07 yanvar 2019 10:47
2577

Texnoloji vasitələr gözlərimizə ziyandırmı?

Mütəxəssislər birmənalı şəkildə “bəli” deyirlər

Son illər  texnoloji alətlərin yenilənməsi, təkmilləşdirilməsi insanların onlardan daha çox istifadə etməsinə zəmin yaradır. Texnologiyanın əsas hissəsi olan kompyuter, telefon, planşet və onlardan aşırı dərəcədə asılılıq hallarının artması zaman keçdikcə ciddi problemlərə səbəb ola bilər. Bu lazımsız aludəçilik insan  orqanizmi üçün çox zərərlidir. Bəli, təkcə gözlər üçün deyil, bütövlükdə sağlamlığımız üçün təhlükə mənbəyi hesab olunur. Bu məqamda Nizami Gəncəvinin məşhur bir misrası yada düşür:

Bir inci saflığı varsa da suda,
Ar tıq içiləndə dərd verir o da.

Ekspertlər bu mövzu ilə bağlı  “İki  sahil” qəzetinə  açıqlamalarında bir sıra vacib məqamlara aydınlıq gətirdilər. Onlar, eyni zamanda, gözlərimizin sağlamlığını qorumaq üçün dəyərli tövsiyələrini verdilər.

Azərbaycan Tibb Universiteti ( ATU) Tədris terapiya klinikasının həkim-oftalmoloqu Vəfa Abbasovasının  sözlərinə görə, müasir dövrdə  insanların yaşamını, iş həyatını kompyutersiz, internetsiz, telefonsuz təsəvvür etmək mümkün deyil. Bu vasitələrdən səmərəli və ya sui-istifadəni də danmaq olmaz. Bunun da təəssüflər olsun ki, yan təsirləri özünü göz sağlamlığında büruzə verir: “Ən çox rast gəlinən əlamətlər isə  refraksion dəyişikliklər və quru gözdür. Bu zaman gözlərimiz məcburi olaraq yaxına həddindən çox akkomadasiya edir. Bu səbəbdən  də  gözlər daim yaxına baxır.  Bu da öz növbəsində gözlərdə astenopiya əmələ gətirir. Astenopiya gözün yorğunluğu deməkdir. Belə gözlər daimi ağırlıq hissindən, gözətrafı ağrılardan, yorğunluqdan əziyyət çəkirlər. Digər problem isə gözlərdə quruluq hissinin yaranmasıdır. Bu zaman gözlərdə yanma, batma, göynəmə hissi yaranır. Gözlərimizi bir dəqiqədə orta hesabla  16-18 dəfə qırpırıq. Hər qırpma gözlərimizi nəmləndirir və qidalandırır. Ekranlara baxış zamanı bu say azalır və gözlərdə quruluq  hissi yaranır”.

Oftalmoloq bildirdi ki, ehtiyac olmadıqda maksimum dərəcədə kompyuter, telefon, planşetlərdən uzaq durmalıyıq. İstifadə zamanı isə müəyyən fasilələrin edilməsi labüddür. Fasiləsiz açıq qalıb, şüalı ekrana zilləyən zaman gözün ön hissəsində göz yaşı pərdəsi artıq parçalanır və gözü nəmləndirmə qabiliyyətini itirir. Belə olanda isə quruma prosesi  gedir,  həmin o pərdə öz tamlığını itirir  və gözün nəmliliyini qoruyub saxlaya bilmir.

V.Abbasovanın qənaətinə görə, gözlərimizin sağlamlığını qorumaq, narahatlığı  aradan qaldırmaq üçün, həkimə  müraciət etmək,  mütəxəssis məsləhətlərini  nəzərə almaq  önəmli məqamdır. Kompyuterdən, planşetdən, telefondan yerli-yerində istifadə etsəniz, müalicəvi, qabaqlayıcı tədbirlər görsəniz, o zaman sağlamlığınız üçün ciddi bir problem yaranmaz.

