15 sentyabr 2020 16:49
532

Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır

15 sentyabr  1918-ci il  Türkiyə-Azərbaycan birliyinin əbədilik rəmzidir

 

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu tarix Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi.  

    Ölkə Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəngində 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq  Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd etdiyini,  bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad olunduğunu, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib. O da qeyd olunub ki,  əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir. Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar. Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

    2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 102 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı bir daha iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin tarixi köklərə malik olduğunu dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev paraddakı nitqində vurğuladığı kimi, bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər.

Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti əsasında reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca, BTQ  dəmiryolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın, Azərbaycan-Türkiyə birliyinin növbəti  təcəssümü kimi “Star” Neft Emalı Zavodunun istifadəyə verilməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı növbəti layihələrin müjdəçisi kimi qiymətləndirir.

     Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

      Azərbaycanla Türkiyə arasında əlaqələr  digər sahələrdə olduğu kimi, hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə hərbçilərinin ənənəvi olaraq keçirilən hərbi təlimləri  deyilənlərin təsdiqidir. Ötən il Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri bir daha bu birliyə, həmrəyliyə işıq saldı. Türkiyənin milli müdafiə naziri Hülusi Akarla Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Naxçıvanda keçirdikləri görüşdə qeyd etdikləri kimi, hər iki ölkə arasındakı hərbi əməkdaşlıq dostluq, qardaşlıq münasibətləri əsasında möhkəmlənir. «Sarsılmaz qardaşlıq-2019» bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir. Eyni fikirləri  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri haqqında da söyləyə bilərik.  Bu təlimlər qardaş ölkənin KİV-lərində  daha çox müzakirə olunmaqda, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin  bariz nümunəsi kimi qeyd edildi.  «Bir millət, iki dövlət» kimi dəyərləndirilən  Azərbaycanla  Türkiyə arasında əlaqələrin inkişafının göstəricisi kimi şərh edilən bu təlimlər, həmçinin  iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

   İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı Azərbaycan ordusunun qətiyyəti, dövlətimizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək qazandı. Dövlətimizin başçısı İlham Əliyev  Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  diqqəti  beynəlxalq təşkilatların məlum təxribata reaksiyasına yönəldərək bildirmişdir ki, ilk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər.  Prezident tərəfindən çox önəmli açıqlama verildi: «Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.»

       Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə Rusiya Prezidenti Vladimir  Putinlə  telefon danışığında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən bəhs olunması qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ  problemini  öz problemi kimi qəbul etdiyini bir daha təsdiqlədi. Eyni zamanda, Türkiyə Prezidentinin  Ayasofya məscidinin bərpadan sonra açılış mərasimindəki bəyanatını xatırlayaq: «Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və Vətənlərini müdafiə etmək səylərini də eyni anlayışla dəstəkləyirik. Özümüz və dostlarımız üçün necə lazımdırsa mübarizə aparacağıq.»

  Bütün münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini əyan edən rəsmi Ankara dünyadan ikili standartlara son qoymağı tələb edir. Azərbaycana qarşı əsassız  torpaq iddiası ilə çıxış edən Ermənistan Türkiyəyə  qondarma «erməni soyqırımı» məsələsini irəli sürür. Erməni lobbisinin daha çox olduğu ölkə olaraq Fransa kimi dünyanın böyük dövləti heç bir araşdırma aparmadan, tarixə müraciət etmədən «erməni soyqırımı»nı tanıyıb, bunu digər dövlətlərdən də tələb edirsə, hətta bu ölkədə «erməni soyqırımı»nı tanımayanlara qarşı cəzanın nəzərdə tutulmasını özündə əks etdirən qanun layihəsinin müzakirəsinə şərait yaradılırsa, bu gün təxribatlarını adi hala çevirən Ermənistanın ərköyünlüyünün arxasında nəyin və kimlərin dayandığını geniş şərh etməyə ehtiyac duymuruq. Həmçinin bu məqamı da qeyd etməliyik ki, Ermənistanda «erməni soyqırımı» abidəsi ucaldılır, bura gələn bu və ya digər ölkənin rəsmiləri həmin abidəni ziyarət edir, amma  məsələ qaldırılanda bəzi dövlətlərin başçıları bunu protokol qaydalarına riayət kimi təqdim edərək diqqəti yayındırmağa çalışırlar. Amma unudurlar ki, bu protokol qaydası deyil, bir siyasətdir.  Ermənistan hakimiyyəti bu addımlardan «erməni soyqırımı»nın tanınması kimi istifadə edir. Dünya hələ də susmağındadır. Türkiyənin Avropa Birliyinə qəbulu məsələsi gündəmə gələndə yenə də dərhal «erməni soyqırımı»nin tanınması bir tələb kimi ortaya qoyulur. Yalnız bu halda Türkiyənin Avropa Birliyinə qəbulu mümkündür.

   İstər Azərbaycana, istərsə də Türkiyəyə ikili siyasətdən yaranan addımların xronologiyasını xeyli sayda davam etdirə bilərik.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı bu  çağırışı bir daha xatırlatmaq istərdik: «Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.»  

     Təhlil əsasında bu əminliyi də böyük fəxrlə qeyd edirik ki, bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir. Dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı ilə bağlı səsləndirdiyi  fikirləri yada salmaq istərdik: «Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.»

 Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən narahatlığını ifadə edərək səsləndirdiyi  «Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq» fikirləri də  bir daha iki dost ölkənin birliyinin sarsılmazlığına, əbədiliyinə işarədir. Bu birlik illər keçdikcə daha da möhkəmlənir, hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında yeni-yeni layihələr  reallığa çevrilir, hər bir məsələnin həllində ümumi mövqe ortaya qoyularaq dünyaya  bu nümunə göstərilir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.»

Yeganə Əliyeva, «İki sahil»