16 may 2019 16:21
89

Tramp Cənubi Koreyaya səfərə gedir

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edəcək.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, prezidentin səfəri iyun ayında gerçəkləşəcək.

ABŞ lideri səfər çərçivəsində Cənubi Koreya prezidenti Mun Cay ilə Şimali Koreyanın nüvə proqramı və Seul-Vaşinqton əməkdaşlığını müzakirə edəcək.

Yonhap agentliyinin informasiyasına görə, Cənubi Koreyaya səfər iyun ayının sonunda Yaponiyada baş tutacaq G20 liderlər zirvəsi üçün bölgəyə təşkil olunacaq səfərin bir parçasıdır.

Cənubi Koreya prezidentinin mətbuat katibi Ko Min-Cunq verdiyi açıqlamada iki liderin Koreya yarımadasının nüvə silahından təmizlənməsi və Cənubi Koreya-ABŞ ittifaqının gücləndirilməsi yolu ilə daimi sülhün təsis edilməsinə dair müzakirələr edəcəyini deyib.

Xəbər Ağ Ev tərəfindən də təsdiqlənib. Lakin səfərin dəqiq tarixi açıqlanmayıb.

Qeyd edək ki, G20 Liderlər zirvəsi Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixində gerçəkləşəcək.

Donald Tramp Cənubi Koreyaya son olaraq 2017-ci ilin noyabr ayında Asiya turu zamanı səfər etmişdi.