14 fevral 2020 19:42
1839

Xocalı soyqırımı - milli qanunvericilikdə hüquqi tənzimləmənin aktual məsələləri

(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsi soyqırım cinayəti ilə başlamalı)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur.

Lakin indiki şəraitdə Xocalı soyqırımı  və ermənilər tərəfindən törədilmiş digər soyqırım cinayətləri kontekstində soyqırım cinayətlərinin hüquqi tənzimləmə məsələsi sahəsində milli  qanunvericiliyimizin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunlaşdırılması və elmi əsaslarla sistemləşdirilməsi aktual problemə çevrilir. Amma burada kor-koranə, bizə və bizim problemlərə yad olan hər hansı bir dövlətin qanunvericilik aktından “bəhrələnmə” yolverilməzdir. Bu zaman ölkəmizin yaşadığı tarixi faciələrin, müasir dövrdə milli təhlükəsizliyimizə təhdidlərin və geosiyasi vəziyyətimizin səciyyəvi keyfiyyət xüsusiyyətlərinin nəzərə alınması zəruridir.

Bu məsələdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) xüsusi hissəsinin ilk bölməsi olan və “Sülh və insanlıq əleyhinə cinayətlər” adlanan CM-nin 7-ci bölməsinin öyrənilməsi və tədqiq edilməsi xüsusi diqqət tələb edən ciddi məsələdir.

Hörmətli professorumuz Şəhla xanım Səmədovanın ürək ağrısı və təəssüflə qeyd etdiyi kimi, irqi ayrı-seçkilik - aparteid istisna olmaqla, CM-nin 7-ci bölməsində göstərilən bütün cinayətlər Azərbaycan ərazisində və Azərbaycan vətəndaşlarına qarşı törədilmişdir. Bu günə kimi bu cinayətləri törədən şəxslərdən heç kim mühakimə olunmamışdır.

Bu nöqteyi-nəzərdən yanaşıldıqda qeyd edilən problem hüquqi məsələ olmaqla yanaşı, siyasi-tarixi xarakter alır, milli məsələyə, milli təhlükəsizlik məsələsinə çevrilir.

Soyqırım və digər beynəlxalq cinayətlər  - millətlərin, xalqların, eləcə də milli, etnik, irqi, yaxud dini qrupların və bütünlükdə insanlığın təhlükəsizliyinə, beynəlxalq sülhə qəsd edən, beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozan ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməllərdir.

Hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən edilən, beynəlxalq hüquqi aktlarla tənzimlənən və beynəlxalq hüquqa zidd olan bu əməllər müəyyən bir dövlətin və ya dövlətlərin, millətlərin, xalqların, yaxud müəyyən qrupların hüquqlarını və qanuni mənafelərini, eləcə də beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını və azadlıqlarını kobud və kütləvi surətdə pozması ilə xarakterizə olunur.

Qeyd etmək lazımdır ki, cinayət qanununun digər normalarından fərqli olaraq, bu əməllər həm beynəlxalq hüquqda, həm də milli cinayət qanunvericiliyində cinayət hesab olunur.

Bu sahədə olan beynəlxalq hüquqi aktlar milli cinayət qanunvericiliyinin inkişafında, beynəlxalq təcrübəyə uyğunlaşdırılmasında (unifikasıyasında) və təkmilləşdirilməsində mühüm rol oynamaqla yanaşı, soyqırım və digər beynəlxalq cinayətlərin hüquqi tənzimlənməsi sahəsində cinayət hüququnun mənbələri kimi də əhəmiyyət kəsb edirlər. Adətən, qeyd olunan sahədəki beynəlxalq hüquqi aktların təsnifatı aparılarkən onlar şərti olaraq 4 qrupa bölünürlər.

Birinci qrupa, bilavasitə soyqırım və digər beynəlxalq cinayətlərə həsr olunmuş və bu bölməyə aid cinayətlərin kokret tərkiblərini müəyyən edən beynəlxalq hüquqi aktlar daxildir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il  tarixdə qəbul olunmuş və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya (Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli Qanunla həmin Konvensiyaya qoşulmuşdur), Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Konvensiyası, Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası, Girov götürülməsi ilə mübarizə haqqında 1979-cu il Beynəlxalq Konvensiyası, Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası və s.

İkinci qrupa tərkibində soyqırım və digər beynəlxalq cinayətlərə aid olan müddəalar olan beynəlxalq müqavilələr və digər beynəlxalq hüquqi aktlar  (məsələn, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası, Ümumdünya Poçt Konvensiyası, Dəniz hüququ haqqında 1958-ci il Konvensiyası, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası və s.

