24 yanvar 2020 14:11
693

Türk-Alman Universitetinin yeni binasının açılışı olub

Almaniya Kansleri Angela Merkel Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.

Səfər zamanı Almaniya Kansleri Türk-Alman Universitetinin İstanbuldakı yeni binasının açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyədə əsr yarım tarixi olan Alman Liseyi kimi Türk-Alman Universitetinin də iki dövlət arasında dostluğun rəmzi olmasına ümidvar olduğunu deyib. O, Türkiyədə təhsil alan xarici tələbələrin sayının 15 min 172-yə çatdığını, Türk-Yapon Elm və Texnologiya Universiteti və Türk-İtalyan Universiteti kimi ortaq ali təhsil müəssisələrinin yaradılması ilə bağlı işlərin davam etdiyini bildirib.

Qeyd edilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, Liviya başda olmaqla regional məsələlər müzakirə olunacaq.

Tədbirdə çıxış edən Angela Merkel bu ali təhsil müəssisəsinin Türkiyə-Almaniya dostluğunun bir rəmzi olduğunu bildirib.

Səfər çərçivəsində Angela Merkelin İstanbulda bir sıra tədbirlərdə iştirakı gözlənilir. Bu görüşlərdə ikitərəfli münasibətlər, Almaniyanın iyul ayından etibarən Avropa İttifaqına sədrliyi, Türkiyə-Avropa İttifaqı əlaqələri, burada iştirak prosesi, Gömrük İttifaqının yenilənməsi və sərbəst viza məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.