04 oktyabr 2019 10:58
131

Vyanada ilk selfi muzeyi açılıb

Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.

AZƏRTAC xəbər verir ki, “incəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək “nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.

ABŞ və Asiya ölkələrində oxşar muzeylərdən ilhamlanan gənc memarlar açılışdan öncə bildiriblər ki, onlar rəngarəng fonlar sayəsində muzeyə gələnlərə estetik özçəkimlər imkanı təqdim etməyə çalışıblar. Həmçinin qeyd edilib ki, muzeyin zirzəmisində quraşdırılmış iki proyektor divarda müxtəlif simvollardan ibarət interaktiv görüntülər yaradır və belə fon qarşısında foto çəkdirənlərin sayı çox olacaq.

Təşkilatçılar həmçinin bildiriblər ki, foto motivləri zaman keçdikcə dəyişəcək, qarşıdan gələn Milad bayramı ilə əlaqədar Yeni il əhvalına uyğun arxa fonlardan istifadə ediləcək. Yarım ildən sonra muzey Vyanada fəaliyyətini dayandıracaq və Avropa şəhərlərindən birində açılacaq.