05 iyun 2020 11:54
367

Tibbi maska: Koronavirusla mübarizə dönəminin zərurəti

Xəbər verildiyi kimi, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Məlumdur ki, mövcud vəziyyətlə əlaqədar olaraq bir çox ölkələrdə tibbi maskadan, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Pandemiya başlayandan bu günə qədər ölkəmizdə bu məsələyə humanist yanaşılıb, belə cərimələr tətbiq edilməyib. Bu məsələ daha çox vətəndaşların sosial məsuliyyətinin öhdəsinə buraxılıb. Lakin insanlar bu məsələdə də sosial baxımdan məsuliyyətsizlik edib qaydalara riayət etmirlər. Qapalı məkanlarda koronavirusun yayılması daha sürətli olduğu üçün tibbi maskalardan istifadə olduqca zəruridir. Belə məkanlarda maskadan imtina etmək yalnız həmin insanın özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yaradır. Unutmayaq ki, bugünkü gündə, koronavirusun sürətlə yayıldığı, dünya ölkələrini ağuşuna aldığı belə bir dönəmdə tibbi maska sağlamlığımızın ən böyük dəstəkçisi, yardımçısıdır.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də, prosesə ictimai nəzarət və ictimai qınaq vacib şərtlərdən biridir.  Nazirlər Kabineti yanından Operativ Qərargah da vurğulayır ki, virus ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan koronavirusla bağlı hazırkı vəziyyətdə hamı şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum ünsiyyətdə olmağa, mövcud preventiv tədbirlərin şərtlərini yerinə yetirməyə borcludur. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi də mütləqdir.

Aydındır ki, karantin rejimi hər bir insanın həyat tərzinə təsir göstərir, bununla belə tövsiyə edilən addımlara riayət olunmasa, pandemiyanın ikinci dalğası başlana bilər. Mütəxəssislərin sözlərinə görə, xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejiminin yenidən sərtləşdirilməsi, hətta müvafiq məhdudiyyətlərin müddətinin daha da uzadılması mümkündür. Buna görə də bu gün ümumi müsbət mənzərənin pozulmaması hər birimizdən asılıdır. Məhdudiyyətlər azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi, əlbəttə ki, ümumi işin xeyrinə olar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunması xüsusi əhəmiyyət kəsb edir.

Etiraf etməliyik ki, koronavirusla mübarizə dönəmində dövlətin qoyduğu qaydalar, gördüyü tədbirlər və həkimlərin müdaxiləsindən başqa, insanlar da özlərində böyük məsuliyyət hiss etməli, dövlət qurumları, vətəndaşlar həmrəylik, birlik göstərməlidir. Təəssüflər olsun ki, mərhələli şəkildə həyata keçirilən yumşalma tədbirlərindən sonra  bəzi vətəndaşlar heç bir qaydalara əməl etmir, maska taxmır, məsafə saxlamır, virusun olmaması barədə şayiələr yayırlar. Vətəndaşlarımız aprelin sonlarında havaların mülayim olması səbəbindən, karantin tədbirlərinə məhəl qoymadan, sosial qorunma tədbirlərinə əməl etmədən küçələrə axışdılar. Əgər diqqət yetirsək görərik ki, bu artım həm də xəstəliyin daha ağır gedişi ilə xarakterizə olundu. Dəfələrlə ayrı-ayrı mütəxəssislər tərəfindən karantin tədbirlərinin, qoyulan qaydaların pozulmasına görə cəza tədbirlərinin daha da sərtləşdirilə biləcəyi vurğulanıb. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Məhz qaydalara riyaət etməklə, tövsiyələrə əməl etməklə koronavirusdan qoruna bilərik.

Yaqut Ağaşahqızı,

“İki sahil”