Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Vəli İlyasov

Xocalı soyqırımının qatilləri cəzalarını alırlar

12 oktyabr 2020 19:07
642

O gün gəlib ki, Ermənistan otuz iki ildən bəri Azərbaycan xalqına gətirdiyi faciələrin və  torpaq işğalının bədəlini ödəyir. Əliqanlı qatillər indi döyüş meydanında Azərbaycan əsgərinin “əlinin suyunu” dadırlar. Onlar üz-üzə, mərdanə döyüşlərdə Xocalıda dinc sakinlərə divan tutan erməni quldurlarını layiq olduqları cəzalarına çatdırırlar. Bu barədə xəbərlər aldıqca hər birimizin ürəyindən tikan çıxır.

Xocalı qatillərindən biri-Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə namərdcəsinə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, təhqirlərə məruz qoyulması və barbarlıqla öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Lənətlənmiş Aleksandr Xocalı soyqırımında canfəşanlıq göstərərək amansızlığı və qəddarlığı ilə fərqlənməyə çalışıb. Uşaqlara, qadınlara, qocalara, yaralı və xəstələrə aman verməyən bu ikiayaqlı vəhşi özünü əsl erməni kimi aparıb. Təbii ki, özü xislətdə olan quldurbaşılar onun vəhsiliklərini  qiymətləndiriblər. O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları xüsusi qəddar üsullarla  qətlə yetirdiyinə görə “Döyüş xaçı” ordeni ilə təltif edilib. Erməni qulduru atəşkəs illərində həmişə köhnə “qəhrəmanlıqları” ilə fəxrlə öyünüb.

Məlumdur ki, 2016-cı ilin dördgünlük Aprel döyüşlərində də iştirak edən “Saşik” ləqəbli Aleksandr  Dağlıq Qarabağda terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun “ASALA” terror təşkilatının üzvü olduğu bildirilir. Dostunun qara xəbərini alan Araik Arutunyan onun ölməsi barədə sosial şəbəkədə paylaşım edib. Terrorçu düşmən ordusu tərəfindən Hadrut qəsəbəsinə edilən hücum zaman Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.

Xocalıya tanklarla, toplarla hücum edən batalyonun komandiri Seyran Ohanyanın da oğlu bir neçə gün əvvəl ağır yaralanaraq sıradan çıxıb. Yəqin yüzlərlə azərbaycanlı ailəsinə müsibətlər gətirən şərəfsiz general indi övlad dağının nə olduğunu başa düşəcək.  Azərbaycan artilleriyaçılarının Xocalıda yerləşən terrorçuların radiolokasiya sisteminin məhv edilməsi üçün açdıqları atəşlər oğul Ohanyanı şil-küt edib.

Ancaq qisas bununla bitmir. İnşallah Xocalıda vəhşilik edənlərin hamısı haqlı cəzalarına yetişəcəklər. Buna az qalıb.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?