21 noyabr 2019 21:07
159

Xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərən partiya

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü  münasibətilə Göygöl rayonunda tədbir keçirilib.

YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında müstəsna xidmətləri olmuş, yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyası  yüz minlərin partiyasıdır. Qeyd edib ki, zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi.

YAP Göygöl rayon təşkilatının Gənclər və İdman idarəsi ərazi  ilk partiya təşkilatının sədri  Zaur Abbasov,  Göygöl Texniki Təbiət fənnləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova  YAP-ın yaranmasını, tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib. Müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıblar.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının partiya quruculuğu işində və rayonun ictimai həyatında fəal  iştirak edənlər, YAP-ın 27-ci ildönümü  ilə əlaqədar rayon təşkilatı tərəfindən keçirilən İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş məktəblilərarası şeir müsabiqəsinin və  idman yarışının qalibləri  Fəxri fərman, Diplom və xatirə hədiyyələrilə təltif ediliblər.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri və hədiyyələr təqdim edilib.

Sonda  Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Göygöl rayon təşkilatının  şura üzvü  Arif  Seyidov çıxış edərək YAP  üzvlərini  Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü münasibətilə  təbrik edib.

Zahid Rza, “İki sahil”