31 iyul 2020 17:41
1350

Türkiyənin A HABER televiziya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Türkiyənin nüfuzlu A HABER televiziya kanalı Azərbaycanla bağlı analitik məzmunlu xüsusi veriliş yayımlayıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsi faktlar və məntiqi mülahizələr əsasında həyat gerçəkliyi kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamik inkişafının qorunmasında və böyük uğurlar qazanmasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarının mətin siyasi iradəsi böyük təsirə malikdir. Türkiyə açıq şəkildə ifadə edir ki, Azərbaycanı bütün imkanlarla dəstəkləmək mənəvi borcumuzdur.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, keçmiş SSRİ-nin süqutu illərindən başlayaraq ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, Dağlıq Qarabağ və ətraf rayonların işğalının siyasi səbəbləri və acı nəticələri, Türkiyənin Qafqaz siyasəti, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hazırkı mərhələsi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft və qaz strategiyasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, Azərbaycanın çoxistiqamətli inkişaf dinamikası, təcavüzkar Ermənistanın Qafqaz bölgəsində yaratdığı beynəlxalq təhlükə və s. məsələlərdən bəhs olunub.

Türkdilli tamaşaçılara müfəssəl olaraq məlumat verilib ki, əgər Ermənistan kənar qüvvələrin təhriki ilə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsə regiondakı tamamilə başqa bir sfera - faydalı münasibətlər, qarşılıqlı anlaşma, çoxistiqamətli inkişaf müstəvisi qurulardı. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi Xocalı soyqırımı tarixin üz qarası adlandırılıb.

Verilişdə, həmçinin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hərbi hücum cəhdləri, bu təxribatın nəticələri və yaratdığı böyük təhlükə, Türkiyənin bu prosesdə sərgilədiyi qətiyyətli mövqe, eləcə də, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən bəhs olunub. Azərbaycanın bütün inkişaf göstəricilərinə görə Qafqazda lider dövlət olduğu vurğulanıb.