Bu cinayətlərin hüquqi tənzimlənməsi sahəsində mühüm rol oynayan beynəlxalq hüquqi aktların üçüncü qrupuna beynəlxalq tribunalların və beynəlxalq təşkilatların nizamnamələri (Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələri, Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsi və Beynəlxalq cinayət polisi təşkilatının (İnterpolun) Nizamnaməsi) daxildir.

Nəhayət, bu cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq və ya hüquqi yardım haqqında ikitərəfli müqavilələr də qeyd olunan ictimai münasibətlərin hüquqi tənzimlənməsində mühüm rol oynayır.

Soyqırım və digər beynəlxalq cinayətlərə qarşı beynəlxalq cinayət hüquqi mübarizənin tarixi, hüquq ədəbiyyatında mövcud fikirlərə hörmətlə yanaşmaqla və mübahisələrə münasibət bildirmədən demək olar ki, alman və yapon militaristlərini cəzalandırmaq üçün təsis olunmuş Nürnberq və Tokio tribunallarından başlayır. Belə ki, Nürnberq və Tokio tribunalları bu sahədə beynəlxalq cinayət hüququnun inkişafında əhəmiyyətli rol oynamaqla beynəlxalq fərdi cinayət məsuliyyətinin əsasını qoymuşdurlar.

Hüquq tarixində ilk dəfə olaraq soyqırım və digər beynəlxalq cinayətlər törətmiş fiziki şəxslər beynəlxalq məhkəmə orqanı tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular.

Diqqət tələb edən məsələdir ki, 30 dekabr 1999-cu il tarixdə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ümumi hissəsində sadalanan cinayət-hüquqi mühafizə obyektləri sırasına, ölkəmizin hüquq tarixində ilk dəfə olaraq, sülh və insanlığın təhlükəsizliyi daxil edilmişdir. Belə ki, 1999-cu il CM-nin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, 1999-cu il CM qəbul olunarkən ilkin redaksiyada 7-ci bölmənin, eləcə də həmin bölməyə daxil olan 16-cı fəslin adı eyni cür ifadə olunurdu - “Sülh və bəşəriyyət əleyhinə cinayətlər”. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanunu ilə həmin bölmənin və fəslin adlarında “bəşəriyyət” sözü “insanlıq” sözü ilə əvəz edilmişdir.

Lakin qeyd etmək lazımdır ki, qanunvericilik texnikası qaydaları pozularaq, yuxarıda qeyd olunan həmin Qanunla CM-nin xüsusi hissəsində aparılmış dəyişikliyə uyğun olaraq, həmin Məcəllənin ümumi hissəsinin 2.1-ci maddəsində müvafiq dəyişiklik aparılmamış, yəni “bəşəriyyət” sözü “insanlıq” sözü ilə əvəz edilməmişdir.

Təsadüfi deyildir ki, müxtəlif dövlətlərin cinayət məcəllələrinin xüsusi hissəsinin sistemində “Soyqırım və digər beynəlxalq cinayətlər” bir-birindən fərqli qaydada yerləşdirilmişdir. Məsələn, Rusiya Federasiyasının hazırda qüvvədə olan 1996-cı il CM-nin sonuncu bölməsinin (12-ci bölmə) sonuncu fəslində (34-cü fəsil) yerləşən “Sülh və insanlıq əleyhinə cinayətlər” cəmi 10 maddədən (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma; Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar; Millətçiliyin reabilitasiyası; Kütləvi qırğın silahlarını hazırlama, istehsal etmə, əldə etmə və ya satma; Müharibə qanunlarını və adətlərini pozma; soyqırım; ekosit; muzdluluq; Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə; beynəlxalq terror aktı) ibarətdir (353-361-ci maddələr).

Göründüyü kimi, Rusiya Federasiyası CM-nin “Sülh və insanlıq əleyhinə cinayətlər” fəsli Azərbaycan Respublikası CM-nin eyni adlı fəslində olduğu kimi “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” cinayət tərkibi ilə başlayır, soyqırım (genosid) cinayəti isə həmin fəsildə sıra nömrəsi ilə 6-cı yerdə (RF CM-nin 357-ci maddəsi) yerləşir. Bizim CM-də isə soyqırım cinayəti “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslində sıra nömrəsi ilə 4-cü yerdədir (Azərbaycan Respublikası CM-nin 103-cü maddə).

Belorus Respublikasının 1999-cu il CM-də isə  Azərbaycan Respublikası 1999-cu il CM-də olduğu kimi “Sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri” CM-nin xüsusi hissəsinin ilk bölməsində (6-cı bölmə) yerləşdirilmişdir və iki fəsildən (17-ci fəsil - sülh və insanlıq əleyhinə cinayətlər, 18-ci fəsil müharibə cinayətləri, müharibə qanunlarını və adətlərini pozan digər cinayətlər), 16 maddədən (122-138-ci maddələr)  ibarətdir.

