24 sentyabr 2019 15:45
315

Xalqı çaşdıran müxalif iqtisadçı

Bir neçə gün qabaq Azərbaycanın böyük dövlətlərin aparıcı neft şirkətləri imzaladığı “Əsrin Müqaviləsi”nin 25 ili tamam oldu. Bu münasibətlə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun yazdığı geniş və dərin təhlilə əsaslanan, eyni zamanda hesabat xarakterli məqalə böyük marağa səbəb oldu. Məqalədə “Əsrin müqaviləsi"nə gedən yolun müxtəlif çətinliklərdən və maneələrdən keçməsi, „Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşması“ qeyd olunmaqla yanaşı, o dövrdə ölkəmizin çətin durumda olması, regiondakı qarşıdurmalar, Xəzər dənizinin statusu ilə bağlı problemlərdən, onların həllinə düzgün yanaşılmasından, müqavilələrin milli maraqlarımıza cavab verən sərfəli şərtlərlə imzalanmasından, „beynəlxalq geosiyasi və geoiqtisadi əhəmiyyətindən, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırmasından, “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etməsindən, bunun sayəsində də ölkəmizin qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsindən“ və digər önəmli məsələlərdən bəhs olunurdu.

Prezidentin köməkçisi daha sonra konkret rəqəmlərə keçərək, yataqlara nə qədər investisiya qoyulduğu, nə qədər neft və qaz hasil olunduğu, həyata keçirilən satışlardan neft fonduna nə qədər vəsait daxil olduğu, bu vəsaitin nə qədərinin dövlət büdcəsinə transfer edildiyi, nə qədərinin strateji, infrastruktur və sosial layihələrə yönəldildiyi, hazırda ARDNF-in aktivlərinin nə qədər olduğu haqqında konkret rəqəmlərlə ifadə olunan məlumatlar verir.

Bundan sonra hörmətli Əli Həsənov  „2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resurslarının sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilməsi, bunun nəticəsində, son 25 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalının 216 dəfə, adam başına düşən məhsulun 162 dəfə artması,  son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM-in 2,8 dəfə, sənaye məhsulu istehsalının 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesinin 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalının 2 dəfəyə yaxın çoxalması, bu dövrdə dövlət büdcəsinin gəlirlərinin 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatlarının isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötməsi, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılması, bunun da təxminən yarısının xarici sərmayə olması, ümumi investisiya qoyuluşunun 60 faizdən çoxunun qeyri-neft sektorunun inkişafına yönəldilməsi“ barədə məlumat verir.

Məqalədəki bəzi digər önəmli rəqəm və faktlar aşağıdakılardır:

„İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir.“

„Ümumilikdə, bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmiş, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.“

„Bu illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılmış, bu məqsədlə 7 hava limanı inşa olunmuş, 14 min kilometrdən çox müasir yollar çəkilmiş, ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir.“

„Ümumilikdə son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılmışdır. 2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir. Ölkə üzrə bütün sosial infrastruktur yenilənmiş və müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.“

„Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlindən başlayaraq təsdiq etdiyi sosial paketlər əsl inqilabi xarakter daşımışdır. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan bu paketlərin ümumi dəyəri 2019-2020-ci illər üçün 5,3 milyard manat əlavə vəsait cəlb etməklə 4,2 milyon insanı əhatə edəcəkdir. Nəticədə Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı üzrə isə ikinci olmuşdur.“

Məqalə bötüvlükdə bu tipli əsaslandırılmış rəqəm və faktlarla zəngindir və arzu edənlər nüfuzlu dövlət təmsilçisinin bu hesabatı ilə mətbuatdan geniş şəkildə məlumatlana və faydalana bilərlər.

Əminəm ki, ağıllı, hərtərəfli və obyektiv düşünən insanlar bu məqaləni oxuyaraq, enerji satışından əldə olunan vəsaitlərin Azərbaycan xalqının ehtiyaclarına, ölkəmizin, dövlətimizin inkişafına sərf olunduğuna əmin ola bilərlər.

