08 may 2019 20:52
412

Ulu öndər Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaldıb

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizə edilən bu çağırışını, ən əsası reallığa söykənən və bütün dövrlər üçün öz təsdiqini tapan bu fikrini xatırlatmaq istərdik: “Nə qədərki Azərbaycan var, mən də varam.

Mən isə Azərbaycanda əbədi olacağam!” Dahi şəxsiyyət bu fikri ilə bir daha hakimiyyətinin hər iki dövründə Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə aydınlıq gətirdi. İnkaredilməz olan bu həqiqəti böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyev Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycanı qurdu. Bu fikri əminliklə söyləməyə mühüm əsaslar mövcuddur. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından öndə saxlamaları ucbatından Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül baş alıb gedir, silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək, parçalanmaq təhlükəsindən xilas etdi.

Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını önə çəkən ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, bugünkü və gələcək nəsillər ölkəmizin müstəqillik yolunda hansı çətinliklərlə rastlaşmasından və onları necə dəf etməsindən məlumatlı olmalıdırlar.

Bu günümüzün reallıqlarından bəhs edərkən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycan üçün gördüyü işlərin statistikasına diqqət yetirmək bir zərurət kimi ortaya qoyulur. Bu fikir daim önə çəkilir ki, ümummilli lider Heydər Əliyevin təkcə Sovet hakimiyyəti illərində fəaliyyəti böyük dövlətçilik akademiyasıdır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük yaddaşdır. İllər biri-birini əvəzlədikcə tarixdə şəxsiyyətlərin rolunu daha aydın görür, eyni zamanda, bu fikri təsdiqləyirik ki, tarix şəxsiyyətləri yetişdirməklə yanaşı, bəzən şəxsiyyətlərin özü tarix yaradır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdəndir. O, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1969-82-ci illərdə görülən işləri belə səciyyələndirmişdir: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.” 1993-cü ildən başlanan inkişaf yolu məhz 1969-82-ci illərdə yaradılan möhkəm bazaya əsaslanır. Görülən işlərin mahiyyətində dahi şəxsiyyətin bu tezisi dayanırdı: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.” Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirmişdi. Həmin illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və s. kimi biri-birindən vacib addımlar Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Müstəqillik tarixində 27 ildən artıq yolu qət edən Azərbaycanın bu gün dünyaya səs salan uğurları ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyasının, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyətinin aydın ifadəsini yaradır. Uğurlu daxili siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Azərbaycanın malik olduğu iqtisadi resurslardan səmərəli isifadəni təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanasına nail oldu. Bu saziş Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və rolunu möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuzunu artırdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz sazişləri, Anlaşma memorandumları bu günümüz üçün möhkəm baza formalaşdırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi, əlaqələr regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf etdi. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi, ən əsası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarının davamlılığından xəbər verir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı.

Ümumilikdə Ümummilli Liderin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüququnu təmin etdi. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyamız Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunda mayak rolunu oynadı. İnsan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması və s. kimi demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Senzuranın, ölüm hökmünün ləğvi, 1995-ci ildən etibarən əfv sərəncamlarının imzalanması və Amnistiya aktlarının qəbulu ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanist ideyaların qorunmasının təsdiqidir.

Dahi şəxsiyyət Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, əsl söz sahibi kimi dünyada cərəyan edən proseslərə təsir imkanlarının genişləndirilməsi üçün ciddi addımlar atdı. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın birliyinə nail olduqdan, mərkəzlər yaradıldıqdan sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci ilin noyabrında ölkəmizdə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Məhz o zamandan başlayaraq ənənəvi olaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayı keçirilir.

Ümummilli lider Heydər Əliyevin xidmətləri sırasında bu gün sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Partiyanın hansı zərurətdən yarandığı məlumdur. Qeyd etdiyimiz kimi, bu o dövr idi ki, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, Ümummilli Liderin bu müraciətə müsbət cavabı bugünkü uğurlarımızın əsası kimi dəyərləndirilir. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirirlər.

Son 15 ildə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlatmaq istərdim: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işdə təsdiqləməklə növbəti - 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini təmin etdi. Son 15 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın yeni-yeni hədəflərə doğru addımlamasını bir zərurətə çevirdi. Neft kapitalının insan kapitalına çevrilməsi artıq reallıqdır. İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq baxış daha da yüksəlir.

Diplomatik mübarizədə qələbə və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır.

Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlara qısa baxış bir daha bu fikri böyük fəxr hissi ilə deməyə əsas verir ki, bu yol uğur, tərəqqi yoludur. Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında yeni üfüqlər açır.

Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərinə həsr olunan kitablar, elmi əsərlər yazılıb, yeni-yeni araşdırmalar aparılıb. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir sahəsi bir tədqiqat, araşdırma mövzusudur. Dünya tarixşünaslığında Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi deyə bilərəm ki, onun hakimiyyətinin hansı dövrünə nəzər salsaq, hər bir mərhələ səciyyəvidir, maraqlıdır, öz xalqı, dövlətinə bağlılığı ilə fərqlənir. Doktorluq dissertasiyasını yazarkən, dərk edirdim ki, üzərimə çox böyük məsuliyyət düşür. Heydər Əliyev haqqında kimsə elmi əsər yazmaq istəyirsə, sanballı tədbiqat işi olmasını qarşıya məqsəd qoyursa, hər şey ölçülüb biçilməli, arqumentlərə, faktlara, onun gördüyü real işlərə söykənməlidir. Bu gün fəxr edirəm ki, dissertasiyamı ulu öndər Heydər Əliyevin birbaşa xeyir-duası ilə yazmışam. Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Onun irsi qiymətli xəzinə, ucu-bucağı görünməyən bir ümmandır. Heydər Əliyevin fəaliyyəti tükənməzdir. Onun haqqında nə qədər elmi işlər yazılsa, nə qədər kitablar çap olunsa yenə də kifayət etməyəcək. Heydər Əliyev bu gün cismən bizimlə olmasa da, onun Azərbaycanımız, xalqımız üçün gördüyü işlər yüksək zirvə kimi gözümüzün önündədir. Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaldıb. O abidənin adı müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyev ocağından bəhrələnən, onun ideyalarının qüdrətli daşıyıcısı, siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev uğurlu siyasəti, təkmil islahatları ilə Azərbaycanın adının dünyanın 10 ən islahatçı ölkəsi, xalqımızı 10 ən xoşbəxt xalq sırasında daxil edib. Bu gün hər bir Azərbaycan vətəndaşı, ziyalısı dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha sıx birləşməli, qürür mənbəyimiz olan müasir müstəqil Azərbaycanımızı daha da qüdrətli, güclü dövlətə çevirməliyik.