KÖŞƏ

Zahid Rza

Tükənmişlik sindromu: İlqar Məmmədovun avtoritarizmi ReAl-ı dağıdır

07 noyabr 2019 19:21
254

Respublikaçı Alternativ Partiyasının (ReAl) Məclisinin sədri Azər Qasımlı sədr İlqar Məmmədovu avtoratimizdə ittiham edərək istefa verdiyini açıqlayıb. A.Qasımlının sözlərinə görə, onun istefasının əsas səbəblərindən biri, bəlkə də birincisi İlqar Məmmədovun ReAL-ı təkbaşına idarə etmək istəyi, təşkilatda avtoritar rejim qurmaq istiqamətində atdığı addımlar olub.

 ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı keçirdiyi mətbuat konfransında İ.Məmmədovu partiyada kollektiv idarəçiliyi zəiflətməkdə, yerli təşkilatları dağıdıb məhv etməkdə də ittiham edib: “İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur”.

ReAl Məclisinin sabiq sədrinin sözlərinə görə, əlindən gələni etsə də partiyadaxili demokratiyanı bərpa edə bilmək üçün ciddi addımlar atsa da heç bir nəticə əldə edə bilməyib. Belə ki, ReAl Partiyasının nizamnaməsinə əsasən, növbədənkənar qurultayın keçirilməsi qərarının verilməsi üçün Məclis üzvlərinin 23 səsinə ehtiyac olduğuna və bunun əldə edilməsinin çox çətin olmasına, partiyanın Məclisinin növbədənkənar qurultay qərarını verməsinə, həmçinin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsini yaratmasına baxmayaraq nəticədə  heç nə əldə edilməyib.

Maraqlıdır ki, Azər Qasımlının istefasından sonra onun həyat yoldaşı Samirə Qasımlı da partiyaya və təşkilatın sədri İlqar Məmmədova məktub ünvanlayıb, məktubu şəxsi “Facebook” səhifəsində paylaşıb. O, məktubunda ReAl sədri İlqar Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib: “İlqar bəy qaydasız oynayır, açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq... Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “Facebook”da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə, yenidən partiya yığarsınız. Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət laboratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil”.

Şübhəsiz, əgər “mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burada qalmaq avtoritar strukturda olmaq deməkdir” deyən A.Qasımlı istefa verməsəydi belə təşkilatdakı avtoritarizmə etiraz edərək partiyadaxili müxalifəti leqallaşdırdığına görə onu müxtəlif bəhanələrlə  ReAL-dan qovacaqdılar. Çünki elə onun öz sözlərinə görə, “təşkilatı kommunist partiyasına çevirən”, tənqidlərə, təkliflərə, fərqli fikrə, müzakirələrə dözümsüzlük nümayiş etdirən İ.Məmmədov yəqin ki, kommunistlər kimi davranacaqdı. Kommunistlər isə partiyadaxili müxalifətə ya divan tutur, ya da ən yaxşı halda həmin şəxsləri təşkilatın ideoloji-siyasi xəttinə zidd mövqe tutduğuna görə öz sıralarından xaric edirdilər.

Görünən odur ki, müxalifətin siyasi palitrasının təmsilçilərindən olan ReAL-ın vaxtilə maraqlı dairələr tərəfindən bütləşdirilən, cəmiyyətə “yeni lider”, “demokratiya fədaisi” kimi sırınan sədri İ.Məmmədov artıq tükənmişlik sindromundan əziyyət çəkir. Məhz bu sindrom onun rəhbərlik etdiyi (əgər belə demək mümkündürsə) partiyanı parçalanmanın və tənəzzülün bir addımlığına gətirib çıxarıb. ReAL-ın indiki durumu, A.Qasımlının partiyadan istefa verməsinə münasibət bildirənlərin sosial şəbəkələrdəki statusları bunu bir daha təsdiq edir. Bu statuslara, rəylərə, ekspertlərin açıqlamalarına diqqət edəndə açıq-aşkar görünür ki, ReAl-ın fatihəsi çoxdan verilib.

Bu baxımdan Müsavat Partiyasının sədrliyinə sabiq namizəd Yadigar Sadıqlının A.Qasımlının istefa qərarı ilə bağlı  “Facebook”dakı yazısı  çox maraqlı və diqqətçəkicidir: “ReAl-a həmişə rəğbətlə yanaşmışam. Hesab edirdim ki, ölkədə yeni bir siyasi qüvvəyə ehtiyac var... İnsanlar var ki, müəyyən səbəblərdən klassik müxalifətə heç zaman qoşulmayacaqlar. Buna görə də yeni müxalif təşkilatın yaranmasının faydalı olacağını düşünmüşəm. Üstəlik, xeyli dostlarım, şəxsi münasibətlərimin çox isti olduğu insanlar var ReAl-da. Amma təəssüf. Növbədənkənar qurultay və qurultaya qədər bütün səlahiyyətlərin sədrə verilməsi qərarları açıqlanandan Rusiyanın keçmiş baş naziri Çernomırdinin sözü beynimdə dolaşır: “Nə etsək də eyni şey alınır: ya Sov.İKP, ya da Kalaşnikov avtomatı”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...