07 iyun 2019 11:40
581

Xaçmazın üç kəndinin qazlaşdırılmasına başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Digahoba, Aşağı Ləgər və Seyidlər kəndlərinin qazlaşdırılmasına başlanılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra üç kənddə, ümumilikdə, 300 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.

Qazlaşdırma işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Bu il Xaçmazda 3, Qubada 11, Qusarda isə 1 yaşayış məntəqəsi qazlaşdırılacaq. Bununla da şimal regionunda daha 2 min 172 abonent “mavi yanacaq”la təmin ediləcək.

Hazırda şimal regionunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288, təbii qazdan istifadə edən abonentlərin sayı isə 102 mindən çoxdur.