Eyni qaydada, Belorus Respublikası CM-nin “Sülh və insanlıq əleyhinə cinayətlər” fəsli “Təcavüzkar müharibəni başlama və ya aparma” cinayət tərkibi (122-ci maddə) ilə başlayır, soyqırım (genosid) cinayəti isə həmin fəsildə sıra nömrəsi ilə 6-cı yerdə (127-ci maddə) yerləşir.

Soyqırım (genosid) cinayətinin “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslində yeri MDB ölkələrinin Cinayət Məcəllələrində demək olar ki, yuxarıda göstərilən eyni qaydada həll edilmişdir.

Çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 1999-cu il CM işlənib hazırlanarkən soyqırım (genosid) cinayətinin cinayət qanununun sistemində yeri və digər zəruri keyfiyyət xüsusiyyətləri ilə əlaqədar MDB ölkələrinin Cinayət Məcəllələrinin müddəaları, yumşad desək, eynilə təkrar olunmuş, ölkəmizin yaşadığı tarixi faciələr, o cümlədən, dünyanın böyük bir hissəsində “Xocalı soyqırımı”, “Xocalı faciəsi” və ya “Xocalı qətliamı” kimi anılan XX əsrin ən dəhşətli genosid cinayətlərindən biri - əsrin faciəsi olan Xocalı soyqırımı və ermənilərin 2 əsrdən artıq bir müddətdə xalqımıza qarşı törətdiyi onlarla soyqırım cinayətləri, xüsusilə ermənilərin tərətdikləri həmin cinayətlərə görə bu günə kimi cəzasız qalmaları, nə yazıq ki, nəzərə alınmamışdır.

Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsi qəbul edilərkən ona soyqırım (genosid) cinayəti ilə əlaqədar iki maddə daxil edilmişdir: Soyqırım (CM-nin 103-cü maddəsi) və Soyqırımın törədilməsinə təhrik etmə (CM-nin 104-cü maddəsi). İlkin redaksiyada CM-nin 103-cü maddəsinin Qeyd hissəsində isə göstərilirdi: “Bu fəslin 103-113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir”.

Sonradan “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanunu ilə 103-cü maddənin qeydi 105-ci maddəyə keçirilmiş, həmin qeyddə “103” rəqəmi “105” rəqəmi ilə əvəz edilmişdir.

Müasir dövrdə Azərbaycan xalqı və Azərbaycan dövləti üçün soyqırım (genosid) cinayətinin (CM-nin 103-cü maddəsi) təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma cinayətinə (100-cü maddə) nisbətən daha ağır (əgər 100.1-ci maddənin sanksiyası “səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə” nəzərdə tutursa, 103-cü maddənin sanksiyası “on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə” nəzərdə tutur), daha təhlükəli və strateji əhəmiyyətli taleyüklü siyasi-hüquqi və tarixi məsələ olmasını nəzərə alinaraq, Cinayət Məcəlləsində müvariq dəyişiklik aparılması (CM-nin xüsusi hissəsinin soyqırım (genosid) cinayəti ilə başlaması barədə) zəruridir.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

Onu da qeyd etmək lazımdır ki, “soyqırım” anlayışının cinayət qanunvericiliyimizə gətirilməsini müsbət hadisə kimi qiymətləndirilməlidir. Bu anlayışla əlaqədar hər hansı mübahisəyə yol vermədən qeyd olunmalıdır ki, Beynəlxalq hüquqda və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda, eləcə də, əksər dövlətlərin cinayət qanunvericiliyində işlədilən “genosid” anlayışını sadəcə tərcümə etməklə kifayətlənmək olmaz, bu anlayışın Xocalı soyqırımının və ermənilərin 2 əsrdən artıq bir müddətdə xalqımıza qarşı törətdiyi digər soyqırım cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıtmaq və bu soyqırımları törədən cinayətkarları beynəlxalq məhkəmələrdə mühakimə etmək sahəsində, eləcə də milli qanunvericiliyin beynəlxalq cinayət hüquq normalarına unifikasiyası sahəsində əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.

Odur ki, CM-nin 103 və 104-cü maddələrində, eləcə də “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya Qanununda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında işlədilən “soyqırım” sözündən sonra mütləq mötərizədə “genosid” sözü göstərilməlidir.

Qeyd olunduğu kimi, Azərbaycan Respublikası CM-də soyqırım (genosid) cinayətləri ilə əlaqədar yalnız iki maddə vardır: Soyqırım (CM-nin 103-cü maddəsi) və Soyqırımın törədilməsinə təhrik etmə (CM-nin 104-cü maddəsi). Fikrimizcə, cinayət qanunumuzda soyqırım (genosid) cinayəti ilə əlaqədar maddələrin sayı artırılmalı, onlar müstəqil fəsildə birləşdirilərək, CM-nin xüsusi hissəsinin sisteminin ilk fəslini təşkil etməlidir. Belə ki, bu sahədə beynəlxalq hüquqi aktlardan və bəzi dövlətlərin müsbət təcrübəsindən istifadə edilməlidir.

