16 iyul 2020 10:36
1128

Tovuz döyüşləri: Qəhrəmanlıq salnaməmiz...

Bir neçə gündür ki, davam edən Tovuz döyüşləri haqqında bəzi nəticələrə gəlmək mümkündür. Döyüşlər göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilər də vermişik, düşmənə göz dağı olan igid oğullarımız Vətən torpağının azadlığı yolunda canlarını fəda edir, ancaq murdar düşmənin ayağının torpağımıza dəyməsinin qarşısını mərdliklə alırlar. Qürur hissi keçirirk ki, onlar düşmənə tutarlı cavab verir, dəfələrlə artıq itkilərə məruz qoyurlar. Döyüş meydanında bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəliblər. Ermənistanda cəbhədə hadisələrin belə cərəyan etməsini gözləməyən dövlət başçısı və hərbi rəhbərlik xalqa doğru məlumat verməkdən qaçırlar.

Müdafiə naziri ilə görüşən baş nazir Nikol Paşinyan itkiləri yenə də gizlətməyi tapşırıb. Çünki döyüşdə həlak olan erməni gənclərinin qanı onların əllərinə bulaşır. Məhz onlar gəncləri Azərbaycana ərazilərinin işğalına və terrorlara cəlb edirlər. Xalqının gözünə dik baxa bilməyən, ölüm və yaralanmalarla bağlı statistika ilə möhtəkirlik edən Ermənistan rəsmiləri əslində xalqı deyil, özlərini aldadırlar. Təbii ki, onların “gizlənpaç oyunu” tezliklə faş olacaqdır. Əvvəllcə 2 nəfər polislə 2 əsgərin yaralandığını bildirən erməni mənbələri indi yüzdən çox əsgər və zabitin öldürüldüyü və yaralandığı barədə bar-bar bağırırlar. 2016-cı ilin aprelində və Günnüt əməliyyatları zamanı yaşadıqları xof yenidən başlarının üstünü kəsdirib və “erməni xəstəliyi”nin simptomları özünü yenidən göstərir. Onlar dünyaya haray-həşir salıb yardım istəyirlər, digər tərəfdən, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırlar.

Torpağını qoruyan Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə dözməyən düşmən tərəfdə, xüsusilə Tavus vilayətində erməni ailələri ölkənin içərilərinə doğru qaçmağa çalışırlar. Ermənistanın fövqəladə hallar naziri Feliks Solakyan əhalini sakitləşdirməyə cəhd edərək vəziyyətin daha ağır olacağı təqdirdə hökumətin onları köçürəcəyinə söz verib. Ancaq ordumuzun həmlələrindən qorxmuş ermənilər bunu heç eşitmək belə istəmir, müxtəlif yollarla qaçıb aradan çıxmağa çalışırlar.

Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ehtiyac olmasa da yüz minlərlə soydaşımız döyüşçülərimizə köməyə getmək istədiyini bildirir. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması üçün hamıda döyüşkənlik əhval-ruhiyyəsi hakim kəsilib.

Düşmənimiz görür ki, hətta bizim generallarımız və orta çinli zabitlərimiz öz əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə həlak oldular, amma döyüşçülərimiz üçün, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub getdilər. Biz şəhid oğullarımızın xatirəsini daim əziz tutacağıq.

Əsgər valideynləri fəxr edirlər ki, onların övladları Vətən uğrunda döyüşür. Xətai rayonundan Ağgül Mərdanova bildirir ki, oğlum hərbi xidmətdədir, onunla onda fəxr edəcəyəm ki, düşməndən qisasımızı alsın.

Tərtər rayonunun Qaradağlı kəndinin sakini, Qarabağ müharibəsi veteranı Şəmsi Qasımov deyir ki, kiçik oğlu Murad hazırda ordu sıralarındadır, hərbi xidmətini on il əvvəl bitirmiş böyük oğlu Bəhruzla bərabər özü də döyüşə getməyə hazırdır, təki torpaqlarımız murdar düşməndən təmizlənsin.

Belə faktlar saysız-hesabsızdır. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirir. Bu isə düşmən üzərində qələbənin rəhnidir.

Vəli İlyasov, “İki sahil”