11 avqust 2020 14:02
412

“The Korea Post” jurnalı Azərbaycanın qazandığı nailiyyətlərdən yazıb

“The Korea Post” jurnalı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlərdən yazıb

Cənubi Koreyanın “The Korea Post Media” qrupuna aid eyniadlı jurnalın sonuncu (iyul) buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunub.

Jurnalın üz qabığında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Koreya Respublikası Prezidenti Mun Ce-inin fotoşəkilləri verilib.

"Azərbaycan xalqı 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini fəxrlə, haqlı olaraq təsis edib" adlı məqalədə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, onun dövlətçilik tariximizdəki rolundan bəhs olunub.

Bildirilib ki, Xalq Cümhuriyyəti daxili və xarici çətinliklərə baxmayaraq, səmərəli dövlət təsisatları yarada, vətəndaşlarının hüquqlarını təmin edə, beynəlxalq birliyin etimadını qazana bilib. Qısa dövrdə parlamentdə qadınların seçki hüququnun təmin olunması haqqında qanun da daxil olmaqla 200-dən çox qanun qəbul edilib.

Təəssüflə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyətin müstəqilliyinə son qoyulub və Azərbaycan təxminən 70 il ərzində keçmiş Sovet İttifaqının tərkibində olub.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndə Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.

Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında son illər qazandığı nailiyyətlərdən və beynəlxalq təşkilatların hesabatlarında bu uğurların əks olunmasından söz açılıb, əhalinin rifahının yaxşılaşması, infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlər sadalanıb. Məqalədə Ermənistanın hərbi təcavüzü və onun acı nəticələri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın turizm potensialı barədə məlumat verilib.

Bundan başqa, məqalədə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərdən də ətraflı bəhs olunub. //AZƏRTAC