15 aprel 2019 17:08
145

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulub

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin hər yerində yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində  41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində işlər aparılıb. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınlıqda olan asfalt-beton qarışığı ilə salınıb.

Mövcud suötürücü borular sınaraq və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.

Yenidənqurma işlərinin aparıldığı 17 km-lik hissənin təqribən 4 km-i Tərtər şəhər ərazisinə düşür. Anoloji işlər burada da aparılıb. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilib. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min p-metrdən çox yeni səki daşı düzülüb.

Ümumilikdə layihə çərçivəsində 12 avtobus dayanacağı inşa edilib. Yol boyu hərəkətin norma təşkili üçün yol nişanları, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşaq, ən əsası 4 respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.