KÖŞƏ

Qvami Məhəbbətoğlu

Vətənə xəyanət edənə heç bir güzəşt ola bilməz

15 noyabr 2019 20:11
950

Azərbaycan dövlətinə xəyanətdə təqsirləndirilən Fəxrəddin Fərman oğlu Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 21-ə təyin edilib. Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk Şəhər Məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 14 iyul tarixli qərarı ilə Abbasov Fəxrəddin Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Dünyaya özünü talış xalqının “lideri” kimi sırımağa çalışan Fəxrəddin Abbasovun dəfələrlə Ermənistanda olduğu, orada keçirilən müxtəlif tədbirlərdə ölkəmizin ərazi bütövlüyü əleyhinə çağırışlar səsləndirdiyi barədə kifayət qədər məlumatlar var. Buna baxmayaraq,  Fəxrəddin Abbasov saxlanılanda Ermənistanda onun həbsinə siyasi rənglər qatmağa səy göstərənlər də oldu. Üstəlik, Ermənistan mediası onun  həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, hüquqlarının məhdudlaşdırılması nümunəsi kimi təqdim etməyə çalışdılar. Hətta bir qrup ermənipərəst bu satqının ermənilər qarşısında xidmətlərini nəzərə alaraq ona Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana da müraciət etdilər. Amma onlar bu cəhdlərinin əbəs olduğunu dərk edəndən sonra belə “kampaniya”lardan əl çəkdilər.

Şübhəsiz, bütün bunları işğalçı ölkənin öz casusu üçün necə canfəşanlıq etməsinin bariz nümunələri  kimi dəyərləndirmək olar. Bütün bunlar həm də onu təsdiqləyir ki, Ermənistanın xüsusi xidmət orqanları  ölkəmizdə sabitliyi pozmaq üçün məhz Fəxrəddin Abbasov kimi xainlərə bel bağlamışlar. Özü də ermənipərəst dairələr bu nankorun əli ilə ölkəmizdə  illərlə əmin-amanlıq şəraitində yaşayan, bir-birinə can deyib, can eşidən xalqların arasını vurmaq istəyirdilər. Başqa sözlə desək, Vətəninə qarşı xəyanət yolu tutmuş, ona düşmən kəsilmiş Fəxrəddin Abbasov ölkəmizdə azsaylı xalqlara qarşı münasibətlərin yaxşı olmadığını “əsas” gətirərək xalqımızı milli-etnik mənsubiyyətinə görə bölməyə, Azərbaycanı parçalamağa çalışırdı. Bəs onu buna təhrik edən nə idi? Şübhəsiz, bu cəhdlərinin müqabilində ermənipərəst dairələrdən aldığı milyonlar və həmin milyonlardan qurduğu xəyallar...

Amma Vətən xaininin arzuları ürəyində qaldı: o, bir neçə gündən sonra qanun qarşısında cavab verməyə başlayacaq. Şühbəsiz, dövlətə xəyanət yolu tutan bu çürük ünsür ən ağır cəzaya layiqdir. Bəzi hüquqşünaslar F.Abbasov barəsində ən azı 15 il azadlıqdan məhrumetmə hökmü çıxarılacağını, bəziləri isə ömürlük azadlıqdan məhrumetmə cəzası  veriləcəyini bildirirlər. Şübhəsiz, Vətənə xəyanət edən, erməni daşnaklarına işləyənlərə heç bir güzəşt ola bilməz. Bu gün Avropada ölkəsinə qarşı qarayaxma kampaniyası aparan, ictimai rəyi çaşdırmağa çalışan fəxrəddinlər hələ də var. Əsasən sosial şəbəkələrdə bardaş quran bu nankorlar Azərbaycan əleyhinə təbliğatlar aparır, ölkədə xaos-anarxiya, qarşıdurma yaratmağa cəhdlər edir, müstəqil dövlətimizin qısa zaman kəsiyində qazandığı nailiyyətlərə kölgə salmağa çalışırlar. Şübhəsiz, ermənipərəst dairələrdən, yəni öz “boss”larından aldıqları vəsaitlər naminə dövlətimizin əleyhinə çağırışlarını tündləşdirənlər də Fəxrəddin Abbasov kimi heç zaman iyrənc məqsədlərinə çata bilməyəcəklər. Bu isə o deməkdir ki, həmin xəyanətkarların da əməllərinə hüquqi qiymət veriləcəyi  və layiq olduqları cəzalarını alacaqları gün o qədər də uzaqda deyil.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...