19 aprel 2019 11:16
234

“Ümid”də yeni quyunun debiti - FOTO

Sutkada 2.5 milyon kubmetr qaz və 400 ton kondensat

Aprelin 18-d' "SOCAR AQŞ" MMC-nin baş direktoru Ramin İsayev jurnalistlər üçün mətbuat konfransı keçirdi. Konfransda müəssisənin aparıcı mütəxəssisləri və KİV nümayəndələri iştirak edirdilər.

R.İsayev əvvəlcə müəssisənin son günlər əldə etdiyi uğurlardan bəhs etdi. Qeyd etdi ki, bu günlərdə "SOCAR AQŞ" MMC "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 metr olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb sifarişçiyə təhvil verib: “Bu quyunun həm qazma sənayesi üçün, həm neft-qaz hasilatı üçün, həm də gələcəkdə görüləcək işlər üçün bir ilk olaraq böyük əhəmiyyəti var. Bu quyuda SOCAR-ın qazma işləri tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilib, quyuağzı avadanlıqların yığılmasında yeni metodlar tətbiq olunub və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri aparılıb. Əldə edilən uğurlardan biri də "Ümid" yatağı üzrə məhsuldar horizonrtlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olub. 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi  məmnunluğunun tam yerinə yetirilməsi "Ümid" yatağında yeni bir dövrün başlanmasına təkan verir. Sifarişçi ilə birgə iş apararaq 7-ci horizontu açmağa nail olduq və bunun nəticəsində çox böyük debit əldə etdik. Bu da hazırda həmin yataq üçün rekord göstəricidir."

R.İsayev bildirdi ki, son günlər SOCAR rəhbərliyi tərəfindən mətbuata verilən məlumatlardan da aydın görünür ki, quyunun ölçülmüş debiti sutkada 2.5 milyon kubmetr qaz və 400 ton kondensat olub: “Bu isə təqribən il ərzində 900 milyon kubmetr qaz hasilatı deməkdir. Müqayisə üçün bildirim ki, yataqdan bu günə kimi 2 milyarddan artıq qaz hasil edilib, ancaq bir quyunun bir ildəki hasilatı təxminən 1 milyard kubmetrə yaxın olacaq. Bu da onu deməyə əsas verir ki, quyu əhəmiyyətini və məhsuldarlığını təsdiqləyir.”

"SOCAR AQŞ"nin rəhbəri sonra məlumat verdi ki, bu günlərdə "KCA Deutag" və "SOCAR AQŞ" şirkətlərinin birgə müəssisəsi olan "Turan Drilling & Engineering" MMC "BP Exploration (Caspian Sea) Limited" (BP) şirkəti ilə beş illik və sonradan müddəti bir il olmaqla 2 dəfə də uzadıla bilən müqavilə imzalayıb: "İmzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması  imkanları da nəzərə alınmaqla  700 milyon ABŞ dolları məbləğindədir. Bu da Azərbaycanın qazma sənayesində mühüm əhəmiyyətə malik bir sənəddir. Müqavilə Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsini və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə "Şərqi Azəri", "Qərbi Azəri", "Mərkəzi Azəri", dərinsulu "Günəşli",  habelə "Qərbi Çıraq", "Çıraq" və "Şahdəniz" yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər. Birgə müəssisə özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan "KCA Deutag" şirkətinin səriştəsini, habelə "SOCAR AQŞ"nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir. Bu müqavilənin bağlanılması birgə müəssisəmizin ən yüksək sənaye standartlarını tətbiq etməklə kompleks layihələrin həyata keçirilməsi sahəsində texniki imkanlarının və potensialının müştəri tərəfindən tanınmasına dəlalət edir. Yerli şirkət olaraq "Turan Drilling and Engineering" birgə müəssisəsi təsisçi şirkətlərin mövcud infrastrukturu, təcrübəsi və resursları kimi amillərin birləşdirilməsi sayəsində xərclərin optimallaşdırılmasını təmin etmək baxımından əlverişli mövqeyə malikdir."

R.İsayev onu da bildirdi ki, "Turan" Qazma və Mühəndislik Şirkəti Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək: "Bu da ölkəmizə həm maliyyə baxımından, həm də nüfuz baxımından dividentlər gətirəcək. Eyni zamanda, Azərbaycan üçün dünya səviyyəli qazma mütəxəssislərinin yetişdirilməsinə öz töhfəsini verəcək."

Sonra “SOCAR AQŞ" MMC-nin baş direktoru R.İsayev və müəssisənin əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), 
“İki sahil”