12 iyul 2019 10:26
317

Ulu öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix yaradırdı

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov İkisahil.TV-yə açıqlamasında bildirdi ki,  ulu öndər Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir.

Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifələrindəndir. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşib. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi.

T.Əhmədov qeyd etdi ki, ulu öndər Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən tarixdən geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər və beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoymuşdur. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır. Bütün bunlar isə ulu öndərimiz  Heydər Əliyevin həm daxili, həm də xarici siyasətdəki səriştəsi, yüksək idarəetmə bacarığı, bənzərsiz nitq qabiliyyəti, geniş biliyə sahib olması və analitik düşüncə tərzinin nəticəsində mümkün olmuşdur.

Tağı Əhmədov ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası sıralarında yüz minlərlə ölkə vətəndaşının birləşdiyini diqqətə çatdıraraq qeyd etdi ki,  partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına malik insanlar birləşir. Bu insanların yüksək fədakarlığı, YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, onun yaradıcısına olan sədaqəti partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir.

Tağı Əhmədov qeyd etdi ki, böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, dahi öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Biz fəxr edirik ki, Heydər Əliyev kimi dahi, müdrik, əbədiyaşar, ümummilli liderimiz var. Ulu öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix  yaradırdı. Ümummilli Lider istər keçmiş sovetlər dönəmində, istərsə də  1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə  böyük zəmin yaratmışdır. Xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra Ulu Öndərimiz belə vəziyyətdə balanslaşdırılmış xarici siyasət kursunu tutaraq dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirdi. Ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyuldu. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində daha da artmaqdadır.

Tağı Əhmədov xüsusi vurğuladı ki, Azərbaycan xalqının qəlbində Ümummilli Lider zirvəsinə ucalan dövlət xadimi, dünya miqyaslı  siyasətçi Heydər Əliyev əbədiyaşarlıq qazanmışdır. Vətənini sevən hər bir Azərbaycan övladı özünün Ümummilli Lideri ilə fəxr edir. Bu gün dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında ümumxalq məhəbbətini qazanan Ulu Öndər, mütəfəkkir olaraq qalmışdır. Xalqımızın indiki və sonrakı nəsilləri Onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcəkdir.

Tağı Əhmədov bildirdi ki, ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etməkdən ibarət olmuşdur. “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur” deyən dahi öndər iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmişdir. Ulu Öndərin gərgin səyləri ilə Azərbaycanda torpaq islahatları bir sıra MDB dövlətlərindən fərqli olaraq tamamilə rəvan şəkildə həyata keçirilmiş, kəndlinin mənafeyinə cavab vermişdir.

Tağı Əhmədov xüsusi olaraq vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  mühüm nailiyyətlər qazanır. Əldə olunan nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, xalqa sədaqətli xidmət və praqmatik düşüncə tərzi dayanır.

Şəmsiyyə Əliqızı, “İki sahil”