Amma təəssüflər olsun ki, bəzi müxalif qurumlar və şəxslər göstərilən fakt və rəqəmləri gözardı edərək, öz siyasi ambisiyalarına xidmət edən əsassız bəyanatlar verir, xalqın savadsız qismini vicdansızcasına aldadaraq siyasi dividend qazanmaq niyyəti güdürlər. Onlar ölkədəki müəyyən korrupsiya  əməllərini əllərində dəstəvuz edərək, bütövlükdə dövlətin apardığı iqtisadi siyasəti qaralamağa cəhd edir, xalqın karbohidrogen yataqlarının istismarı və satışından heç bir xeyir götürməməsi haqda yalan bəyanatlar səsləndirir, hansısa xarici ölkələri örnək göstərir, əhalini oradakı vətəndaşların işləmədən yaxşı yaşadığına inandırmağa çalışır, onlarda romantik illüziyalar, „cənnətməkan“ təsəvvürləri formalaşdırır, vətəndaşlarda tənbəllik, ələbaxımlıq, hər şeyi dövlətdən umma kimi zərərli vərdişlər aşılamağa çalışır, bununla da ölkənin inkişafına ciddi şəkildə mane olurlar. Hərdən bu adamlardan soruşmaq istəyirsən ki, niyə yalan danışırsınız, sabah hakimiyyətə gəlsəniz, söylədiklərinizi edə bilməyəcək və rüsvay olacaqsınız axı? Ancaq dərhal da düşünürsən ki, bu adamlar hakimiyyətə gəlmək haqqında düşünmür, onu xəyal belə etmirlər, yoxsa bu qədər ağ yalanlar uydurmazdılar. Ya da hakimiyyətdə olmağa qısa zamanda beş-on manat çırpışdırıb, aradan çıxmaq vasitəsi kimi baxırlar.

Belə adamlardan biri də iqtisadçı Qubad İbadoğludur. Əli Həsənovun məqaləsini oxuduqdan sonra Qubad İbadoğlunun eyni mövzuda etdiyi çıxışı da dinlədim. Öncədən bildirim ki, iqtisadçı deyiləm, amma fəal bir vətəndaş kimi, ölkədə, ətrafımda baş verən ictimai-siyasi proseslərlə yanaşı, iqtisadi prosesləri də diqqətlə izləyir və qiymətləndirə bilirəm.

Hər şeyin əla olduğunu iddia etmək düzgün olmadığı kimi, hər şeyin pis, qara rəngdə olduğunu söyləmək də qətiyyən doğru deyil. Ölkədə görülən işlər göz qabağındadır. Nə qədər yollar çəkildiyini, parklar salındığını, məktəblər, bağçalar, universitetlər xəstəxanalar, olimpiya kompleksləri, müasir binalar, ticatət mərkəzləri, metro stansiyaları tikildiyini, Azərbaycanın bütövlükdə abadlaşdığını, şəhərlərimizin və kəndlərimizin simasının dəyişdiyini hamı görür. Amma Qubad İbadoğlu nədənsə görmür. O, çıxışına bilirsiniz necə başlayır? Deyir ki, Azərbaycana neft və qaz ixracından 148 milyard dollar vəsait daxil olub və əgər biz bu vəsaiti Azərbaycan xalqı arasında bərabər bölsək, adam başına təxminən 15 min dollar vəsait düşər, bu da bizim pulla 25 min manat edir. Qubad bəyin sədri olduğu „Demokratiya və Rifah“ hərəkatı üzvləri, yaxud onun bu çaşdırıcı bəyanatına inanan avam adamlar da başlayırlar dərhal höküməti yamanlamağa, söyməyə, qarğış etməyə ki, tez olun bizim on beş minimizi verin. Yaxud yediyiniz pullar gözünüzdən gəlsin-filan.

