23 aprel 2019 10:46
181

Texnoloji virusların hekayəsi və təhlükəsi

Texnoloji vasitə istifadəçilərinin ortaq dərdi  hesab edilən və hələ də tam çıxış yolu tapılmayan viruslar, bu sahənin hər zaman aktual mövzusu olub. Onlara qarşı minlərlə  qoruyucu və müdafiə tədbirləri görülsə də, hələ ki,  bu texnoloji təhlükənin qarşısı tam alınmayıb.

Bəs viruslar  hansı təhlükələr yaradır?

Texnoloji vasitələr qədər yaşı olan  bu viruslar “qurbanları” üçün çox ciddi problemlər və narahatlıqlar doğururlar. Belə ki, telefon, kompyuter, planşetiniz virus modellərindən hər hansı birinə yaxalanıbsa, o zaman sizin sənədə, şəkil, musiqi, şəxsi məlumatlarınız bir sözlə, yaddaş kartınızda olan  bütün  materiallar silinir. Telefonunuz  format olunur, yəni  bütünlüklə sıfırlanır.

Virusların hekayəsi: necə yarandılar və  yayıldılar?

Viruslar ilk olaraq kompyuter  sistemində mövcud  olublar. İllər keçdikcə, artıq mobil telefon, planşet və digər texnoloji vasitələrdə yaranmağa başlayıblar. 1944-cü ildə virus sözünü dövrün tanınmış  riyaziyyatçılarından olan   Con Von Neyman (John von Neumann) işlədib. Neyman  viruslara belə bir tərif vermişdi : “ Virus: heç kimə və heç nəyə ehtiyacı olmadan sərbəst çoxala bilənlər.” Virusların sonrakı fəaliyyətinə nəzər salsaq görərik ki, onlar sərbəstliyi və sürətliliyi  ilə fərqlənirlər. 1960-cı ildə Kriper (Creeper) virusu yarandı.  Bu virus kompyuter ekranında görsənirdi və ingiliscədən tərcümədə “mən Kriperəm, tuta bilirsənsə, tut məni” cümləsi yazılırdı.  Virus olaraq ilk olsa da, kompyuter üçün  xüsusi və ciddi bir təhlükə yaratmırdı. 1974-cü ildə kompyuter sistemi üçün təhlükə yaradan  Vabit (Wabit) adlı virus  yarandı. Bu virus ilklərdən fərqli olaraq həm sürətli idi, həm də bütün sistemə yayılmayana qədər dayanmırdı. 1981-ci ildə isə tarixə  ilk əsl kompyuter virusu kimi  qeyd olunmuş  Elik Kloner (Elk Cloner) adlı virus oldu.  15 yaşlı  Riç Skrenta( Rich Screnta) tərəfindən yaradılıb.  Əslində virus məqsədi üçün yaradılmasa da, sonralar texnoloji sistem üçün əsl təhlükə mənbəyi oldu.

1995-ci ildən isə  “Windows”  sisteminin yaranması və artıq kompyuterlərin vahid sistemə qoşulması virusların yayılma sürətini daha da artırdı. 1995-ci ildən  makro  və elektron poçtla yaranan yayıla bilən viruslar yarandı. 2006-cı ildən isə viruslar təkcə kompyuterləri deyil, mobil telefonları da “hədəfinə” aldı. Müasir dövrdə isə viruslar əsasən  “Windows”, “Android”, “İOS” sistemlərində yayılırlar.

Müasir viruslardan hansını tanımalı?

Zombiye( Zombie) -  2010-cu ildə Çində yaranıb.  Əsasən mobil telefonlarda yayılan bu virus  qısa mesajlar göndərməyə başlayır. Belə ki, hiyləyə görə  istifadəçi mesajda göstərilən  linkə toxunmaqla “pul” qazana bilər. Nəticədə virus bir milyondan  çox mobil telefonu istifadəyə yararsız hala gətirib. Eyni ildə İranda yaranan Stuksnet(Stuxnet) virusu və İspaniyada yaranan Mariposa virusudur. Bu kompyuter virusu 190 ölkədə 12,7 milyon kompyuterin fəaliyyətinə son qoyub. Kompyuterlə yanaşı, istifadəçilərin bank kartlarının şifrələrini  istəyərək, onlara da “müdaxilə” edə bilirdi. Konfiker (Conficker) adlı virus iki yüzə yaxın ölkədə yayılıb və on milyonlarla kompyuterə “yoluxmuşdu”.  Bütün dövrlərin ən təhlükəli virusu sayılıb.  Sistemə düşdüyü ilk anda həmin sistemin təhlükəsizlik və  güvənlik məlumatlarını”deşifrə” edirdi. Hətta çox önəmli sistemlərə də yoluxub; “ Fransız Donanması,  İngiltərə Müdafi sistemi və s.” Müasir dövrün ən “yırtıcı”  kompyuter virusudur.

