20 noyabr 2019 19:49
152

Xəyallar gerçəkliyə çevrilir

TANAP Azərbaycanı Avropanın yeddi ölkəsi ilə birləşdirəcək. Sonrakı illərdə “qoca qitə”nin daha bir neçə ölkəsi də bu layihəyə qoşulacaq

Ölkəmizlə Avropanı daha cıx tellərlə bağlayan iqtisadi layihələrdən biri də artıq reallaşmaqdadır. Bu layihə, xüsusilə qışda Avropa xalqları üçün həyati əhəmiyyət kəsb etdiyinə görə qitə dövlətləri bunun gerçəkləşməsində çox maraqlıdırlar. Ona görə də layihənin işə salınması böyük bayram tədbiri kimi qeyd ediləcəkdir.”Azərbaycan Prezidenti İlham Əliyev Trans-Anadolu Qaz Kəmərinin (TANAP) tikintisinin başa çatması ilə əlaqədar təşkil olunacaq təntənəli rəsmi mərasimdə iştirak edəcək.” Mətbuata açıqlamasında  bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz deyib: “TANAP bizim ən əhəmiyyətli layihələrimizdən biridir. Biz noyabrın 30-da bu layihənin başa çatması ilə əlaqədar təntənəli rəsmi mərasim keçirməyə hazırlaşırıq. Mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib  Ərdoğan və İlham Əliyevin iştirakı planlaşdırılıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qazın nəqli isə planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəql olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Bunun üçün lazımi işlər aparılır və zəmin yaradılır.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP Ərdahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca iyirmi şəhərdən, altmış yeddi qəsəbə və altı yüz  kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər  hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi Cənub Qaz Dəhlizi QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji  AŞ”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Beləliklə, dünyanın ən nəhəng qaz layihəsi olan TANAP Azərbaycanı Avropanın yeddi ölkəsi ilə birləşdirəcək. Sonrakı illərdə “qoca qitə”nin daha bir neçə ölkəsi də bu layihəyə qoşulacaq. Bununla da onlar bəzi dairələrin iqtisadi təzyiqlərindən yaxa qurtarmış olacaqlar.

Qarşıdan sərt qış gəlsə də, Avropa ölkələrində əvvəlki illərin təşvişi hiss olunmur, çünki əvvəllər soyuqdan əziyyət çəkən hər bir avropalı ailə indi mənzilini Azərbaycanın təbii qazı ilə qızdıracaqdır.

Vəli İlyasov, “İki sahil”