02 oktyabr 2019 14:13
936

Xaçmazın üç kəndində abonentlərə ilk dəfə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Seyidlər, Digahoba, Aşağı Ləgər kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 249 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 22 min 439 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Oktyabrın 2-də kəndlərə təbii qazın verilməsi münasibətilə Seyidlər kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında məlumat veriblər.

Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

“Azəriqaz” İB-nin nümayəndələri evlərdə olub, abonentləri təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.