Məsələn, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 3-cü maddəsində göstərilir ki, aşağıdakı əməllər cəzalandırılandır: a) soyqırım; b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; c) soyqırım törətməyə birbaşa və açıq təhrik; d) soyqırım törətməyə yönəlmiş qəsd; e) soyqırımda iştirak.

Eləcə də, soyqırımın (genosidin) cinayət-hüquqi tənzimlənməsi ilə əlaqədar Konvensiyanın digər maddələrində də bir sıra başqa normalar müəyyən edilmişdir.

Göründüyü kimi, Konvensiyanın 3-cü maddəsində sadalanan cəzalanmalı olan 5 əməldən yalnız 2-si (soyqırım; soyqırım törətməyə birbaşa və açıq təhrik) Azərbaycan Respublikası CM-də öz əksini tapmışdır, qalan 3 əməl (soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırım törətməyə yönəlmiş qəsd; soyqırımda iştirak) isə cinayət qanunumuzla bilavasitə tənzimlənilmir.

Şübhəsiz ki, qeyri-peşəkar hüquqşünaslar tərəfindən belə bir arqument irəli sürülə bilər ki, sözügedən 3 əməl Azərbaycan Respublikası CM-nin ümumi hissəsinin cinayətə hazırlıq (CM-nin 28-ci maddəsi), cinayət etməyə cəhd (CM-nin 29-cu maddəsi) və cinayətdə iştirakçılıq (CM-nin 31-34-cü maddələr) haqqında müddəaları nəzərdə tutan müvafiq maddələrlə əhatə edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, soyqırımın (genosidin) cinayət-hüquqi tənzimlənməsi ilə əlaqədar “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda tribunallarının, Beynəlxalq cinayət məhkəməsinin Nizamnamələrinin, eləcə də digər beynəlxalq hüquqi aktların müəyyən etdiyi bütün səciyyəvi cəhətlər və soyqırım (genosid) cinayətinə görə məsuliyyətin spesifikliyi cinayət qanununda xüsusi diqqətlə nəzərə alınmalıdır.

Bunlardan əlavə, CM-nin 7-ci bölməsinin adı (hazirkı adı “Sülh və insanlıq əleyhinə cinayətlər”) həmin bölmənin məzmununa (bu bölməyə təkcə sülh və insanlıq əleyhinə cinayətlər deyil, eyni zamanda soyqırım (genosid) və müharibə cinayətləri də daxildir) uyğunlaşdırılaraq dəyişdirilməli və “Soyqırım (genosid) və digər beynəlxalq cinayətlər” kimi göstərilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində və “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda aşağıda göstərilən əlavə və dəyişikliklərin aparılması təklif olunur:

Azərbaycan Respublikası Cinayət Məcəlləsində: 2.1-ci maddədə “bəşəriyyət” sözü “insanlıq” sözü ilə əvəz edilsin. VII bölmənin adında “Sülh və insanlıq əleyhinə cinayətlər” sözləri “Soyqırım (genosid) və digər beynəlxalq cinayətlər” sözləri ilə əvəz edilsin. 16-cı fəslin adında “Sülh və insanlıq əleyhinə cinayətlər” sözləri “Soyqırım (genosid) cinayətləri” sözləri ilə əvəz edilsin. CM-nin 100-102 və 111-ci maddələri çıxarılsın.

“Soyqırım (genosid) cinayətləri” fəslinə aşağıdakı maddələr daxil edilsin: Maddə 103.Soyqırım; Maddə 103-1.Soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; Maddə 104.Soyqırımın törədilməsinə təhrik etmə; Maddə 104-1.Soyqırım törətməyə yönəlmiş qəsd; Maddə 104-2.Soyqırımda iştirak.

CM-nə “Sülh və insanlıq əleyhinə cinayətlər” adlandırılan 16-1-ci fəsil əlavə edilsin. Həmin fəsilə aşağıdakı maddələr daxil edilsin: Maddə 104-3. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma; Maddə 104-4. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar;  Maddə 104-5. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə; Maddə 105. Əhalini məhv etmə; Maddə 106. Köləlik; Maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə; Maddə 108. Cinsi zorakılıq; Maddə 108-1. Məcburi hamiləlik; Maddə 109. Təqib; Maddə 110. İnsanları zorakılıqla yoxa çıxarma; Maddə 112. Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə; Maddə 113. İşgəncə.

“Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda “sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə” sözləri “soyqırım (genosid) cinayətlərinə, sülh, insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə” sözləri ilə əvəz edilsin.

Seyfulla Aslanov,

hüquq elmləri üzrə fəlsəfə doktoru