KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Vaxtı çatanlar dövlət adamına yaraşan bir şəkildə getsin

30 oktyabr 2019 10:35
213

İki gün öncə yazmışdıq ki, Prezident İlham Əliyevin çox hörmətli yaşlı nəsildən olan dövlət adamlarına nəzakətli istefa çağırışı yerdə qalmamalıdır. Özəlliklə də ona könüldən bağlı olan sadiq dövlət adamları Prezidentin bu çağırışını qeyd-şərtsiz qəbul etməli, istefa ərizəsi yazmalıdır. Onu da qeyd etmişdik ki, cənab Prezident təbii ki, istefa ərizəsi yazanların heç də hamısını istirahətə göndərməyəcək. Yəqin ki, onların bəzilərindən xahiş edəcək ki, hələlik işlərinə davam etsinlər.

Lakin nə baş verdi? Çox hörmətli ağsaqqal siyasət adamlarımız Prezidentin xoşməramlı çağırışını müzakirə və mübahisə mövzusuna çevirdilər. Adamlar səhhətlərinin, ağıllarının yerində olmasını tutarqa kimi diqqətə çatdırıb bir növ dirənişə keçdilər. Bu isə əsl dövlət adamına heç yaraşan hal deyil. Hələ illərdir Prezident İlham Əliyevə sədaqətdən dəm vuranların əsl mahiyyətini açdığını da deyə bilərik.

Təəssüflər olsun ki, bu günə kimi Prezidentin məlum çağırışı heç də yetərincə düzgün dəyərləndirilmir. Lakin bu durumu da bir dövlət sınağı kimi qəbul edə bilərik. Hər nə qədər olsa, belə hallar da bir sınaqdır. Özəlliklə də komanda içindəkilərin şəxsi və ya dövlət mənafeyinə üstünlük verməsini ayırd etmək üçün.

Hələlik belə anlaşılır ki, yaşlı əmilər dövlətin deyil, şəxsi mənafelərinə üstünlük verirlər. Adamlar rəsmən dirənirlər. Əlbəttə, bu durum onları xilas edən deyil onsuz da. Çünki islahat düyməsinə basılıb, qatar yola düşüb və onu heç bir qüvvə saxlaya bilməyəcək!

Biz bu prosesi yaxından izləyirik. Vaxtında əsl dövlət adamı kimi qəbul etdiyimiz insanların da davranışları bizim üçün önəmlidir. Onların bizim kimi islahat tərəfdarlarının təəssüfünə səbəb olmamasını arzu edirik. Qeyd etdiyimiz kimi, bəziləri hələ ki, təəssüfümüzə səbəb olmaqdadır…

Biz bu düşüncədəykən Xarici işlər nazirinin müavini, təcrübəli diplomat, yeni dövrlə hamıdan yaxşı ayaqlaşmağı bacaran Hafiz Paşayevin istefa ərizəsi yazdığını öyrəndik. Hörmətli H.Paşayev “dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb”. (“Yeni Müsavat”)

Açığı, şəxsən mən düşünürəm ki, Hafiz Paşayev həm iş tərzinə, həm də təcrübəsinə görə, istefa ərizəsi yazacaq ən son dövlət adamlarından biridir. Lakin burada da onun bir dövlət əxlaqına sahib olması özünü göstərir. Sevindiricidir. Həqiqi dövlət adamı məhz belə də davranmalıdır. Vəzifə əbədi deyil. Lakin dövlət əxlaqını mənimsəyib bunu yeri gələndə hamıdan tez sərgiləmək bir insanın yaddaşlarda əbədi yaşamasını, əlavə sayğı qazanmasını təmin edər. Çünki aradan yüz illər keçəndən sonra da bugünümüz araşdırılacaq, Azərbaycan dövlətinin necə kərpic-kərpic qurulduğu, möhkəmləndiyi təhlil ediləcək, onda kimlərin dövlət, kimlərin də şəxsi mənafe üçün çalışdığı qiymətləndiriləcək. Bax, onda Hafiz Paşayev kimi dövlət adamlarının liderə sədaqəti, dövlətin faydası üçün şəxsi mənafeyini arxa plana çəkə bilməsi örnək hərəkət kimi yeni nəsillərə öyrədiləcək. Eyni zamanda “üzürəm”, “qaçıram” kimi bəhanələrlə Prezidentin çağırışına mane olmaq istəyənlərin əməlləri də layiqli qiymətini alacaq…

Biz islahatların tərəfindəyik. Biz Prezidentin bu iradəsinin də qeyd-şərtsiz mənimsənilməsini, gerçəkləşdirilməsini istəyirik. Biz onu da anlayırıq ki, illərini dövlət işinə vermiş insanları bir anda yox sayıb işindən uzaqlaşdırmaq olmaz. Eyni zamanda onu da qeyd edirik ki, belə dövlət adamları zamanı çatanda, özəlliklə də lider bir çağırış edəndə bunu dərhal diqqətə almalı, yerini arxadan gələn yeni dövr insanlarına buraxmalıdır. Fərqli davranan, dirəniş göstərənlər diqqətimizdən yayınmır, yayınmayacaq. Heç şübhəsiz, bizdən öncə və daha ayrıntılı şəkildə Prezident İlham Əliyev də onları müşahidə edir, özü üçün nəticə çıxarır. Ona görə də hər kəs hesabını götürsün, dirəniş göstərib islahatları əngəlləməsin. Getmə vaxtı çatanlar getsin, dövlət adamına yaraşan bir şəkildə həm də…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...