06 may 2019 12:48
343

Ümummilli lider Heydər Əliyev və Neft Daşları...

Bütün xalqımız kimi, dövlət müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan neftçilərimiz də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edir. Bu gün, dünyanın mənzərəsinin dəyişdirilməsində müstəsna xidmətləri olan ölməz Heydər Əliyevin adı xatırlananda gözümüz önündə onun şah əsəri müstəqil Azərbaycan və bu müstəqilliyimizin qarantına çevrilmiş qlobal tarixi hadisə-təkcə neftimizin deyil, dövlətimizin, xalqımızın, eləcə də dünyanın tarixində mühüm hadisə- “Əsrin müqaviləsi”nin imzalanması yada düşür. Bu dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın “Qara qızıl səltənəti” kimi təsdiqi idi. Azərbaycan nefti dünyaya axdıqca dövlətimizin və xalqımızın da beynəlxalq nüfuzu artmağa başladı. Yeni neft strategiyası ulu öndər Heydər Əliyevin tariximizə möhür vurduğu ən böyük xidmətlərindən biridir. 25 il öncə imzalanmış neft kontraktı Dövlət müstəqilliyimizin qarantlarından birinə çevrilmişdir, ölkəmizin qüdrətlənməsi yolunda yaşıl işıq yandırmışdır.

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərini neft sənayemizin, elə Neft Daşlarının timsalında aydın görmək olar. O, respublikaya rəhbərliyə gəldiyi ilk gündən iqtisadiyyatımızın aparıcı sahəsi olan neft sənayesinin, dəniz neftinin beşiyi olan əfsanəvi Neft Daşlarının inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndər dəfələrlə Neft Daşlarını ziyarət etmiş, qəhrəman neftçilərimizlə görüşmüş, onların iş, yaşayış şəraiti ilə maraqlanmış, problemləri ilə tanış olmuş və onların həlli istiqamətində operativ tədbirlər görmüşdür. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi hələ ilk dövrdə Neft Daşlarının inkişafında yeni mərhələ başlamışdır. Xəzərin daha dərin qatlarına, o cümlədən “Günəşli”, ”Azəri”yə doğru ilk addımlar atılmışdır. Neft sənayesinin güclü infrastrukturu yaradıldı. Ən müasir tələblərə cavab verən yeni-yeni tikinti, emal, istehsal sahələri yaradıldı, neft sənayesinin maddi- texniki bazası xeyli gücləndirildi. Bu addımlar Neft Daşlarının da inkişafına təkan verdi. Neft Daşlarında istehsal kompleksinin inkişafı ilə yanaşı neftçilərə ictimai- iaşə, ticarət, sosial xidmətin səviyyəsi xeyli yüksəlmiş, mədəni- kütləvi tədbirlərin sayı, məzmunu və miqyası əhəmiyyətli dərəcədə artmışdır. Heydər Əliyev Neft Daşlarının 25 illik yubileyində çoxsaylı nümayəndə heyəti ilə birgə iştirak etmiş, “Möcüzələr adası”nın daha dinamik inkişafı ilə bağlı bir sıra səmərəli təkliflər irəli sürmüş və onların həyata keçirilməsinə nail olmuşdur. Neft Daşlarında 5 və 9 mərtəbəli yataqxana binalarının, Bakının 8-ci kilometr, Suraxanı, Zığ, Lökbatan, Sahil və digər qəsəbələrində yaşayış binalarının tikilməsi, qara qızıl ustalarının mənzil probleminin əsaslı şəkildə həlli də ulu öndərin neftçilərə qayğısının ifadəsidir. Prezident Heydər Əliyev 1997-ci ildə iki il öncədən Neft Daşlarının 50 illik yubileyi ilə bağlı sərəncam imzalamış, “Neft Daşları- XX əsrdən XXI əsrə atılmış bir körpüdür” indi dillər əzbəri olmuş müdrik fikrini tarixə həkk etmişdir. 50 illik yubiley tədbirləri mötəbər qonaqların iştirakıyla çox yüksək səviyyədə keçirilmişdir. Dəniz qoynunda çalışan qara qızıl fədailərinə də ən yüksək qiyməti də məhz ulu öndər vermişdir: “Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”.

