KÖŞƏ

Sevinc Azadi

Virtual savaşın marionetləri

13 iyun 2019 10:56
650

Ölkəmiz indi iki düşmənlə üz-üzədir. Düşmənlərdən biri bəlli - Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, Dağlıq Qarabağda hərbi xunta vasitəsilə “millətin öz müqəddəratını həll etmək hüququ” kimi absurd iddialarla çıxış edən və terrorla şovinizmi, ifrat millətçiliklə xəstə millətçiliyi dövlət siyasətinə çevirmiş Ermənistandır.

İkinci düşmən isə bir neçə ildir ki, formalaşıb və ölkəmizə qarşı ən çirkin metodlardan istifadə edərək “mübarizəyə”başlayanlardır. Onlar virtual savaşın marionetləridir. Burada qaydalar fərqlidir. Burada hədəf seçilən ölkə gizli təxribatlar, kiberhücumlar, sosial şəbəkələrdə marionetkalar vasitəsilə hücuma məruz qalır. Eyni zamanda, ölkə daxilindəki potensialsız, zəif, normal şərtlərlə və konstitusion çərçivədə hakimiyyətə gəlişi xülya olan radikal müxalifətə genişmiqyaslı, müxtəlif formalı, amma gizli dəstək verilir, həmçinin söz terrorçuları, söyüş və şayiələrlə silahlandırılıb kütlə qarşısına çıxarılan oyuncaqlar ortaya atılır. Orduxan Bəbirov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və başqaları kimi. Bu adamlar Azərbaycanı sevmələri, erməni terrorçunun əsl simasını və Xocalı soyqırımı barədə həqiqətləri dünyaya çatdırmağa çalışdıqlarını, demokratiya və insan haqları uğrunda mübarizə apardıqlarını istədikləri qədər təkrarlaya bilərlər. Onlar Azərbaycan bayrağına bürünə də bilərlər, bayraq çiyinlərində küçələrdə aksiya da keçirə bilərlər. Lakin heç nə dəyişən deyil, mahiyyət və məram eynidir.

Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videobloqgerliklə, bir də məzmunsuz və proqramsız “müxalifətçi”liklə məşğul olan kəslərin paylaşdıqları videoların əsas qayəsi belədir: “Gözəl Azərbaycan xalqı, görün, Avropada necə yaşayırlar, siz necə yaşayırsınız!” Öz aləmlərində geniş kütləyə ciddi təsir edə biləcək müqayisələrə əl atan, az qala “əyani vəsait” saydıqları “Avropa ayaqyolları”, “Avropa səkiləri”, “Avropa pəncərələri”, “Avropa dükanları” və s. şeyləri kameraya çəkən, sonra dilimizi ağlar günə qoyaraq qol-qabırğası sındırılan sözlərlə kəlmə töküntüsünə başlayan kəslər indi qəflətən “virtual inqilabçı”lar, “siyasi mühacirlər” olublar. Siyasətdən bixəbər olan bu gənclərin, 5-ci kolonun fəal üzvlərinin leksikonunda xaos, çevriliş və s. kimi radikal çağırışlar indi daha aktiv eşidilməyə başlanılıb. Onlar “Azərbaycanda hakimiyyəti devirəcəyik” deyirlər, “bütün dünyada aksiyalara başlayacağıq” söyləyirlər. Məsələn, Orduxan Temirxan son statuslarının birində öz dilimizdə deyil, məhz xarici dildə inqilabın qaçılmaz olduğunu qeyd edərək, milləti xaosa səsləyib. Ümumiyyətlə, hər kəsə bəllidir ki, heç bir maliyyə yardımı, qrant, çirkli, qaranlıq mənbələrdən gələn ianələr səbəbsiz, təmənnasız verilmir, ödənilmir. Mühacirlərin “pulu almısansa, mənim dediklərimə, planlarıma uyğun hərəkət etməlisən” prinsipi ilə hərəkət edən ağaları indiki mərhələdə bu ucuz oyunçular-mühacirlər vasitəsilə insanlarımızın, xüsusən də gənclərimizin beynini bu cür aqressiv yanaşmalar, düşüncələrlə doldurmaq istəyirlər. Hələ “ərəb baharı” başlayarkən o ölkələrin sosial şəbəkələrində insanları küçələrə səsləyən bu cür “fəal”ların heç biri sonda ölkələri viran qalanda və ya inqilab baş verib daha pis idarə üsulu, iqtisadi tənəzzüllər baş verəndə ortaya çıxmadılar... İndiki halda orduxanlar, məhəmməd mirzəlilər və ya tural sadıqlılar, eləcə də sevinc osmanqızılar və ya daxildəki gültəkinlər, əli kərimlilər üçün də əsas qayə, məqsəd, nəyin bahasına olursa olsun, ölkəni xaosa sürükləməkdir.

Ümumiyyətlə, ökəmizə qarşı xaricdən virtual savaş aparanların xəyallarında Azərbaycan belədir: hərbi çevrilişlər və qiyamlar sıralansın, hakimiyyət dəyişiklikləri mütləq hansısa “qiyamçı polkovnik” və ya “sosial şəbəkə qəhrəmanı”nın guya “vasitəsilə” reallaşsın, ərazisində xaos, yoxsulluq, səfillik bərqərar olsun. Ərazisi parçalansın, əyalətləri müxtəlif dəstələrin və bandaların nəzarətinə keçsin, təriqət və məzhəb savaşları alovlansın, mərkəzi hakimiyyətin sözü paytaxtın mərkəzi məhəllələrindən o yana keçməsin, əhalisi dərbədər və sərgədan olub müxtəlif məkanlara, ölkələrə səpələnsin. Və o zaman, bax o dövrdə Qərbin “demokratik” qüvvələri zirehli maşınlarla, tanklarla, təyyarələrlə gedib o binəva ölkəni “demokratikləşdirməyə” başlasınlar: evləri adamların başlarına uçuraraq, xəstəxanaları bombalayaraq, bandaları və dəstələri silahlandırıb bir-birinin üstünə qısqırdaraq, ən nəhayət, ölkəni faktiki olaraq parçalayaraq.

Amma o xəyalların üstünü toz basıb artıq. Azərbaycan cəmiyyəti sabitliyə, normal siyasi mübarizə üsullarına və sağlam düşüncəyə söykənən alternativ fikrə və bu fikirlərlə hərəkət edən siyasətə üstünlük verir. Bu, daim belə olub, bundan sonra da belə olacaq. Çünki cəmiyyətimiz gözəl görür və anlayır ki, müasir dünyamızda demokratik inqilab adı ilə başlayıb, sonradan elə həmin dövlətlərin məhvi ilə bitən proseslər kifayət qədərdir.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...