14 iyul 2020 22:34
666

Türkiyə Prezidenti: Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını söyləyib. Dövlət başçısı bildirib ki, Vətənini müdafiə edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq. Sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib. Heç şübhəsiz, bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Burada məqsədli bir təxribat var: həm Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, həm də yeni bir münaqişə mənbəyi yaratmaq. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə, xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik.