22 may 2020 13:55
132

Vətəndaşlar yazırlar: Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur

Dünyada koronavirus pandemiyasının tüğyan etməsi fonunda Prezident İlham Əliyevin Azərbaycanda əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının təmin edilməsi istiqamətində atdığı addımlar böyük rəğbətlə qarşılanır. Bu baxımdan ölkənin bütün regionlarından Azərbaycan xalqının xilası üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını özündə təcəssüm etdirən minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Hacıqabul rayonundan 85 yaşlı Cəbrayıl Xıdırov: “Hörmətli cənab Prezident! Mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə qısa müddət ərzində uğurlu yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı. Allah Sizi qorusun! Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalansın!”

Cəlilabad rayonunun Suluçeşmə kəndindən qəhrəman ana Nəzakət Zeynalova: “Hörmətli cənab Prezident! Böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm. Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik. Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.”

Sumqayıt şəhərindən şəhid anası Gülüzar Piriyeva: “Möhtərəm cənab Prezident! Mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən” deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq. Sizə bir daha təşəkkür edirəm.”

Şəmkir rayonunun Çaparlı kəndindən Kamal Quliyev, Ceyhun Namazov, Daşdəmir Əsgərov, İnam Mirzəliyev və Vüsal Hüseynov: “Əziz və möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan! COVID-19 pandemiyası qəfil meydana çıxmaqla dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. "Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz. Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur.”

Samux rayonunun Alıuşaqlı kəndindən Nuriyyə İsrafilova: “Hörmətli cənab Prezident! Mənim 69 yaşım var. Çernobıl hadisələrinin iştirakçısıyam. İnsanların bəla ilə üzləşməsinin nə olduğunu bilirəm. Buna görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, “Evdə qal” çağırışlarınızı yüksək qiymətləndirirəm. Bütün qərarlara görə Sizə təşəkkür edirik. İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq. Hər şeyə görə çox sağ olun, cənab Prezident.”

Masallı rayonundan Zaur Nəciyev, Zayid Məmmədov, Mətanət Niftiyeva, Xanım Muradova, Əliniyaz Məmmədəliyev, Əlimərdan Rəhmətov və Çingiz Mirzəcanov: “Hörmətli cənab Prezident! Dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular. Bununla yanaşı, rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər də səmərəli oldu, böyük itkilərin qarşısı alındı. Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır.”

Füzuli rayonundan Vəli Şəmilov, Allahverdi Əliyev, Vahid İsgəndərov və Hacıəddin Səfərov: “Möhtərəm cənab Prezident! Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirir və alqışlayırıq. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində çox şükürlər olsun ki, ölkəmizdə faciəvi nəticələr qeydə alınmadı. Vətəndaşlarımız üçün böyük əhəmiyyət daşıyan bu məsələdə tutduğunuz qətiyyətli mövqeyə, atdığınız strateji addımlara görə xalqımız Sizə hər zaman minnətdar olacaqdır. Virusla mübarizə aparmaqla yanaşı, dövlətimizin aztəminatlı ailələri, işə getmək imkanından məhrum olan insanları diqqətdə saxlaması, onlara 190 manat məbləğində birdəfəlik ödəmə verməsi təqdir olunur. Biz də bu işlərə sevinən, bundan qəlbən məmnunluq hissi duyan milyonlarla vətəndaşın sırasındayıq. Cənab Prezident, son günlər sağalıb evlərinə dönən xəstələrin sayı artmaqdadır. Əlbəttə ki, bu, çox xoş haldır. İnanırıq ki, tezliklə bu bəladan yaxamızı birdəfəlik qurtaracağıq. Allah Sizi və ailənizi qorusun!”

Daşkəsən rayonunun Xoşbulaq kəndindən Əvəz İsgəndərov: “Hörmətli cənab Prezident! Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus pandemiyası dövründə xalqımızın sağlamlığının qorunması, həmçinin insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr bizim çətin günlərdə tək olmadığımızı göstərdi. Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik. Bir daha təşəkkür edirik.”

Kürdəmir rayonundan Sarvan Ağasiyev: “Çox hörmətli Prezident! Son aylar dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən tədbirlər müsbət nəticələrini verdi. Sizin rəhbərliyinizlə həyata keçirilən işlər başqaları üçün nümunə oldu. Apardığınız düzgün siyasət bizim sağlam qalmağımıza, xəstəliyin geniş yayılmamasına səbəb oldu. Buna görə Sizə minnətdarıq. Cənab Prezident, Siz xalqı sevdiyiniz kimi, xalq da Sizi sevir. Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir. Azərbaycan xalqı həmişə Sizinlədir. Tanrı Sizi qorusun! Var olun, cənab Prezident!”