Belə çıxır ki, hökümət neft-qaz ixracından daxil olan vəsaiti dərhal camaata paylamalıydı və camaat da həmin pulları istədiyi kimi xərcləməliydi. Gəlin bir anlıq fərz edək ki, hökümət elə belə də edib. Əgər belə etmiş olsaydı, sizcə, indi ölkəmizdə hansı mənzərə müşahidə olunardı? Bu qədər gözəl yollar, parklar, binalar, avtobuslar, qatarlar və s. saysız-hesabsız şeylər olardımı? Tutaq ki, o 25 min manatı veriblər mənə. Neyləyəcəkdim? Heç nə, ikicə ilə xərcləyib oturacaqdım. Amma yaxşı fikirləşsək görərik ki, dövlətimiz bu illər ərzində hər bir vətəndaşına elə o qədər, hələ ondan da çox vəsait verib.

Gəlin hesablayaq. 25 manatı bölək 15 ilə (neft pulları əsasən son 15 ildə daxil olmağa başlayıb). İlə cəmi 1666 manat düşür. Amma mənim anam ildə dövlətdən azı 2500 manat pensiya alır. Dövlət ona son 15 ildə təxminən 40000 manat pul verib. Hələ o az alanlardandır. Ölkədə nə qədər yüksək pensiya, müavinət alan insanlar var. Özümü götürürəm. Daimi iş yerim olmasa belə, hər il tərcümə işlərindən orta hesabla 7-8 min manat qazanıram, bu mənim üçün azdır, əlbəttə, amma statistikaya vursaq, 15 ilə 120 min manat edir. Bu pul olmasaydı, mən və ailəm acından ölərdik. Doğrudur, mən bu pulu alın tərimlə qazanıram, neft fondundan almıram. Amma bir şeyi də etiraf edək ki, ölkəyə pul kütləsi daxil olmasaydı, daxili bazara girməsəydi, müəyyən layihələrə sərf olunmasaydı, maaş verilməsəydi, kitab da çıxmayacaqdı, tərcümə işi də olmayacaqdı və biz də ac qalacaqdıq. Amma Qubad İbadoğlu hər bir vətəndaşa 25 min manat düşməsindən danışır. 

İqtisadçı olmadığım üçün, statistik məlumatlara istinad edərkən səhvə yol verə biləcəyimdən ehtiyatlandığım üçün bir vətəndaş kimi, yalnız öz təxmini hesablamalarımdan, çıxardığım məntiqi nəticələrdən istifadə etməyə məcburam. Əminəm ki, son 15 ildə iqtisadiyyata, sənayeyə, sosial layihələrə, abadlaşdırmaya, kənd təsərrüfatına, digər sahələrə qoyulan investisiya, əhalinin maaşına, pensiyalarına, təqaüd və müavinətlərə, müdafiə xərclərimizə və sairəyə sərf olunan vəsait neft pullarından qat-qat çoxdur və bu pullar qeyri-neft sektorundan qazanılıb. Müxalifətçilərin, eyni zamanda Qubad İbadoğlunun sevimli mövzularından olan korrupsiyanın, mənimsəmələrin ümumi məbləğinin isə xalqımızın güzəranına, bütövlükdə iqtisadiyyatımıza güclü təsir etməsinə inanmıram. Bəli, korrupsiya var. Dəbdəbəli villalar, bahalı maşınlar, antik əşyalar, geyimlər, saatlar, restoranlarda verilən hesablar ilk baxışda çox qabarıq görünür və zəhmətkeş insanlarda ikrah doğrurur. Bunların qarşısı alınmalıdır və inanıram ki, alınacaq da. Ancaq bütün bu harınlığın, dəbdəbənin, parıltının, eyş-işrətin ümumi məbləği makro-iqtisadi göstəricilər fonunda o qədər böyük olmamalıdır. Loru dildə desək, korrupsiya ilə varlananların sərvətini əlindən alıb, kasıbların arasında bölüşdürsək, bundan heç kəsin qarnı doymayacaq. Bu hətta təhlükəlidir. O vaxt bolşeviklər bunu etdilər və çox pis nəticə verdi. Bundansa o vəsaitlər leqallaşdırılaraq, iqtisadiyyata sərf olunmalıdır. Amma hakimiyyət cinayət yolu ilə varlananlara qarşı da vaxtaşırı tədbirlər görür, onların əldə etdiyi haram pullar dövlət büdcəsinə qaytarılır, həmin vəsaitlər aztəminatlı vətəndaşların sosial ehtiyaclarına, sağlamlıqlarına yönəldilir. Bütün bunlar hamımızın gözü qarşısında baş verir, amma müxaliflər nədənsə heç nə görmək istəmirlər.

