KÖŞƏ

Qvami Məhəbbətoğlu

Xalq Əli Kərimliyə növbəti dəfə dirsək göstərdi

23 oktyabr 2019 20:14
754

Ölkəmizdə demokratik prinsiplərə riayət edilərək mitinq, küçə yürüşü və digər aksiyalar keçirmək istəyənlər üçün əlverişli şərait yaradılıb. Bu isə o deməkdir ki, dövlət sərbəst toplaşmaq azadlığından yararlanmaq istəyən vətəndaşların fikir və mülahizələrini səsləndirmələrinə hər hansı məhdudiyyət qoymur. Lakin anti-azərbaycan ünsürlər bundan yararlanmaq əvəzinə, özlərinin məkrli niyyətlərini reallaşdırmaq məqsədilə təxribatlara əl atırlar. Belə ki, özünü Demokratik Qüvvələrin “Milli Şurası” adlandıran qurumun üzvləri oktyabrın 19-da mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdilər. Müraciətə baxılaraq onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olundu. Amma   “Milli Şura”ya “liderlik” edən Əli Kərimli əhalinin daha sıx olduğu yerə - metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa, burada mitinq təşkil etməyə cəhd göstərdi.  Halbuki  metronun 200 metrlik həndəvər ərazisi təklükəsizlik zolağı sayılır. Fikrimizcə, Əli Kərimli də bu adi həqiqəti  yaxşı bilir. Bununla da xarici himayədarlarının sifarişləri ilə Bakı şəhərində dəfələrlə təxribatlar törətməyə çalışan, lakin çirkin məqsədlərinə çatmayan Əli Kərimli növbəti dəfə öz “inadkarlığını” nümayiş etdirdi. Nəticədə o, hüquqazidd hərəkətləri ilə nəqliyyatın hərəkətini iflic vəziyyətinə saldı, üstəlik, minlərlə insanın nifrətini qazandı.

Sual olunur? Niyə özünü Demokratik Qüvvələrin “Milli Şura”sı adlandıran “qurum” tədbirini onlar üçün ayrılmış məkanda, yəni Lökbatanda keçirmək istəmədi? Doğrudanmı, təşkilatçılar həmin ərazinin mərkəzdən uzaq olduğunu bəhanə gətirməklə  orada mitinq keçirməkdən imtina etdilər? Əsla yox. Sosial bazası olmayan, anti-azərbaycan qüvvələrin havası ilə oynayan Əli Kərimli yaxşı bilirdi ki, mitinq üçün ayrılmış meydanda tək qalacaq. Odur ki, o, metrodan istifadə edən sakinləri ağalarına özünün tərəfdarı kimi qələmə vermək, daha doğrusu, mitinqin gurluğunu nümayiş etdirmək üçün ora can atırdı. Digər tərəfdən, xarici dairələrin əlində Azərbaycana qarşı istifadə olunan təhlükəli vasitəyə çevrilən Əli Kərimli yaxşı dərk edirdi ki, Lökbatanda asayişi pozmaq və qarşıdurma yaratmaq, “siyasi məhbusları”nın sayını “artırmaq”  mümkün deyil. Bu isə onun “xidməti”, daha doğrusu,  satqınlığı ilə əldə etdiyi biznesinə əlavə gəlirlərin daxil olması ilə nəticələnə bilərdi. Sadaladığımız bu tipli səbəblərdən o, icazəli mitinqdən imtina etdi, razılaşdırılmamış yerdəki aksiyaya rəvac verdi.

Şübhəsiz, hər aksiyadan-aksiyaya olan-qalan elektoratını  da itirən Əli Kərimli yalnız gündəmdə qalmaq, siyasi mövcudluğunu qoruyub saxlamaq, “siyasi dividend” qazanmaq üçün çırpınırdı. Azərbaycana düşmən mövqedə duran xarici qüvvələrlə sıx əməkdaşlıq edən Əli Kərimli bu hərəkəti ilə bir daha sübut etdi ki, onu və ətrafındakı bir ovuc dönükləri Vətən, millət əsla düşündürmür. Ölkə başçısı İlham Əliyevin Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, “Valday” Beynəlxalq Diskussiya Klubunda Qarabağla bağlı səsləndirdiyi sərt və ciddi mesajlar, görünür, bu milli satqını yaman əndişələndirib. Onu yalnız bir şey düşündürür: nəyin bahasına olursa-olsun demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək, polislə qarşıdurma yaratmağa cəhd etmək, bu yolla sabitliyin pozulması və ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq və onlara yeni “faktlar” ötürmək. Çox təəssüf ki, Avropadakı bəzi ermənipərəst dairələr hələ də başını sarımaqla özünü şil-küt hala salınmış formada təqdim etmək üçün müxtəlif pozalar verən Əli Kərimlinin uydurmalarına inanır. Görünür, qısa zaman kəsiyində ölkəmizin əldə etdiyi nailiyyətlər, dünya birliyinə inteqrasiyası onların da ürəyincə deyil. Bütün bunlar isə bir daha sübut edir ki, siyasi hiyləgər kimi tanınan Əli Kərimlinin məqsədi mitinq keçirmək yox, ictimai yerlərdə asayişi pozmağa nail olmaqdır. Nə yaxşı ki, həmişə olduğu kimi, bu dəfə də asayiş keşikçiləri səbr və təmkinlə qanunazidd əməllərin qarşısını aldılar və qarşıdurma yaranmasına imkan vermədilər. Xalqa gəldikdə isə... Xalq öz ölkəsinə, millətinə qarşı düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiyalarla yüklənmiş Əli Kərimliyə dəstəyini deyil, növbəti dəfə də dirsəyini (qol ilə bilək arasında olan büküyün bayır hissəsi) göstərdi.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...