KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Türk Zirvəsi və İlham Əliyevin liderlik keyfiyyətləri

16 oktyabr 2019 11:09
248

Türk Birliyi – Türk Keneşinin 10 illiyinə həsr edilmiş Türk Zirvəsi başa çatdı. Bakı şəhəri başda olmaqla bütün Azərbaycan, türk dövlətləri, eyni zamanda dünyanın maraqlı mərkəzləri və dövlətləri bu prosesi çox yaxından və maraqla izlədi. Özəlliklə də Özbəkistanın tam hüquqlu üzv olaraq Birliyə qoşulması, Macarıstanın müşahidəçi kimi sıralarımızda yer alması olduqca diqqətçəkən məqamlardır. Türkmənistan dövləti hələlik Birlikdən kənarda qalsa da Zirvə görüşlərində təmsil edilir, bu dəfə də elə oldu.

Ayrıca vurğulanması vacib olan məqam Macarıstanın bu birlikdə yer almasıdır. Bəllidir ki, Zirvə öncəsi Budapeştdə Türk Keneşinin təmsilçiliyi də açılmışdı. Macarıstan öz türk köklərini – yaddaşını qoruyan bir dövlət olmaqla bərabər Avropa Birliyinin də üzvüdür. Coğrafi olaraq da Avropanın tam ortasında yerləşir. Bu iki amil həm də onu deməyə əsas verir ki, Türk Keneşi Macarıstan üzərindən Avropa Birliyi ilə çox irəli gedəcək işbirliyi qura bilər.

Zirvə görüşünün Bakıda keçirilməsi həm də yan tədbirlər üçün əlavə imkan demək idi. Bunların sırasında ayrı-ayrı sahə təmsilçilərinin görüş və müzakirələri ümumi işimizə çox ciddi fayda vermiş oldu. Belə tədbirlərdən birinə biz də qatıldıq. Türkiyə və Azərbaycan media təmsilçilərinin ortaq tədbirini Türkiyə Xarici işlər naziri Mevlud Çavuşoğlunun himayəsində Azərbaycan Mətbuat Şurası və Küresel Gazeteciler Konseyi təşkil etmişdi. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı, ciddi ismarıclarla zəngin çıxış etdiyi tədbir özəlliklə də qardaş ölkədən gəlmiş jurnalistlər üçün olduqca maraqlı idi.

Bütün bunların fonunda Türk Keneşinin rəsmi toplantısı – dövlət başçıları zirvəsini ayrıca təhlil etmək lazımdır. İrəli qaçaraq qeyd etmək istərdik ki, bu zirvə görüşü hələ uzun illər müzakirə ediləcək, onun türk dövlətlərinə, ümumilikdə türk dünyasına verəcəyi faydalar hər keçən gün hiss ediləcək.

Bu zirvə görüşü Azərbaycanın önəmini, yerini, rolunu və gücünü bir daha bütün dünyaya göstərmiş bir tədbir kimi də diqqət çəkir. Ən diqqətçəkən məqamsa Prezident İlham Əliyevin ev sahibi kimi yüksək peşəkarlıq nümayiş etdirməsi, qardaş ölkə başçılarının ölkəmizlə bağlı düşüncələrinin daha da möhkəmlənməsinə səbəb olmasıdır.

Türk Zirvəsində İlham Əliyev lider kimi üstün keyfiyyət və bacarıqlarını bir daha nümayiş etdirdi. Onun Valday Klubundakı məlum qətiyyətli çıxışı, Aşqabadda MDB dövlət başçılarının zirvəsindəki qətiyyət və cəsarətinin ardından Türk Keneşi Bakı Zirvəsində möhtəşəm çıxışı yarım aylıq bir müddətə növbəti damğanı vurmaqla tarixə düşmüş oldu. Azərbaycan Prezidenti bu zirvə görüşündə həm də türk dünyasının mərkəz lideri olduğunu göstərdi. Onun şəxsinə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın göstərdiyi diqqət, yaxud da türk dünyasının bütün anlamlarda ağsaqqalı, bilgə dövlət adamı – Elbası Nursultan Nazarbayevin verdiyi dəyər diqqətlərdən yayınmadı. Eyni zamanda Türk Keneşinə yeni qoşulmuş qardaş Özbəkistan dövlətinin rəhbəri – Yurdbaşı Şevket Mirziyoyevin həm Prezident İlham Əliyev, həm də Azərbaycan haqqında şövqlə danışması yenə də dövlət rəhbərimizin şəxsi liderlik keyfiyyətlərinə bağlı məsələdir. Qırğızıstan Prezidenti Sooronbay Ceyenbekovun, həmçinin Türkmənistan Baş nazirinin müavini Purlı Ağamuradovun çıxışları da Prezident İlham Əliyevin qurduğu güclü Azərbaycan haqqında olduqca xoş sözlərlə zəngindi. Macarıstanın baş naziri Viktor Orbansa dəfələrlə ölkəmizdə olduğunu, hər gəlişində buranın yaxşılığa doğru dəyişdiyini, ayrıca vurğulamaqla Prezident İlham Əliyevin qurucu lider olmasına diqqət çəkdi.

Türk Zirvəsi bir daha göstərdi ki, Azərbaycan məhz İlham Əliyevin liderliyində həm qlobal, həm də regional səviyyədə dünya üçün diqqətçəkən bir mərkəzə çevrilib. ABŞ, Avropa Birliyi və Rusiya kimi qlobal güclərin də diqqətə aldığı, sayğılı davrandığı Azərbaycan təbii ki, zəif liderə sahib olsaydı yəqin ki, Ermənistan kimi ələbaxımlı və qapazaqolay dövlət olar, heç kim tərəfindən sayılmazdı. Amma İlham Əliyevin şəxsiyyəti – liderlik özəllikləri və dünya liderləri tərəfindən sayğıyla qarşılanması vətəndaş olaraq bizim də dövlətimizlə qürur duymağımıza səbəb verir.

Azərbaycan növbəti dönəmdə Türk Keneşinə rəhbərlik edəcək. Heç şübhəsiz yenə də İlham Əliyevin qayğı və diqqəti sayəsində bu rəhbərlik ən uğurlularından biri olacaq. Biz buna özümüz kimi əminik.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...