Müxalifətin sevimli mövzularından biri də mütəmadi olaraq başqa neft ölkələrini örnək göstərməkdir. Qubad İbadoğlu da Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri haqqında „bağ belə, bostan elə“ üslubunda danışaraq, onları xeyli təriflədi. Guya o ölkələrdə dövlətin işi-gücü elə vətəndaşlara pul paylamaq imiş. Hər üçüncü uşağa filan qədər, təzə evlənənlərə filan qədər, tələbələrə filan qədər, 18 yaşına çatanlara filan qədər. Bəlkə də bu məlumatlarda və rəqəmlərdə müəyyən həqiqətlər var. Ancaq Qubad bəy əsas məsələni gizlətməklə vətandaşları utanmadan aldadır. O öz çıxışında misal gətirdiyi Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft ehtiyatlarının həcmi, eyni zamanda  o ölkələrin əhalisinin sayı haqda heç nə demir. Mən bunları öyrənmək üçün kiçik bir araşdırma apardım, buyurun tanış olun:

Səudiyyə Ərəbistanı – 267,910 mlrd. barrel

Birləşmiş Ərəb Əmirlikləri – 97,8 mlrd. barrel

Azərbaycan – 7 mlrd. barrel

Görürsünüzmü, Səudiyyə Ərəbistanı Azərbaycandan 38 dəfə,  Birləşmiş Ərəb Əmirlikləri isə 14 dəfə çox neft ehtiyatına malikdirlər. Amma Səudiyyə Ərəbistanının əhalisi 28 milyon olmaqla, Azərbaycandan cəmi 2,8 dəfə çoxdur, BƏƏ əhalisi isə təxminən bizimkinə bərabərdir, hətta bir qədər azdır.

Belə olduğu halda Qubad bəyin müqayisələri nə dərəcədə elmi, ədalətli, insaflı və vicdanlıdır. Deməli, Qubadoğlu əhalini qəsdən aldatmaqla siyasi xal qazanmağa çalışır, eyni zamanda insanları çaşdırır, kütləşdirir, zombiləşdirir, ABŞ üniversitetində dərs deməsi, professor olması ilə avamların başını dumanlandırır. Əgər tələbələrinə də belə dərs verirsə, vay onların halına.

Qubad İbadoğlunun bu çıxışı Azərbaycan xalqının özgüvən, özünəinam hissini də zəiflədir. Xalqımızı özünü ərəblərdən zəif, hakimiyyətini də ərəb şeyxlərindən bacarıqsız, vicdansız, insafsız, ədalətsiz görməyə sövq edir. Halbuki belə deyil və dünyasında belə ola bilməz. Azərbaycan xalqı da, onun iqtidarı da, mədəniyyəti də, mənəviyyatı da, insaf-mürvəti də, ədaləti də ərəblərdən üstündür. Qubad bəyin adını çəkdiyi ölkələrdə heç müxalifət də yoxdur və onun məntiqi ilə orada ona heç ehtiyac da duyulmur. Bəlkə biz də müxalifəti ləğv edək ki, camaatı aldadan və çaşdıranlar olmasın?..

Nadir Qocabəyli