Ümummilli Liderin düşünülmüş və qətiyyətli siyasəti Azərbaycana çox böyük uğurlar gətirib. Onun siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qloballaşan müasir dünyanın tələblərinə uyğun olaraq yeni keyfiyyət və məzmunda davam etdirilir. Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan sözün əsl mənasında hərtərəfli və dinamik inkişaf mərhələsinə qədəm qoyub. İqtisadi artım sürətinə görə ölkəmiz liderlik mövqeyinə çıxıb. Qərbə, Avroatlantik strukturlara, beynəlxalq qurumlara inteqrasiya prosesi daha da sürətlənib. Azərbaycanımızın beynəlxalq nüfuzunun və siyasi çəkisinin durmadan artması göz önündədir. Müasir Azərbaycanın davamlı, uğurlu inkişafı artıq reallıqdır. Azərbaycanın qüdrətli dövlətə çevriləcəyi artıq heç kəsdə şübhə doğurmur. Biz Neft Daşları əməkçiləri bunu öz gözlərimizlə görür, gündəlik həyatımızda bu yüksəlişi hiss edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev 22 noyabr 2004-cü ildə Neft Daşlarının 55 illik, 5 noyabr 2009-cu ildə isə 60 illik yubileylərində iştirak etmiş, ümummilli liderin abidəsinin, bir sıra istehsal, sosial, mədəni təyinatlı obyektlərin açılışında iştirak etmiş, neftçilərimizlə çox isti və səmimi görüşlər keçirmiş, yubileyə həsr olunmuş təntənəli yığıncaqlarda böyük nitqlə çıxış etmiş, Neft Daşlarının perspektiv inkişafı ilə bağlı proqram xarakterli fikirlər söyləmişdir. Prezidentimizin bu fikri Neft Daşlarının rolunu, əhəmiyyətini və perspektivlərini daha aydın göstərir: “Əminəm ki, Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir. Hamımız yaxşı bilirik ki, Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir. Ona görə də Neft Daşlarının əhəmiyyəti heç vaxt aşağı düşməməlidir, biz hamımız bunu bilməliyik”. Biz dəniz neftçiləri ölkə rəhbərliyinin dəstəyindən, qayğıkeş münasibətindən, bütün ehtiyac və problemlərimizə həssaslıqla yanaşan, Heydər Əliyev kursuna sadiq olan SOCAR rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və əmin edirik ki, ölkəmizin, dövlətimizin və xalqımızın taleyi üçün çox vacib və əvəzsiz olan neft və qazın hasilatı sahəsində möhtərəm Prezidentimizin, müstəqil dövlətimizin etimadını doğrultmaq üçün maksimum enerji və təşəbbüskarlıqla işləyəcəyik! Neft Daşları əməkçiləri həmişə tariximizə qəhrəmanlıq səhifələri yazıblar, bu gün də bu ənənələri yaşatmaq və artırmaq əzmindədirlər.

Ulu Öndərin uzaqgörən siyasəti, memarı olduğu neft strategiyası sayəsində gur inkişaf edən, möhtərəm Prezidentimizin qayğı və diqqəti sayəsində son illər öz ikinci gəncliyini yaşayan Neft Daşları öz qəhrəmanlıq ənənələrini yaşadır, davam etdirir, əmək cəbhəsində qazandıqları uğurlarla onun şah əsəri olan müstəqil Azərbaycanın qüdrətlənməsinə öz layiqli töhfəsini verirlər. Hasil edilən hər ton neftdə dahi şəxsiyyətin əməyinin izləri var. Neft Daşlarında çalışan çoxsahəli neftçi ailəsinin-kəşfiyyatçıların, geoloqların, qazmaçıların, hasilatçıların, inşaatçıların, nəqliyyatçıların, geofiziklərin, energetiklərin və digər dənizdə çalışanların birgə səyi nəticəsində 70 il ərzində 190 milyon tondan çox neft çıxarılmış, 14 milyard kub metr qaz hasil edilmişdir. 2250-dən çox quyu qazılmış, 300 km-ə qədər estakada, estakadayanı meydança, özüllər, digər hidrotexniki qurğular və kommunikasiya xətləri tikilib istifadəyə verilmişdir.  Bu rəqəmlərin arxasında böyük neftçi əməyi, ardıcıl və məqsədyönlü tədbirlər durur.