Bəs viruslardan necə qorunmalı?

Təbii ki, təhlükə mənbəyi sayılan viruslardan qorunmaq üçün bir çox antivirus proqramları var. Amma  istifadəçi sırf bu proqramlara arxayın olub,  sərbəst və rahat olmamalıdır. Çünki qoruyucu proqramlar olsa belə, hər reklam linkinə, oyunlara, mesajlara təsdiq cavabı  vermək və daxil olmaq olmaz. Bu halda siz ünvanınızı öz əlinizlə virusa təqdim etmiş olursunuz. Rəsmi olmayan, ictimaiyyət üçün nəzərdə tutulmayan  sayt və elektron səhifələrdən  yükləmələr etməyin. Ən əsası isə onlayn hesablarınızın gizlilik şərtlərinə əməl edin. Xüsusilə hesabınızın kodu, bank kartlarınızın kodunu  təqdim edib, təsdiqlətməmişdən öncə  diqqətlə  düşünün. Bütün bu qaydaları gözləməsəniz,  kompyuterin müdafiəsi üçün yüklədiyiniz antivirus proqramlarının da heç bir önəmi olmayacaqdır. Qeyd edək ki, ən azı ildə bir dəfə kompyuterinizi format edib sıfırlamalısınız. Bu zaman kompyuteriniz yenilənəcək. Əks təqdirdə kompyuterə yayılan virus bütün məlumatlarınızı siləcək. Yaxşı olar ki, siz daha əvvəl tədbir görüb bunun qarşısını alasınız. Ona görə də kompyuterinizdən internətə daxil olduqda diqqətli olun. Virus yoluxması təkcə kompyuteri təmirə yönləndirmir, həm də sizin şəxsi məlumatlarınızın güvəndə olmadığını bildirir.

Hansı antivirus proqramları  olmalıdır?

“Add-Aware Free”

Pulsuz antivirus proqramıdır və cihaza zərər verəcək proqramlara qarşı çox təsirli bir antivirus proqramıdır. Sizə internet, email və şəbəkə qoruması təqdim etməsinin yanında anlıq qoruma da təmin etməkdədir.

“Avast Free”

İnternet qoruması, e-poçt nəzarəti, oyun rejimi və başqa funksiyaları özündə birləşdirən  pulsuz antivirus proqramıdır, lakin digər məşhur antivirus proqramları kimi bəzi funksiyaları yalnız ödənişli versiyasında aktivdir.

“AVG Free” 

Etibarlı olmayan əlaqələri, endirmələri və e-poçt faylları sürətli şəkildə gözdən keçirməyə imkan verir.

“Avira Free”

Tamamilə ödənişsiz antivirus proqramıdır. Web qoruması, e-poçt qoruması və s. xüsusiyyətləri pulsuz şəkildə istifadə edə bilərsiniz.              

“Bitdefender”

 Kompyuterinizin sürətini aşağı salmadan müdafiəsini təmin edir. Bütün web, e-poçt və mesajlaşma məlumatlarını hər saat yoxlayır və virus aşkar etdikdə onu məhv edir.

“ESET NOD32”

Antivirus olaraq uzun müddətdir hamı tərəfindən tanınmasıyla diqqəti çəkir və öz işini layiqincə yerinə yetirir. Kompyuterdə hər saat yoxlama apararaq aşkar etdiyi virusları birbaşa məhv edir.

“Kaspersky” 

Bu  proqram bir çox zərərli proqramlara qarşı tədbirlər alır və onları təsirsiz hala gətirir. Mükafat almış çox az antivirus proqramlarından biridir.

Yaqut Ağaşahqızı, “İki sahil”