17 oktyabr 2019 20:24
164

Türkmənistanda ekoloji aksiyaya start verilib

Türkmənistanın Ətraf Mühit Cəmiyyəti plastik toplanışı üzrə ekoloji aksiyaya start verib. Kampaniyadan məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin çirkləndirilməsi probleminə yönəltmək və birgə səylərlə plastik tullantıların sayını azaltmaqdır.

AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, hər kəs bu aksiyaya qoşula və ətraf mühitin qorunmasına öz şəxsi töhfəsini verə bilər. Bundan ötrü su, bitki yağı, məişət kimyası üçün istifadə olunan plastik butulkaları toplayıb qəbul məntəqəsinə təhvil vermək kifayətdir.

Türkmənistanın Ətraf Mühit Cəmiyyəti tərəfindən ekologiya könüllülərinə bunun əvəzində müxtəlif bitkilərin tingləri verilir. Bu tinglərlə evlərin yaxınlığındakı əraziləri bəzəmək mümkündür. 10-15 kiloqram plastik toplamış fəala 3-4 ting verilir.

Daha sonra plastik kütlə yenidən emal olunur və kisələrin istehsalında zəruri olan sintetik saplar, gül üçün dibçəklər və s. hazırlanmasında istifadə edilir.

Bu günədək QHT fəalları tərəfindən 2,5 tondan çox plastik məhsul toplanıb və təkrar istifadə olunub.