14 sentyabr 2020 17:58
1156

Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.

15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması zamanı  şəhid olan Qafqaz İslam Ordusunun əsgərləri bu  qardaşlığın əbədiliyini  tarixə qanları ilə  yazdılar

 Türk  dünyası birliyinin, həmrəyliyinin  əsrlərdən bəri yaşanmasının başlıca səbəblərindən olan və özündə müqəddəs yeddi rəqəmini ehtiva edən  soy,  dil, ideal, mədənyyət, Vətən , tarix və din kimi milli dəyərlər  ulularımızdan sonrakı nəsillərə  qalan varislik ərmağanıdır.

 Türk dünyasının birliyi, həmrəyliyi yolunda  inamlı addımlar ataraq oxşar mental dəyərlərə,  tarixə, eyni kökə malik xalqların yaxınlaşmasında  aparıcı rolunu həmişə davam etdirən  Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini  təsdiqləyən  tarixi faktlar çox olsa da, onların arasında özünəməxsus yeri olan, azərbaycanlı qardaşlarını  erməni-bolşevik  qırğınından xilas edən  Qafqaz İslam Ordusunun  fədakarlığı xüsusilə fərqlənir. Tarixə nəzər salaq.

   … Azərbaycan Milli Şurası və  Hökuməti 1918-ci il iyunun16-da Tiflisdən  Gəncəyə  köçür.  Zaqafqaziya respublikaları arasında  sülh müqaviləsi  bağlanmamışdan əvvəl Gəncədə yerləşən  Ənvər paşanın qardaşı Nuri paşanın məqsədi  azərbaycanlıları təhlükələrdən qorumaq üçün Qafqaz İslam Ordusunu yaratmaq idi. «Bu orduya general Əliağa Şıxlinskinin komandanlıq etdiyi müsəlman  milli korpusu, dikaya ( vəhşi) diviziyanın pərən-pərən düşmüş hissələri və habelə yerlilərdən düzəldilmiş dəstələr daxil ediləcəkdi. Beləliklə,  Nuri paşanın komandanlığı altında  18 min nəfərdən ibarət Qafqaz İslam Ordusu yaranmışdı ki,  bunun ancaq üçdə bir hissəsini türklər təşkil edirdi. Qalanları isə heç bir təlim görməmiş yerli gənclər idi.» ( Qılman İlkin. « Türk Ordusu Bakıda.»)

  O dövrdə  yaranmış  qarışıqlıqdan istifadə edən erməni- bolşevik birləşmləri Bakıda, Azərbaycanın bütün ərazilərində yerli əhaliyə  qarşı  geniş miqyasda soyqırımı törətdilər.  Tez-tez dəyişən hadisələrin əsl mahiyyətindən xəbərsiz yerli sakinlər nə edəcəklərini, kimə inanacaqlarını belə bilmirdilər.  Belə qarışıq bir zamanda   Bakıda vəziyyəti gərginləşdirən   10 min nəfərlik rus, erməni,  ingilis qüvvələri  insanlarda xof yaratmışdı.    Bakının yaxınlığında toplaşan   8 mini türk, 6 minə yaxını azərbaycanlılardan ibarət  xilaskar Qafqaz İslam Ordusu avqustun 5-də   üç tərəfdən Bakıya hücuma keçdi. İlk hücum uğursuzluqla nəticələnsə də , sentyabrın 14-də  keçirilən əməliyyatda  Qafqaz İslam Ordusu tarixi qələbə çaldı. Nəhayət, sentyabrın 15-də  ordu Bakıya daxil olur.  Yerli sakinlər onları daşnakların   soyqırımından, ölümdən qurtaran əsgərləri duz- çörəklə qarşılayırdılar.  Xilaskarlıq missiyasını başa vuran  Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-ə kimi  Azərbaycanın azadlığı uğrunda  döyüşlərdə  4 mindən çox əsgər və zabitini itirmişdir.

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda
 o illərdə   Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini qardaşlıq və həmrəyliyin ifadəsi adlandıran Prezident İlham Əliyevin illərə körpü salan «Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik» sözləri  hər zaman üçün xarakterikdir.

 Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya köçməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının işğaldan  azad edilməsi tarixi hadisə idi. Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatında qalib gələn türkçülük oldu. Bakı Azərbaycan dövlətinin paytaxtı elan edildi.
 Küləklər şəhəri əsl sahibinə qaytarıldı. Nuru paşanın, Qafqaz İslam Ordusunun  qəhrəmanlığını  zəfər günü kimi qeyd edən   minlərlə Bakı sakini üçün bu  möhtəşəmlik tarixlərə  yazılan  birlik bayramı idi. Bu gün də əsrlərin dolayında  möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı  eyni səmimiyyətlə davam edir.
   Paradda  çıxış edən  Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 
 Qafqaz İslam Ordusunun şəhidləri haqqında söylədiyi «Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir… Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan «Bir millət, iki dövlət»” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik» sözləri Türkiyə və Azərbaycanın birliyinə  ən gözəl nümunəsidir.

 Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi  1918-ci il sentyabrın 15-də  baş verən müharibə, əsla, adi bir hadisə deyildi. Bir əsr bundan əvvəl burada aparılan mübarizə  qardaşlığın, dostluğun, birlik və bərabərliyin sarsılmazlıq rəmzidir: «Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik.»

 Türk və Azərbaycan əsgərlərinin birgə təmsil olunduqları Qafqaz İslam Ordusunun əsgərləri 1918-ci ildə  qəhrəmanlıq göstərərək, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyimiz üçün də   təməl yaratdılar. Azərbaycanın 1991-ci ildə bərpa olunan  müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə Respublikasının olması heç də təsadüfi deyil. Əsrlərin sınağında bərkimiş bu qardaşlıq müasir dövrümüzün siyasi, iqtisadi çağırışına uyğun şaxələnmiş istiqamətdə inkişaf edərək,  xarici müdaxilələrə qarşı  birgə  mübarizədə daha da bərkiyərək türk dünyasının birliyini də təmin edir.

Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi, iqtisadi sahədə strateji tərəfdaşı deyil,  ticarət, iqtisadiyyat, mədəniyyət və hərbi  sahələrdə ən mühüm əməkdaşıdır. Bu səmimiyyət, bu istək Prezident İlham Əliyevin  Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını göstərən  «Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun» sözlərində də ifadəsini tapır.
 Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, ticari əlaqələr bu gün ən yüksək zirvədədir.  Hər il  Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. İki qardaş ölkənin birgə səyinin nəticəsi olan, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən formalaşdıran  enerji-nəqliyyat layihələrinə maraq artmaqdadır.  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri,  Cənub Qaz Dəhlizi, TANAP,  Bakı-Tbilisi-Qars dəmiryolu  hər iki dövlətin birgə səyinin və siyasi iradəsinin nəticəsi olaraq  beynəlxalq və regional töhfəsini verir.
«Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya miqyasında böyük gücə çevrilən Türkiyənin iştirakı olmadan  heç bir məsələ həll oluna bilməz: «Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır… Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir.»

  Artıq NATO standartlarına uyğun formalaşan Azərbaycan  Silahlı Qüvvələrinin beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasında olmasında da bu qardaşlığın payı vardır. Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan döyüş meydanında öz gücünü, şücaətini göstərən Milli  Ordumuzun Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində, Naxçıvanda keçirilən Günnüt əməliyyatında qaldırılan  Azərbaycanın üçrəngli dövlət bayrağı bir çox beynəlxalq tədbirlərdə qardaşlıq rəmzi kimi Türkiyənin ay-ulduzlu sancağı  ilə birgə dalğalanaraq,  ortaq düşmənlərimizə göz dağı verir.
Bu günlərdə  Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi  regionunda  Türkiyənin mövqeyini  dəstəklədiyini bildirən  Prezident İlham Əliyevin «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözlərinin Türkiyədə  qardaş dəstəyi kimi sevinclə qarşılanması birliyimizin sarsılmazlıq nümunəsidir.

 Ermənistanın  Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi  təxribatdan narahatlığını  bəyanatları ilə bildirən  Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın,  hökumət və dövlət  rəsmilərinin işğalçıya xəbərdarlıqları, hər iki ölkə hərbçilərinin birgə  keçirdikləri təlim məşqlər yenə də  “Bir dövlət-iki millət” reallığının ifadəsidir.””      Bu gün də Qafqaz İslam Ordusunun  tarixi qələbəsi, döyüşlərdə şəhid olanların xatirəsi  Türkiyədə, Azərbaycanda hörmətlə yad edilir,  vətənpərvərlik, birlik, qardaşlıq  nümunəsi adlandırılır,  təbliğ olunur.

Xuraman İsmayılqızı

“İki sahil”