08 aprel 2020 10:49
673

Vətəndaşların məsuliyyəti ən vacib amildir

Bu ilin əvvəllərində ölkəmizdə yüksək iqtisadi göstəricilər qeydə alınıb. Belə ki, yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz təşkil edib. İnflyasiya cəmi 2,8 faiz olub, əhalinin gəlirləri isə 9 faiz artıb, yəni gəlirlər inflyasiyanı üstələyib. Eyni zamanda, vergi orqanları büdcəyə proqnozlardan əlavə 170 milyon, gömrük orqanları isə 80 milyon manat vəsait daxil ediblər. Şübhəsüz, əldə edilən bu uğurlar ölkə başçısının həyata keçirdiyi islahatların və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən demişdir ki, biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bununla da bu gün Azərbaycanın əsas təkanverici qüvvəsinin xalq-iqtidar birliyinin, vətəndaşlarımızın məsuliyyətinin olduğunu bir daha vurğulamışdır.

Prezident, həmçinin bildirmişdir ki, dünyanı cənginə almış pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşlarının sağlamlığını ön plana çəkmişdir: “Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik”. Çünki insanların həm sağlamlığı, həm rifahı ölkəmizdə sosial sahədə əsas məsələlərdən biridir. Ona görə də dövlətimizin başçısı pandemiyanın miqyasını nəzarətdə saxlamağın vacibliyini xüsusi qeyd etmiş və burada əsas amilin həm də vətəndaşların məsuliyyətindən çox asılı olduğunu bildirmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində də vurğulamışdır ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq: “Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq... Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik”. Bununla da ölkə başçısı bir daha xatırlatmışdır ki, bu bəladan xilas olmağın yeganə yolu hər bir vətəndaşın məsuliyyətli olmasında və qəbul edilmiş qaydalara riayət edilməsindədir. Odur ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək nümayiş etdirməlidir. Doğrudur, bu gün xalqımız, vətəndaşlarımız birlik, həmrəylik nümayiş etdirirlər. Bu məqamda dövlət başçımızın bu sözlərini də xatırlatmaq yerinə düşər: “Bununla da həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq”.

Əminliklə demək olar ki, ölkəmizdə qəbul edilmiş qərarlar əsasında görülən işlər imkan verəcək ki, biz bu sınaqdan müvəffəqiyyətlə çıxaq. Bəli, bu gün yoluxma halları ölkəmizin əhalisinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək.

Qvami Məhəbbətoğlu, “İki sahil”