KÖŞƏ

Mənsumə Babayeva

Vandal Ermənistandan fərqli olaraq...

21 yanvar 2021 19:10
2043

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılmışdır. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilmişdir. İlk insan məskənlərindən tutmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılmış, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz də məhv edilmişdir.

Ancaq təcavüzkar dövlətdən fərqli olaraq ölkəmizdə bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sinaqoqlar tikilib, yeni kilsələr inşa edilib. Çünki Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədədir.  Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Eyni zamanda, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Təsadüfi deyil ki, bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 700-dən artıq pir və ziyarətgah fəaliyyət göstərir. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi də dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb.

Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib: “Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub”.

Görünür ermənilər bu yolla bizim minilliklərboyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəmişlər. Bununla da onlar vandalizm  nümayiş etdirərək məscidlərimizi dağıtmaqla yanaşı, həm də təhqir ediblər. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb.

Bütün bunlar onu göstərir ki, ermənilər işğal illəri ərzində Qarabağdakı dini abidələrimizə qarşı daha amansız olublar. Rəsmi məlumatlara əsaslanaraq qeyd edə bilərik ki, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Ali Baş  Komandan və qüdrətli Azərbaycanın Ordusu sayəsində işğalda olan Qarabağ torpaqları erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün artıq Qafqazda, Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da Qarabağda dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda bütün mədəni, tarixi abidələrimiz bərpa ediləcəkdir!

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?