Lay təzyiqinin azalması ilə əlaqədar Neft Daşlarında hasilat enməyə başlamışdı. Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu və bu il 25 illik yubileyinin qeyd edəcəyimiz «Əsrin müqaviləsi»nin imzalanması neftimizin, o cümlədən Neft Daşlarının yeni yüksəlişinə təkan verdi. 90-cı illərin ikinci yarısında hasilatın enmə tempinin qarşısını almaq üçün kompleks tədbirlər maliyyələşdirildi və ardıcıl surətdə həyata keçirilməyə başladı. Neftin əsasən qazlift üsulu ilə çıxarıldığını nəzərə alaraq qazlift sistemi təkmilləşdirildi, kompressor stansiyaları, soyutma sistemi yenidən quruldu. Yığım-nəql sisteminin təkmilləşdirilməsi də hasilata öz müsbət təsirin göstərməyə başladı. Kollektivin səyi və bizə kömək edən yuxarı rəhbər strukturların köməyi ilə hasilatın enmə tempinin qarşısı alındı və artıq 1999-cu ildən etibarən əvvəlki illə müqayisədə artıma nail olundu. Dinamizm meylləri davam edir. Son illərdə hər il dövlət tapşırıqları artıqlamasilə yerinə yetirilir. 2016-cı ildən neft hasilatının 1 milyon ton həddini aşması son 30 ildə ən yüksək göstəricidir və 70 ilə yaxın istismarda oolan yataqdan belə yüksək nəticənin əldə olunması strateji xəttin düzgün qoyulması, işlərin müasir tələblər səviyyəsində qurulmasının məntiqi nəticəsidir.

 “Neft Daşları” NQÇİ-nin kollektivi ənənələrə  sadiq qalaraq 2018-ci ildə də neft, qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirmiş, neft hasilatı üzrə 1 005 000 ton plana qarşı 1 038 905 ton neft hasil edərək tapşırığı 103.4 % yerinə yetirilmiş, 33 905 ton plandan artıq neft hasil edilmişdir. Neft təhvili tapşırığına 103,2 % əməl olunaraq 995 500 ton plana qarşı, fakt 1 027 049 ton neft hasil olunaraq dövlətə 31 549 ton çox neft təhvil verilmişdir (2017-cı ildə 1 021 333 ton neft təhvil verilmişdir). Keçən illə müqayisədə neft təhvili 5 716 ton çox, artma tempi 0,6 % təşkil etmişdir. Qaz hasilatı üzrə plan 100,2% yerinə yetirilmişdir. Cari ilin ilk rübündə də “Neft Daşları” NQÇİ-nin əməkçilər ənənələr uyğun olarag səylə çalışımış və qarşılaşdığımız qasırğa, istehsalat qəzası və s. faktorları nəzərə almaqla uğurlu göstəricilərə nail olmuşuq. Əminik ki, kollektivimiz 70 illik yubiley ilini daha böyük uğurlarla qarşılayacaqlar. Çalışırıq ki, dəniz qoynunda əməyimizlə dövlətimizin inkişafı üçün öz neftçi payımızı verərək dəniz neft şəhərinin şöhrət estafetini ləyaqətlə davam etdirək.

Hasil etdiyimiz hər ton qara qızıl, gördüyümüz hər yaxşı iş Heydər Əliyev dühasının bizə miras qoyduğu müasir müstəqil Azərbaycan adlı məmləkətə xidmətin bir nümunəsidir. Əminəm ki, bu dövlət dünya durduqca yaşayacaq, qüdrətlənəcək, məhkəmlənəcək və bəşər tarixində öz layiqli yerini tutacaq. İnanıram ki, həmişə Heydər Əliyev ideyalarına, bu ideyaların mahir davamçısı Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini ürəkdən dəstəkləyən və ləyaqətlə çalışan dəniz neftçilərimiz dünyada açıq dənizdə ilk neftin beşiyi olan, xalqımızın dünya neft tarixinə vurduğu ən böyük imzalardan biri olan əfsanəvi Neft Daşlarının 70 illik yubileyini daha böyük əmək qələbələri ilə qarşılayacaq.

Qoçalı Mahmudov,

“Neft Daşları” NQÇİ-nin rəisi