13 avqust 2020 17:16
3325

“Xəzər günü”nə həsr olunmuş tədbir

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O, “Çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar əksini tapmışdır.

Konvensiya beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmişdir. Bundan sonra hər ilin 12 avqust tarixi Xəzəryanı dövlətlərdə “Xəzər Günü” kimi qeyd edilməyə başlamışdır.

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri gözlənilməklə, 12 avqust 2020-ci il tarixində “Xəzər Günü” münasibətilə SOCAR-ın müəssisə və təşkilatlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə vebinar keçirilmişdir.

Vebinarda SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşları tərəfindən “Xəzər dəizində ekoloji monitorinqi” və “Xəzər dənizin biomüxtəlifliyi” haqqında məlumat verilmiş, vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırılmışdır.

Anar Hüseynov,
SOCAR-ın Ekologiya İdarəsinin şöbə rəisi