13 noyabr 2019 20:00
219

Tibb ilə bağlı qəribə faktlar

Qreypfrut şirəsini dərman qəbulu ilə eyni vaxtda içmək məsləhət görülmür. Onun tərkibindəki furanokumarinlər qanda medikamentlərin tərkibini qatılaşdırır. Yüksək risk qrupuna antiaritmik, antihistamin, hipolipidemik və antitüsiv dərmanlar daxildir. Ümumilikdə ən az 40 dərman preparatının qreypfrut suyu ilə qarışdırılmasının arzuolunmaz təsirləri aşkar edilmişdir.

İntradermal tüberküloz testi və ya dəridə Mantu testi isladıla bilər. Bunun yolverilməzliyi ilə bağlı qadağalar 70-ci illərdə var idi, o zaman isə vərəmə görə Mantu yox, dərini cızaraq, Pirke sınağı edirdilər. Mantu testinin su ilə təması qorxulu olmasa da, onun üzərini kisə ilə sürtmək və ya yara bantı ilə bağlamaq qadağandır.

Afrikadakı “Dorylus” qarışqaları o qədər güclüdürlər ki, yerli insanlar kəsiklərdə onlardan cərrahi məqsədlərlə istifadə edirlər. Tutulan qarışqa yara boyunca dəriyə tətbiq olunur və qoruyucu refleksi sayəsində dəriyə yapışır və bununla da kəsiyi bərkidir.

19-cu əsrin sonlarında böyük şəhərlərdə təcili yardım xidmətləri yarandı. Yataq xəstələrini daşımaq üçün xüsusi insanlar qrupu ayrılırdı. Onları “təcili yardım” adlandırırdılar və bu söz insan qruplarını  maşınlarla əvəz etdikdən sonra da dildə qaldı.

Təbabətin simvolu, qədim yunanlarda sağalma tanrısı olan Asklepiusun çomağının ətrafına dolanmış ilan rəsmidir.  Lakin ABŞ və bəzi digər ölkələrin bir çox tibb təşkilatları səhvən iki ilanla mühasirəyə alınan ticarət tanrısı Hermesin çubuğunu loqotiplərinə yerləşdiriblər. 1902-ci ildə, Hermes çubuğu Amerika ordusunun tibb xidmətinin gerbində də təsvir edilmişdir.

Kiçik səthi yaraların müalicəsi üçün hidrogen peroksidin istifadəsi praktik deyil, çünki yaraya bitişik hüceyrələri zədələyir və beləliklə, sağalma müddətini uzadır. Bu vasitə yalnız antiseptik tətbiqlərdən əvvəl mürəkkəb yaraları çirkdən, qan laxtasından və mikroblardan təmizləmək üçün istifadə edilməlidir.

Müasir stomatologiyanın yaşı elə də çox deyil. Orta əsrlərdə bu işlə ümumi profilli həkimlər və saç ustaları məşğul olurdular. O zamanlar ağrıyan dişi ancaq çəkib çıxarırdılar.

Bir çox məşhur narkotik maddələr əvvəllər dərman kimi istifadə olunurdu. Məsələn, heroin 1898-ci ildə “Bayer AG” alman şirkəti tərəfindən uşaqlar üçün öskürək dərmanı kimi bazara çıxarılmışdı. Apteklərdə onu rahat almaq olurdu. Kokainin tibbi tarixi daha da zəngindir: XIX əsrin ikinci yarısında edilən çoxsaylı təcrübələr alimlərə onu anesteziya və  ağrıya dözümlülüyü artırmaq üçün tövsiyə etməyə əsas verdi. Ziqmund Freyd kokainin xüsusiyyətlərini yoxladıqdan sonra onu depressiya, cinsi pozğunluqlar, sifilis və alkoqolizmə qarşı bir müalicə olaraq təbliğ etdi. Freyd, kokainin asılılıq yaratmadığını iddia edirdi, lakin bu sonradan rədd edildi və kokain tədricən bütün ölkələrdə qadağan olundu.

