KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Vətən müharibəsi qeyri-neft ixracına necə təsir edib?

03 dekabr 2020 18:45
528

Müharibələrin gedişatı bir qayda olaraq iqtisadiyyata öz mənfi təsirini göstərir. Mənfi təsirin istiqamətlərindən biri də ixracla bağlıdır. İkinci Qarabağ müharibəsinin həm də koronavirus pandemiyasının geniş yayıldığı dövrə təsadüf etməsi belə təsiri bir az da artırır. Belə ki, pandemiya səbəbindən müəyyən məhdudlaşdırıcı tədbirlərin istehlakı azaldabilmə, eyni zamanda, müharibə tərəflərinə təsir etmək məqsədilə iqtisadi “alətlər”dən istifadə ehtimalı bu dövrdə Azərbaycanın qeyri-neft ixracının azalacağı gözləntisini yaratmışdı. Bəs, reallıqda vəziyyət necə olub?

44 günlük müharibənin 31 gününün oktyabr ayına aid olduğunu nəzərə alanda,  məlum təsiri müəyyən etmək üçün həmin ayın göstəricilərinə müraciət etmək kifayət edir.  2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac 162,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,72 faiz artım deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin məlumatına görə,  qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Ay ərzində qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və ABŞ-a ixrac edilib. Bununla da ötən ilin eyni ayına nisbətən oktyabr ayında Rusiya və İsveçrəyə ixracda azalma olsa da, Türkiyə və Gürcüstan üzrə artım qeydə alınıb. 

 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru ixracında birinci, qabığı təmizlənmiş meşə fındığı ikinci, sair təzə meyvələr üçüncü yerdə qərarlaşıb. Nəticədə xurma ixracında azalma olsa da, fındıq ixracı artıb.

Oktyabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərində də artım olub. Ay ərzində portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8  milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb. Portala ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə, mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli üzrə daxil olub.

Xidmət ixracına gəlincə, oktyabr ayında “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9  milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 10 ayda “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. Qurumun xidmət ixracından əldə etdiyi gəlirin onun ümumi gəlirlərindəki nisbəti ötən ilin 10 ayı ilə müqayisədə 1 faiz-bəndi artaraq 90 faizini təşkil edib.

Ümumilikdə, 2020-ci ilin on ayı ərzində Azərbaycandan  qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.  2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda)  ikinci, pambıq mahlıcı üçüncü olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər üç məhsulun ixracında artım olub.

Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna təsirsiz ötüşməyib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu sektor üzrə azalma aprel ayından müşahidə edilir. 

Bir sözlə, Vətən müharibəsinin oktyabr ayı ərzində Azərbaycanın qeyri-neft ixracına mənfi təsiri müşahidə edilmir. Koronavirus pandemiyasının qlobal iqtisadiyyata, o cümlədən ölkə iqtisadiyyatına təsirlərindən dolayı cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektorunda azalma qeydə alınsa da, oktyabr ayında cüzi də olsa artım olub. Bu isə qeyri-neft məhsullarının ixracının və ixrac coğrafiyasının şaxələndirilməsindən irəli gəlir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?