KÖŞƏ

Nigar Orucova

Xalqa xidmətin daha bir təzahürü…

30 iyun 2020 11:05
1304

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hər bir bölgəsinə səfəri, region ictimaiyyəti ilə keçirdiyi görüşlər bir sıra mühüm məqamları, cəmiyyətə ünvanlanan vacib mesajları ilə yadda qalır. Prezident regionlara hər bir səfəri zamanı mövcud problemlərlə şəxsən maraqlanır, ictimaiyyət nümayəndələri və sadə insanlarla birbaşa ünsiyyətdə olur, onları düşündürən məsələlərin həllinə dair yerindəcə tapşırıqlar verir. Dövlət başçımızın regionların sosial-iqtisadi, mədəni inkişafına göstərdiyi böyük diqqət və qayğı ölkə vətəndaşları tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir. yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaət olunur.

Belə ki, ölkə Prezidenti Azərbaycan vətəndaşının sosial rifahı, sağlamlığı, təhlükəsizliyi ilə yanaşı regionların sosial-iqtisadi inkişafını, real vəziyyətini və perspektivlərini də daim diqqətdə saxlayır. Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağcabədi, Tərtər, Şamaxı rayonlarından sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda, regionların uğurlu inkişafına əhəmiyyətli töhfə oldu. Gəncəyə səfəri çərçivəsində dövlət başçısının keçirdiyi görüşlər, müxtəlif obyektlərin açılış mərasimləri zamanı etdiyi çıxışlarla vətəndaşlarımıza, ictimaiyyət nümayəndələrinə vacib mesajlar verdi.

Xatırladaq ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Gəncəyə 16 dəfə səfər edib. Bu müddətdə dövlət başçısı Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında onlarla Sərəncam imzalayıb. Nəticədə  2003-cü illə müqayisədə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb, 2003-cü ildən başlayaraq  2020-ci ilin birinci rübü də daxil olmaqla bu şəhərdə 60 587, ondan sonrakı dövrdə isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb. Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri zamanı "NB Satınalma və Ticarət" MMC-nin süni mərmər və qranit istehsalı zavodu istifadəyə verilib. Ümumi dəyəri 46,5 milyon manat olan müəssisədə 300-dən çox yeni iş yeri yaradılıb ki, bu da işsizlik probleminin həllində böyük əhəmiyyətə malikdir.

Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxtda beş körpünün bərpası başa çatdırılıb və ölkə Prezidenti səfər çərçivəsində burada görülən işlərlə yaxından tanış olub. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, ikinci Olimpiya İdman Mərkəzinin tikintisi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi Gəncəni unikal bir şəhərə çevirib. "Yaşıl şəhər" layihəsinin ölkəmizdə ilk dəfə olaraq Gəncə şəhərində həyata keçirilməsi, İdman Sarayının, Gəncə Dövlət Dram Teatrının, ikinci "ASAN xidmət" mərkəzinin, yeni ümumtəhsil məktəbi binasının tikintisinin davam etdirilməsi üçün ayrılan vəsait ölkə başçısının Gəncə şəhərinə və Gəncə əhalisinə diqqətinin daha bir təzahürü olub. Dünyanı  bürüyən COVID-19 pandemiyası dövründə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı da bir daha sübut edir ki, Azərbaycan dövlətinin ən başlıca məqsədi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsidir. Ümumiyyətlə qısa müddət ərzində ölkədə  5-ci modul tipli xəstəxananın istifadəyə verilməsi xalqa xidmətin ən böyük nümünələrindən biridir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?