12 iyul 2019 18:55
212

Xalqımızın dünyaya bəxş etdiyi nadir şəxsiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkə­nin tarixindən danışmaq lazımdır.

F.Vəliyev qeyd edib ki, Ümummilli Liderimizin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən ­keçirsək, böyük ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu, Azərbaycandır. Ulu öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışmış, mübarizə aparmış və qalib gəlmişdir. Böyük ömrün Azərbaycan naminə fəaliyyətinin birinci mərhələsi ötən əsrin 40-cı illərindən 1969-cu ilə qədərki dövrü əhatə edir. Bu dövrdə ümummilli lider Heydər Əliyev xalq üçün xidməti hər şeydən uca tutan, dövlət təhlükəsizliyi maraqlarını milli maraqlara tabe etdirməyi bacaran istedadlı hərbi xadim kimi parlamışdır. Təhlükəsizlik xidməti leytenantından həmin xidmətin general-mayoru ali hərbi rütbəsinədək böyük bir yol keçən xalqımızın böyük oğlu 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə həmin Komitənin sədri təyin olunmuşdur.

1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə ölkə tarixinin yeni səhifəsi yazıldı. Bu dövrün mahiyyətini başa düşmək üçün ondan əvvəlki Azərbaycanın ictimai-siyasi və iqtisadi vəziyyətinə nəzər salmaq lazımdır.

YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlıniski çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkəmizin çox ciddi problemlərlə üz-üzə qaldığını xatırladıb.

Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb.

Vəli İlyasov, “İki sahil”