Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Təşvişə deyil, ehtiyatlı davranmağa ehtiyac var

10 mart 2020 20:37
2535

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir

Koronavirus - böyük virus ailəsidir. Əvvəllər bu virus insanlara yoluxmurdu və heyvanlarda rast gəlinirdi. Hazırda insanları da yoluxdurduğuna görə adətən, buna “yeni koronavirus” deyirlər. Xəstəlik mənbəyinin dəniz heyvanları olduğu ehtimal edilir. Amma yoluxma mexanizmi tam bəlli deyil. Yəni virusun insanlara hansı heyvanlardan keçdiyi dəqiq bilinmir, amma virusun insandan insana keçdiyi dəqiqdir. Məlum olduğu kimi, koronovirus yoluxmasının əlamətləri qrip xəstəliyini xatırladır: Qızdırma, öskürək, nəfəsalmada çətinlik, burundan axıntı gəlməsi... Ağırlaşma hallarında yoluxma ağciyər iltihabına, ağır respirator sindromuna və böyrək çatışmazlığına gətirib çıxara bilir. Ölüm halları adətən, boğulma nəticəsində baş verir. Ağ ciyəri yoluxduran virus nəfəsalmanı çətinləşdirir ki, nəhayət, boğulma nəticəsində ölümə gətirib çıxarır.

Diaqnostika zamanı əvvəlcə insanın xəstəlik yayılan ərazilərdə olub-olmadığı dəqiqləşdirilir. Amma yekun nəticə nəfəs yollarından gələn axıntının laborator qaydada analizi nəticəsində ortaya çıxır. Hazırda bu xəstəliyə qarşı peyvənd yoxdur. Xəstəliyin standart müalicəsi üsulu hələ elmi cəhətdən mövcud deyil. Xatırladaq ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini əhatə edib və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Azərbaycanda isə koronavirusun yayılması ilə bağlı vəziyyətə ciddi nəzarət edilir. Bununla bağlı bu günlərdə Goranboy Rayon Xəstəxanasının açılışında fikirlərini bildirən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, hazırda dünya gündəmini zəbt edən koronavirus məsələsi Azərbaycanda ciddi nəzarət altındadır: “Mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.

Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı dövlət başçısının göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Eyni zamanda, uşaqları, yeniyetmələri qorumaq üçün tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb. Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Digər tərəfdən, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır. Bütövlükdə, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atdı. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancının İTV-yə müsahibəsində vurğuladığı kimi, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərir. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirilib, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırılıb, bütün informasiyalar paylaşılıb. Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşıb, Ümumdünya Səhiyyə Təşkilatını əhalini məlumatlandırıb, məlumat azlığının əhali arasında təşviş yarada biləcəyi tam nəzərə alınıb.

Beləliklə, Azərbaycanın aidiyyəti orqanları çox ciddi tədbirlər həyata keçirirlər, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. İranla sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir, hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyasından ilkin testləri alıb və bütün ölkələrə göndərib. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq bildirib: “Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur.”

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?