“Spero Hospital”ın oftalmoloq-cərrahı Anar Abdullayev isə bildirdi ki, texnoloji alətlərdən düzgün istifadə qaydası ümumilikdə insan orqanizminin sağlamlığı üçün çox önəmli  məqamdır. Kompyuter və telefondan həddindən artıq çox istifadə olunması göz quruluğu, yorğunluğu, fokusun çətinləşməsi, bulanıq görmə kimi arzuolunmaz halların  yaranmasına gətirib çıxarır: “Uzun müddət kompyuterin monitoruna, telefonun ekranına baxdıqda göz qırpma yaddan çıxır, buna səbəb isə fikirimizin oxunan və ya baxılan materialda olmasıdır. Nəticədə, göz quruluğu adlı bir hal yaranır. Onun əlamətlərinə gözdə yanğı, quruluq hissi, arabir isə əksinə, kəskin sulanma, yaş axma halları daxildir. Bu halın əlamətləri gözdə qızartının olması, qıcıqlanması, küləkli havada çox  miqdarda su  ifraz edilməsidir. Göz quruluğunun qarşısını almaq üçün tez-tez göz qırpmaq, göz qırpma aktlarını icra etmək lazımdır ki, gözümüzün ön səthi  nəmlənsin və yaxud da əlavə nəmləndirici damlalardan istifadə olunmalıdır”.

Ekspert, həmçinin  diqqətə çatdırdı ki,  bu cür halların azalması və qarşısını almaq üçün bir sıra tədbirlər görmək   lazımdır:  “Müntəzəm olaraq kompyuter, telefon və digər texnoloji alətlərdən istifadə edən insanlar fasilə etməyi unutmamalıdırlar. Dayanmadan saatlarla eyni nöqtəyə baxmaq, dayanmadan qaçmaq kimidir. Yarana biləcək göz yorğunluğunun qarşısını almaq  üçün fasilələrlə baxmaq lazımdır. Gözümüzün içindəki bülluru  yaxına fokus edən əzələlər vardır ki, uzun müddət baxdığımız zaman həmin əzələlərə spazma girir və xəstənin gözlərinə ağırlıq çökür. Bu hala uşaqlarda daha çox rast gəlirik. Ona görə də  uşaqlar kompyuter,  telefon, planşetdən daha  az istifadə etməlidirlər.

Hətta tibbdə “20-20-20” adlı standart var ki,  ondan da faydalanmaq olar. Bu standartın açıqlaması odur ki, hər iyirmi dəqiqədən bir  iyirmi metr uzaqlıqda bir predmetə iyirmi saniyə ərzində  baxmaq lazımdır.  Kompyuter arxasından qalxıb  kiçik bir gəzinti etmək  və ya  bir neçə dəqiqəlik  kompyuterin ekranını  söndürməliyik.

Diqqət etməli olduğumuz digər bir məqam  kompyuter ekranının yerləşmə vəziyyətidir. Fasiləsiz yaxın məsafəyə baxmaq göz üçün stress faktorudur. Gözdə yorğunluq yaranır. Bunun elmi adı astenopiyadır. Bu zaman gözün daxilindəki əzələlərdə spazma  baş verir. Uzağa baxanda da bu gərginlik mövcud olduğu üçün göz yorulur. Ekranın ən hündür nöqtəsi və  insan gözü  eyni səviyyədə olmalıdır. Monitor ilə aramızdakı məsafə ən azı 50-60 sm  olmalıdır. Kompyuterin ekranı 90 dərəcə bucaq altında deyil,  10-15 dərəcə arxaya maili  vəziyyətdə dayanmalıdır. Bu halda göz əzələlərimiz daha rahat vəziyyətdə olur. Ekran işığından istifadə zamanı parlaqlığı  düzgün ayarlamalıyıq, çünki  çox parlaq ekranda oxumaq və yazmaq düzgün deyil.  Ekranın işıqlanması ilə otağın işıqlanması eyni olmalıdır. Monitoru təmiz saxlayın. Üzərindəki toz qatına fikir verin.Tez-tez xüsusi qoruyucu vasitələrlə mövcud toz təbəqəsini silin”.  

Oftalmoloq xüsusilə qaranlıq otaqda kompyuter, telefon, televizor ekranına baxılmasını  gözlərimiz üçün zərərli hesab edir: “Onların ekranı işıqvermə qabiliyyətinə malikdir ki, bu işıq “blue light”, yəni “göy işıq” adlanır. Qaranlıqda həmin işıq göz dibindəki  retina qişasını, oradakı hüceyrələri zədələyir. Bu, müəyyən müddətdən sonra  görmə itiliyinin azalmasına  səbəb olur.”

Yaqut Ağaşahqızı, “İki sahil”