07 iyun 2019 17:56
589

UEFA-nın “Avro 2020” üçün cəlbedici bilet təklifi

Biletləri iyunun 12-dən iyulun 12-dək euro2020.com/tickets veb-səhifəsindən 30 avroya əldə etmək olar 

UEFA futbol üzrə Avropa çempionatının 60 illik yubileyinə həsr olunan “Avro 2020”nin oyunlarına biletlərin qiymətini və satış siyasətini açıqlayıb. Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatda iştirak edəcək 24 komandanın oyunları 12 müxtəlif şəhərdə - Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqda təşkil olunacaq.

Oyunlara rekord sayda – üç milyon bilet satılacaq. Bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləməsinə imkan verəcək. 2,5 milyona yaxın bilet iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

Öncə azarkeşlər

“Avro 2020”nin tamaşaçı biletlərinin 82 faizi iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub. Qırx dörd oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq. Londonda keçiriləcək iki yarımfinal və final oyunları üçün nəzərdə tutulan biletlərin 40 mini 100 avrodan ucuz qiymətə təklif ediləcək. Satışların birinci mərhələsində bilet üçün müraciət etmiş, lakin əldə edə bilməmiş azarkeşlər üçün yeni imkan olan kimi onlar bu barədə dərhal məlumatlandırılacaqlar.

Bilet məhsulları

Biletlər seçim üzrə iki növə bölünəcək. Fərdi biletlər - bir stadionda bir matç üçün biletlər və “Komandamı təqib edirəm" biletləri (2019-cu ilin dekabrından başlayaraq) - oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsindəki görüşlərində iştirakına imkan yaradacaq. Əgər komanda yarışı pley-off mərhələsindən əvvəl tərk edərsə, o zaman bilet üçün ödənən məbləğ tam şəkildə azarkeşə geri qaytarılacaq.

UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxslər ödənişsiz yerlər üçün müraciət edə biləcəklər.

euro2020.com/tickets vasitəsilə bilet müraciəti

Bilet satışının bu il iyunun 12-dən iyulun 12-dək davam edəcək birinci mərhələsində 1,5 milyon bilet satılacaq. Bu da 2016-cı ildəki Avropa çempionatı ilə müqayisədə 50 faiz çoxdur. Bu il dekabrın əvvəllərində start götürəcək ikinci mərhələdə iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq (əvvəlki çempionatdan 20 faiz çox). Bu satışlar final mərhələsinin noyabrın 30-da keçiriləcək püşkatma mərasimindən sonra başlayacaq.

Satışların növbəti mərhələsi 2020-ci ilin aprelində keçiriləcək. Çünki “Avro 2020”də iştirak edəcək son dörd komanda martın 26-31-də keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək. Bütün biletlər yalnız internet vasitəsilə və euro2020.com/tickets veb-səhifəsindən satışa çıxarılacaq. Tələbat çox olarsa bilet satışı şəffaf lotereya qaydasında aparılacaq.

Biletlərin kateqoriya və qiymətləri

“Avro 2020” üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb. A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir. Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə Bakıda keçiriləcək dörddəbir final oyunu üçün biletlər Münxen, Roma və Sankt-Peterburqda keçiriləcək dörddəbir final matçlarının biletləri ilə müqayisədə daha ucuzdur.

Rəsmi “Yenidən satış” platforması

Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə öz biletlərini euro2020.com/tickets veb-səhifəsi ilə nominal dəyərlə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam şəkildə geri almalarına şərait yaradır.

Qonaqpərvərlik paketləri

İyunun 12-dən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri mövcud olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur. Daha ətraflı məlumat üçün euro2020.com/hospitality linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, Bakıda keçiriləcək oyunlara biletləri kateqoriyalardan asılı olaraq 30, 75 və 125 avroya əldə etmək mümkündür.

Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.

Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda A qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.