24 aprel 2019 11:47
156

Tıxaclardan necə yaxa qurtarmalı?

Məlum olduğu kimi, aprelin 22-dən etibarən Bakıda növbəti Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Yarışın keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı Bulvar boyunca - Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamətlər  dəyişdirilib.

Bundan başqa, paytaxt sakinlərinə verilən məlumata görə,  Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə yəni (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edir.

Mövcud vəziyyətin  aprel ayının sonuna kimi davam edəcəyi gözlənilir.

Həftənin ilk iş günündə  yola çıxan paytaxt sakinləri,  xüsusilə də sürücülər qarşılaşdıqları  avtomobil tıxacı onlarda  narahatlıq və əsəb yaradıb. İşə, məktəbə, evə tələsən  vətəndaşlara isə   tıxaca düşməmək və ünvana vaxtında çatmaq üçün maarifləndirici məlumatlar və  məsləhətlər gərəkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov  qəzetimizə açıqlamasında bildirdi ki,  bu məsələ ilə bağlı problem və narahatlığı minimuma endirmək üçün  əsas güc həm piyadaların, həm də sürücülərin  üzərinə düşür: "Belə ki, tıxac onsuz da normal günlərdə belə, istənilən halda arzuolunmaz bir vəziyyətdir. Belə bir özəl günlər ərəfəsində isə maksimum ehtiyatlı olmaq lazımdır. Düşünürəm ki,  paytaxt sakinləri nə qədər məsuliyyətli və tədbirli olsalar, bir o qədər yaxşıdır. Fikrimcə,  ünvandan daha  tez çıxmaqda fayda var. Tıxacı, ləngiməni, insan sıxlığını nəzərə almaq lazımdır. Bundan başqa, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, xüsusilə metro və marşrut avtobuslarından istifadəni tövsiyə edərdim. Bu, qısa və müvəqqəti bir dönəmdir və  burada ciddi narahatlığa lüzum yoxdur. Sürücülər isə adi günlərdən fərqli olaraq daha ehtiyatlı və səbrli olmalıdırlar. Əvvəla, fövqəladə  vəziyyət olmadıqca bu günlərdə  şəxsi avtomobildən istifadə etməmələrində fayda var. Yollarda avtomobil sıx olduğundan  yüksək sürətlə hərəkət, xəbərdarlıq nişanlarını yandırmadan dönmə və  ötmə əməliyyatlarından çəkinmək lazımdır. Şəxsi avtomobildən istifadə edən sürücülər  isə  məhdudlaşdırılan  istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir. Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər."

Ekspert, həmçinin tıxacın azaldılması üçün daha bir təklif də irəli sürdü: “Tıxacların azaldılması üçün görüləcək tədbirlər sırasına dayanma-durma qaydaları da aiddir.  Aprelin sonunadək, hərəkət zolağında park olunan avtomobillər əsasən xüsusi dayanacaqlara, yaşayış məntəqələrində mövcud olan  park zolaqlarına köçürülsün. Bu da paytaxt yollarında  hərəkət zolaqlarının qismən  genişlənməsinə şərait yarada bilər. Fikrimcə, ümumiyyətlə, ən rahat metod qısa yollar üçün  piyada, uzun  yollar üçün isə metro  daha uyğundur.  Sürücülər alternativ yollar haqqında  məlumatlı olmalıdırlar. Təbii ki, insanlara  avtomobildən istifadəni tam qadağan etmək olmaz. Sadaladığım isə  sadəcə qabaqlayıcı  tədbirlər nümunəsidir."

Azər Allahverənov sonda onu da əlavə etdi ki, sükan arxasında olan sürücülər  yeniliklərdən operativ surətdə  məlumatlanmalıdırlar: "Kütləvi informasiya vasitələrində elan edilən bütün yeniliklər haqqında məlumatlı olmalıdırlar. Avtomobillərində  quraşdırdıqları  "GPS" , naviqasiya sistemlərindən  yollardaki mövcud  vəziyyətlər; məhdudlaşdırılan hərəkət zolağı, sürət həddi endirilən yollar, tıxacın olduğu ərazilər haqqında informasiya ala bilsinlər. Bu da onlara  fövqəladə vəziyyətlərə düşməməyə kömək edər. Hər halda, nəqliyyat sıx olan yola daxil olub, həm  gərginləşib, həm də  vaxt və  yanacaq itirməkdənsə, yolunuzu bir az uzadıb nisbətən əlverişli yoldan hərəkət edə bilərsiniz. Bütün bunlara xüsusi diqqət olunarsa,  sayılı bu bir neçə gün  daha rahat keçə bilər."

Yaqut Ağaşahqızı, “İki sahil”