarmaq adi hal idi. Şəxsən mən belə halların canlı şahidiyəm.

Erməni qadınlar...

- Uzun sözün qısası. Onlar hər gün saatlarla mənə işgəncə verirdilər. Armaturla elə döyürdülər ki... Döyülməkdən gözlərim də tutulurdu. Hə, hər dəfə döyəndən sonra məni bayırdakı buzun üstünə atırdılar. Mən, əgər belə demək mümkünsə, ölümümü gözlərimin altına almışdım. Özləri isə mənım əzablarımdan ləzzət alırdılar. Bütün bu əzablara baxmayaraq, huşum özümdə idi. Heç kimi də ələ vermədim. Bu məqamda erməni qadınlardan da söz açmaq istəyirəm. Erməni qadınlar Xocalıda əsir götürülənlərin arasından əsirləri seçir, sonra da onları aparıb öz qohum-əqrəbalarının qəbirləri üstündə başlarını kəsdirirdilər. Soruşa bilərsiniz ki, bəs səni niyə seçən olmadı? Mən o qədər döyülmüşdüm ki, çənəmi, burnumu, qabırğalarımı, ayaq barmaqlarımı sındırmışdılar. Elə bu səbəbdən məni seçmirdilər. Onlar bir qədər sağlam adamlara üstünlük verirdilər. Amma bir gün erməni qadınlardan biri məni seçdi. Lakin terrorçulardan biri dedi  ki, o, hərbçidir, onunla bağlı başqa planlarımız var.

Bir gün mənə dedilər ki, bəs səni bir erməni əsirlə dəyişdirmək istəyirlər. Mən razı olmaq istəmədim. Sadəcə, ətrafımdakılara dedim ki, əgər burada ölsəm, Vətənə gedəndə məndən söz açarsınız, necə əzablarla öldürüldüyümü deyərsiniz. Hə, onu da deyim ki, cavanlardan bir mən qalmışdım, bir də Faiq adlı bir nəfər. Onu da güllələdilər.

Məni də güllələmək istəyirdilər. Hətta bir erməni əlindəki silahın lüləsini ağzıma necə soxdusa, bütün dişlərim qırıldı. Məni bu cür vəziyyətdə bayıra çıxaranda gördüm ki, Faiq hələ can verir. İcazəsiz-filansız onun çiynini divara söykədim ki, canını rahatca tapşırsın. Bu zaman yanıma gələn bir erməninin silahını əlindən alıb onlardan intiqam almaq istədim. Amma arxadan başıma endirilən armatur zərbəsi mənim bu istəyimi ürəyimdə qoydu. Buna görə məni yenidən o qədər döydülər ki...

“Balam sağdır”

-8 gün əsirlikdə oldum. O səkkiz gün mənə 80 il kimi göründü. Girovluğumun sonuncu günündə gəlib soruşublar ki, Hüseynağa kimdir, onu dəyişdirmək istəyirlər. Halbuki həmin gün mənim başımı kəsmək istəyirdilər. Yanımdakılar məni göstəriblər. Nə isə... Dəyişdiriləcəyim gün üz-gözümü silib, başıma da papaq qoydular ki, qan axmasın. Başıma armaturla o qədər vurmuşdular ki, tez-tez qan açılırdı. Məni sürüyə-sürüyə maşına mindirəndən sonra xəbərdarlıq elədilər ki, yıxılma ha, yıxılsan, geri qaytarıb öldürəcəyik. Yıxılmamaq üçün özümü güclə saxlayırdım. Qabırğam qırıldığı üçün nəfəs də ala bilmirdim, qolum və ayaq barmaqlarımı da sındırmışdılar. Uzun sözün qısası, bu ağrılara zülmlə dözdüm. Ağdamın çıxışında qəbiristanlıqda postu keçən kimi  huşumu itirdim. Məni ölmüş bilib Ağdam morquna apardılar. İki gün orada qaldım. Yaxınlarıma məlumat verdilər ki, gəlin Hüseynağanın meyitini aparın. Anam Südabə xanımla, dayım - tanınmış jurnalist Ələmdar Quluzadə mənim dalımca ora gəliblər. Dayım mələfəni qaldırıb üzümə baxaraq anama öldüyümü bildirib. Amma anam mənimlə vidalaşmaq üçün üzünü üzümə dayayanda görüb ki, nəfəsim gedib-gəlir. Bu zaman o:  “Balam sağdır” deyərək bərkdən qışqırıb. Oradan məni Bakıya gətiriblər. Uzun sözün qısası, iki ildən çox müalicə olunandan sonra vəziyyətim babatlaşdı. Onu da deyim ki, mən və ailəmin digər üzvləri Milli Qəhrəman Allahverdi Bağırovun və digər şəxslərin cidd-cəhdləri sayəsində erməni əsirliyindən xilas olmuşuq. Həyat yoldaşım 15 gün, oğlanlarım isə iki ay erməni əsirliyində olublar. Hazırda oğlanlarımın ikisi də polis orqanlarında çalışır. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Yəqin ki, Xocalı ilə bağlı kadrlara baxmısınız. Həmin kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal, nurani kişi mənim babamdır. Cavan adlı 16 yaşlı qaynımın isə taleyindən hələ də bir dəqiq məlumat yoxdur.

...Hər gün bu ağrı-acıları xatırlayan Hüseynağa Quliyev söhbətini bu sözlərlə tamamladı: “Bütün çəkdiklərimə rəğmən, hazırda düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə hazıram. İstəmirəm ki,  tökülən nahaq qanlar yerdə qalsın. Bir də istəyirəm ki, Xocalı hadisələri beynəlxalq aləmdə soyqırımı kimi tanınsın və onu törədənlər öz layiqli cəzalarını alsınlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”