Ötən əsrdə bir çox ölkələrdə bütün uşaqlarda kor bağırsağı gələcəkdə problem yaratmaması üçün kəsib götürürdülər.  Sonradan məlum oldu ki, kor bağırsaq heç də yararsız orqan deyil. Kor bağırsaq insanın immun sistemində çox vacib rol oynayır.

Qan ən çox adsız barmaqdan alınır, çünki şəhadət və orta barmaqlarla müqayisədə adsız barmaq işdə az istifadə olunur. Üzərindəki dəri daha incə olur, kəsik daha az ağrılı olur.

Elektrokardioqrafın konstruksiyasının ilk variantı 1887-ci ildə London xəstəxanasının işçisi Avqustos Uoller tərəfindən oyuncaq dəmiryol relslərindən hazırlanmışdı.

Penicillinin kəşfinin müəllifləri dünya üzrə o qədər məşhurlaşmışdılar ki, onların şəklini kağız pulların üzərində də görmək olardı. Avstriya, Almaniya, Yaponiya və Şotlandiyada Aleksandr Fleminq, Paul Erlix, Karl Landşteyner və Hideyo Noqutinin portreti banknotların üzərində çap edilirdi.

Bütün ömrüboyu insan orqanizmində 450 kq qırmızı qan hüceyrəsi hasil edilir.

İnsanların hamısı əslində mavi gözlüdürlər. Müxtəlif rəng tonları insanda hasil edilən melaninin həcmindən asılı olaraq yaranır. Ən çox melanin qəhvəyi gözlü insanlarda, ən az isə açıq rəngli gözə malik insanlarda hasil edilir. Buna görə də, əksər uşaqlar boz-mavi rəngli gözlərlə doğulur, 1,5-2 il keçdikdən sonra gözlərinin rəngi dəyişərək öz genetik rənginə keçirlər.

Bu faktla əsaslanaraq, artıq həkimlər lazer proseduru ilə göz rənginin korreksiyasını da həyata keçirirlər. Bəbəkdəki melanini təmizləməklə 1 dəq içərisində qəhvəyi gözü mavi gözə çevirmək mümkündür.

Göz hərəkəti əzələləri orqanizmdə ən sürətli əzələlərdir. Göz qırpma prosesi 100 millisaniyə çəkir və ya 1 saniyədə 5 dəfə baş verir.

Qədim Çində həkimlər yalnız xəstələri tamamilə şəfa tapdıqdan sonra maaş alırdılar. Beləcə, həkimlərin diaqnozun düzgün qoyulmasında və müalicənin səmərəliliyində maddi marağı olurdu.

Hazırda xəstəlikdən qorunmaq üçün insanların gigiyenik maskalardan istifadə etdiyini görürük. Min illər qabaq qədim Çində insanlar bu məqsədlə boyunlarından içərisi müxtəlif müalicəvi otlarla dolu kisələr asırdılar və həmin otların ətirləri tənəffüs sisteminə daxil olaraq, sinir və immun sistemini qoruyurdu.

Müasir sanitariyanın vətəni Qədim Misir sayılır. Orada insanlar gigiyenaya ciddi əməl edir, öz xarici görünüşlərinin qeydinə qalır, saçlarını, dırnaqlarını vaxtı-vaxtında kəsir, gündə iki dəfə yuyunurdular.

Fironun beyin sümüklərini təhlil edən alimlər bu fikrə gəliblər ki, Qədim Misirin ən tanınmış fironlarından olan Tutanhamon 18 yaşında vərəmdən dünyasını dəyişib.

Qədim Misirdə cərrahiyyə alətləri bürüncdən və gümüşdən hazırlanırdı.

Həm insanlarda, həm də heyvanlarda əsnəmə yoluxucudur. Bu yoluxucu davranış psixoloqları daim maraqlandırır.

Nubar Süleymanova, “İki sahil”